Cəmaləddin Quliyev: “İsa Qəmbər “Jurnalistlərin dostu” mükafatından imtina etməklə jurnalistlərin dostu olmadığını göstərib” - MÖVQE

Cəmaləddin Quliyev: “İsa Qəmbər “Jurnalistlərin dostu” mükafatından imtina etməklə jurnalistlərin dostu olmadığını göstərib” - MÖVQE

"İsa Qəmbər "Jurnalistlərin dostu" mükafatından imtina etməklə jurnalistlərin dostu olmadığını göstərib". SİA-ya açıqlamasında bu sözləri "Paritet" qəzetinin baş redaktoru Cəmaləddin Quliyev Müsavat başqanı İsa Qəmbərin "RUH" Azərbaycan Jurnalistləri Müdafiə Komitəsindən 2001-ci ildə aldığı "Jurnalistlərin dostu" mükafatından imtina etməsinə münasibət bildirərkən deyib.

 

1990-cı illərin əvvəllərində Müsavat başqanının tanınmış müxalifət qəzetləri ilə əlaqəsini kəsdiyini deyən baş redaktor bildirib ki, İ.Qəmbərin bu addımı onu mükafata layiq bilən təşkilata, eyni zamanda digər jurnalistlərə hörmətsizlik edib: "İ.Qəmbər 1990-cı illərdə müxalifətin ən tanınmış qəzetlərindən olan "Azadlıq", "Hürriyət" və digər qəzetlərə müsahibə, açıqlama verməkdən imtina etmişdi. Görünür, hansısa situasiyadan asılı olaraq İsa Qəmbər "Jurnalistlərin dostu" mükafatına layiq görülüb".

 

"Jurnalistlərin dostu"nun seçilməsinin qaydalarının da İ.Qəmbəri razı salmadığını bildirən C.Quliyev bildirib ki, mükafat sahibinin ekspertlərin, ya da sorğu əsasında müəyyən olunması təbii haldır: "Mükafat sahibinin müəyyənləşdirilməsi üçün başqa bir mexanizm də mümkün deyil. Yəqin, İsa Qəmbər bu qaydaların dəyişdirilməsini, başqa bir mexanizmin yaradılmasını və bu mükafatın daim ona verilməsini istəyir. Müsavat başqanı təkcə jurnalistlərə hörmətsizlik etməklə deyil, həm də partiya rəhbərliyində olan şəxsləri də təhqir etməklə diqqət çəkir. O, Müsavat Məclisinin son toplantısında partiya üzvlərini də şərəfsiz adlandırıb. Hesab edirəm ki, belə bir şəxsin "Jurnalistlərin dostu" mükafatından imtina etməsini də təəccübə qarşılamaq lazım deyil".

 

Qeyd edək ki, dekabrın 1-dən 20-nə kimi "RUH" Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi 2010-cu ildə "Jurnalistlərin dostu" mükafatı qalibinin müəyyənləşdirilməsi ilə bağlı kütləvi informasiya vasitələri və jurnalist təşkilatları arasında sorğu keçirib. Sorğuda 30 gündəlik, 19 həftəlik qəzet, 2 jurnal, 11 informasiya agentliyi, 13 jurnalist təşkilatı, 8 informasiya portalı, 7 televiziya və 3 radio kanalı, ümumilikdə 93 KİV iştirak edib. Mükafatın əsasnaməsinə uyğun olaraq gündəlik qəzetlərə, televiziya kanallarına və informasiya agentliklərinə 2, digər KİV-lərə və jurnalist təşkilatlarına 1 anket vərəqi təqdim olunub.

 

Sorğuda iştirak edən KİV-lərin 81 faizi Azərbaycan Respublikasının prezidenti İlham Əliyevi "Jurnalistlərin dostu" mükafatına ən layiqli namizəd hesab ediblər. Müsavat başqanı İ.Qəmbər isə "RUH" Azərbaycan Jurnalistləri Müdafiə Komitəsindən 2001-ci ildə aldığı "Jurnalistlərin dostu" mükafatından imtina edib. Partiya lideri bu bəyanatı Müsavat Məclisinin dekabrın 26-da keçirilən iclasında verib. O, mükafatdan imtina qərarını bu il "Jurnalistlərin dostu" mükafatının prezident İlham Əliyevə verilməsi ilə əsaslandırıb.

 

Bütün xəbərlər Facebook səhifəmizdə