Hikmət Babaoğlu: “İsa Qəmbər heç vaxt ciddi siyasətçi olmayıb”

Hikmət Babaoğlu: “İsa Qəmbər heç vaxt ciddi siyasətçi olmayıb”

"2010-cu il Azərbaycan mətbuatının tarixində əlamətdar hadisələrlə yadda qalıb". Bunu SİA-ya açıqlamasında "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib. Onun sözlərinə görə, bu il Azərbaycan mətbuatının yaradılmasının 135 illik yubileyi keçirilib: "Yubiley ərəfəsində, ondan sonra da Azərbaycan dövlətinin himayəsi və qayğısı daim mətbuatın üzərində olub. Prezidentimiz 135 illik yubileyin təntənəli şəkildə qeyd olunmasını təşkil etməklə bir daha mətbuatın ən böyük dostu olduğunu sübut edib. Müstəqil mətbuatın inkişaf tarixində baş verən proseslərə diqqət etsək bəzi hallarda yüksələn xətlə, bəzi hallarda isə tənəzzülü müşahidə edilib. Son 20 il ərzində müstəqilliyimiz tarixində mətbuatın öz məcrasından çıxdığı jurnalist peşəsinin və peşə nüfuzunun aşağı endiyi müşahidə edilib". Bunun bir sıra səbəblərinin olduğunu diqqətə çatdıran H. Babaoğlu bildirib ki, bu cəmiyyətdə baş verən ictimai proseslərlə, siyasi qütbləşmələrlə əlaqədardısa, digər bir qismi isə mətbuatın maddi vəziyyətinin qənaətbəxş olmamasıdır: "Nəticədə bütün bu baş verənlər radikal müxalifətin bəzi mətbuat orqanlarını öz təsiri altına alaraq onlardan istifadə etməsi mətbuat-dövlət, mətbuat-cəmiyyət münasibətlərinə mənfi təsir göstərir. Belə bir şəraitdə Azərbaycan Respublikası prezidentinin bütün mətbuat orqanlarına eyni baxması onların maddi problemlərinin həlli ilə bağlı hamıya bərabər şamil olunacaq addımlar atması və ciddi ölçüdə mətbuatın problemlərini həll etməsi müstəqil Azərbaycan mətbuatını yeni keyfiyyət mərhələsinə daşıyıb. Bütün mətbuat orqanlarına dövlət tərəfindən maliyyə yardımı göstərilir. Bu isə əvvəlki illərdə formalaşmış bəzi neqativ ənənələri mətbuat-cəmiyyət münasibətlərindən sıxışdırmağa başlayıb. Hesab edirəm ki, bu prosesin özüdə müstəqil mətbuatın inkişafında növbəti bir keyfiyyətdir. Ən önəmli hadisələrdən biridə 2010-cı il ərəfəsində baş verən bu prosesləri təhlil etməyi, prezidentin diqqət və qayğısını qiymətləndirməyi bacaran mətbuat orqanlarının məhz 2010-cı ildə prezident İlham Əliyevi mətbuatın dostu seçməsidir".

Hikmət Babaoğlu onu da qeyd edib ki, Müsavat başqanı İsa Qəmbər heç vaxt Azərbaycan cəmiyyətində ciddi bir siyasətçi kimi qəbul edilməyib: "Heç bir ciddi siyasətçi belə bir addım atmaz. Təəssüflər olsun ki, siyasətçilər arasında atılan belə addımlar tək Azərbaycanın siyasi palitrasında mənfi tendensiyalar yaratmır, eyni zamanda siyasətçilər və mətbuat arasında da mənfi tendensiyalar yaradır. Bu nə siyasətçi keyfiyyətlərinə, nə də mətbuat etikasına yaraşmır. Bu Azərbaycan mətbuatının təhqir olunmasıdır. Necə olur ki, mükafatı o alanda yaxşı olur, eyni mükafat yekdilliklə başqa bir siyasətçiyə veriləndə o bundan imtina edir. Bu qərəzli, siyasi və şəxsi eqoizmdir. Bu münasibətləri mənfi istiqamətə yönəldən bir addımdır. Məhz İsa Qəmbərin bu addımını həmkarlarımız əsla təqdir etməyəcəklər. Bu şou yaratmaq və gündəmdə qalmaq üçün atılan bir addımdır".

Bütün xəbərlər Facebook səhifəmizdə