Rusiya Ermənistana ağır siyasi zərbə hazırlayır ANALİTİK

Rusiya Ermənistana ağır siyasi zərbə hazırlayır ANALİTİK

Paşinyan hakimiyyəti çıxılmaz vəziyyətdə

Ermənistanda baş vermiş siyasi dəyişiklik ilk növbədə bu ölkənin Rusiya ilə münasibətlərinə ciddi xələl vurdu. Belə ki, Nikol Paşinyanın küçə siyasəti - yəni “məxməri inqilab” adı altında reallaşdırdığı qiyam zamanı onun anti-Rusiya xarakterli çıxışlar etməsi artıq öz nəticələrini göstərməyə başlayıb. Çünki köhnə sistemin Rusiyameylli siyasətindən fərqli olaraq, mövcud iqtidar istər dolayı, istərsə də birbaşa yollarla uzun illər bu ölkəni ayaqda saxlamış Rusiyanın əleyhinə çıxışlar edir. Əbəs deyil ki, KTMT və Avrasiya ittifaqı kimi qurumlarda belə, ermənilərin ciddi tərəfdaş kimi qəbul edilməməsi son günlər ən çox müzakirə edilən mövzuya çevrilib.

Başqa tərəfdən, o da sirr deyil ki, Ermənistanın mövcud hakimiyyətinin əsas siyasi dəstəyi Qərbdən, əsasən də ABŞ-dan gəlir. Söz yox ki, bu fakt Rusiyanı qəzəbləndirməyə bilməz. Daha bir maraqlı məqam, ABŞ-ın Bolqarıstan vasitəsi ilə Ermənistanı silahla təchiz etməsi xəbəridir. Çünki son bir neçə gündə, Türkiyə üzərindən keçməmək şərti ilə, əsasən, Stavropol vilayəti üzərindən uçan Bolqarıstana aid yük təyyarələri Yerevanın Zvatrnots hava limanına enib və bu barədə sosial şəbəkələrdəki hərbi xarakterli qruplar yazıblar.

Belə olan vəziyyətdə, son günlər Rusiya XİN və aparıcı siyasi dairələri Ermənistanın apardığı siyasətə qarşı sərt mövqedən çıxış etməkdədirlər. Məsələn, Rusiya Xarici işlər nazirinin müavini Qriqori Karasin yeni Ermənistan rəhbərliyinin ABŞ-dan gələn şantaj və təzyiqlərə qarşı çıxmaq üçün özündə cəsarət tapacağına, müstəqil qərar qəbul edəcəyinə ümid etdiyini bildirmişdi. Karasin bu il Ermənistanda baş verən radikal dəyişikliklərin fonunda Vaşinqtonun ölkənin daxili və xarici işlərində müdaxiləsinin açıq müstəviyə çıxdığını da deyib.

Eyni zamanda, Rusiyanın XİN rəhbəri Sergey Lavrov, ABŞ-ın Ermənistanda hərbi məqsədli laboratoriyalarının mövcudluğu ilə bağlı üstüörtülü də olsa fikir bildirmişdi. Məhz bundan sonra, Ermənistanda xarici hərbi obyektlərin və hərbçilərin fəaliyyətlərinin dayandırılmasına dair sənəd məsələsi ortaya çıxarıldı. Bu kimi faktorlar isə artıq Rusiyanın Ermənistana qarşı ağır siyasi zərbə vurması ehtimallarını axtarır.

Maraqlısı da budur ki, belə bir ziddiyyətli ab-havada erməni tərəfi guya ki, “müstəqil siyasət” yürütdüyünü nümayiş etdirməyə cəhd edir. Yəni aşkar şəkildə Rusiyaya qarşı rəsmi şəxslərin fikirləri, bəyanatları irəli sürülür. Məsələn, Ermənistan XİN-nin mətbuat katibi Anna Nağdalyan Rusiya XİN-nin müavini Qriqori Karasinin səsləndirdiyi fikirlərə cavab verib. “Ermənistan müstəqil dövlətdir, istənilən ölkə ilə əlaqə qura bilər”, deyə qeyd edən Nağdalyan əslində sözügedən bəyanatı ilə münasibətlərin daha da gərginləşməsinə şərait yaradıb.

Yeri gəlmişkən, bu ilin oktyabrında Yerevana səfər edən ABŞ Prezidentinin təhlükəsizlik üzrə müşaviri Con Bolton Ermənistan rəhbərliyini ənənəvi münasibətlərdən xilas olmağa çağırmışdı. Ermənistanda anti-Rusiya siyasətinin prioritetə çevrilməsi də məhz həmin çağırışdan sonra vüsət alıb.

Söz yox ki, Ermənistanın hakimiyyət dairələrinin rəsmi şəxslərinin bənzər bəyanatlarının səslənməsinə əsas “dobronu” məhz baş nazir vəzifəsini icra edən Nikol Paşinyan verir. Belə ki, o da öz növbəsində jurnalistlərlə söhbətində Karasinin bəyanatına qarşılıq olaraq, guya Ermənistanın müstəqil siyasət apardığını deyib. Lakin ən maraqlısı, onun Sergey Lavrovun məlum bəyanatına olan cavabıdır. Paşinyan Lavrovun Rusiyanın Ermənistan ərazisində xarici hərbçilərin və obyektlərin fəaliyyətlərinin dayandırılması ilə bağlı iki ölkə arasında sənədlərin hazırlanması bəyanatını yalanlayıb. Yəni belə çıxır ki, Nikol Paşinyan Sergey Lavrovun yalan danşdığını iddia edib. SİA 1in.am-a istinadən xəbər verir ki, Paşinyan bu dəfə mövcud sənədin Ermənistanın köhnə hakimiyyəti ilə razılaşdırıldığını bildirib. “Mövcud razılaşma Ermənistan hakimiyyəti ilə keçmişdə müzakirə edilib, ancaq rusiyalı həmkarlarla bizim hakimiyyətimiz arasında müvafiq razılaşma olmayıb”, Paşinyan deyib.

Artıq, Nikol Paşinyanın bu kimi davranışları erməni mətbuatında və ictimai rəyində də narahatlıq doğurmağa başlayıb. Adıçəkilən erməni saytının şərh bölməsində qeyd olunur ki, Nikol Paşinyanın cavabı Ermənistanı təhlükəli riskə doğru sürükləyə bilər. Hətta bu məsələnin Dağlıq Qarabağ münaqişəsi və ətrafına da təsir edəcəyi iddia olunur. Daha dəqiq desək, Paşinyanın “cəsarətli” anti-Rusiya xarakterli bəyanat və çıxışları sonda Rusiyanın bu hakimiyyətə ağır siyasi zərbə vuracağı ilə nəticəsini tapacaq.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə