Aydın Mirzəzadə: “İsa Qəmbər layiq olmadığı addan imtina edib”- Açıqlama
"Bu İsa Qəmbərin fəaliyyətində yeganə müsbət addımdır". SİA-ya açıqlamasında bu sözləri millət vəkili Aydın Mirzəzadə Müsavat başqanı İsa Qəmbərin "RUH" Azərbaycan Jurnalistləri Müdafiə Komitəsindən 2001-ci ildə aldığı "Jurnalistlərin dostu" mükafatından imtina etməsinə münasibət bildirərkən deyib.
"Görünən dağa bələdçi lazım deyil" deyən millət vəkili bildirib ki, prezident İlham Əliyev mətbuatın dostu yalnız 2010-cu ildə deyil, həmişə olub. Dövlət başçısının atdığı addımların nəticəsi olaraq mətbuat daha da inkişaf etdiyini, müstəqilləşdiyini deyən A.Mirzəzadə qeyd edib ki, İlham Əliyevin prezidentliyi dövründə mətbuata diqqət artıb: "Mətbuatın maddi-texniki bazası möhkəmləndirilib, çoxsaylı birdəfəlik yardımlar ayrılıb, jurnalistlərin mənzil şəraitinin yaxşılaşdırılması üçün vəsait ayrılıb. Dünyanın heç bir ölkəsində jurnalistlərə ev tikmək üçün pul ayrılmır. Bu gün istənilən məsələ ilə bağlı prezidentə müraciət etmək və mətbuat xidmətindən məlumat almaq mümkündür. Hesab edirəm ki, cənab prezident təkcə bu il deyil, həmişə mətbuatın dostudur".
Millət vəkili qeyd edib ki, Müsavat başqanı İ.Qəmbərin 2001-ci ildə aldığı "Jurnalistlərin dostu" mükafatından imtina etməsi onun mətbuatın, jurnalistlərin dostu olmadığını göstərir: "Bu hadisə bir daha onu göstərir ki, o, jurnalistlərin dostu deyilmiş, indi ədalət öz yerini tapır. Məsələ bundadır ki, İsa Qəmbər "Jurnalistlərin dostu" adına layiq olmadığını başa düşərək bu adı geri qaytarır. Hesab edirəm ki, bu İsa Qəmbərin fəaliyyətində yeganə müsbət addımdır. Onun üçün ki, həqiqəti etiraf edir və layiq olmadığı addan imtina edir".
Qeyd edək ki, dekabrın 1-dən 20-nə kimi "RUH" Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi 2010-cu ildə "Jurnalistlərin dostu" mükafatı qalibinin müəyyənləşdirilməsi ilə bağlı kütləvi informasiya vasitələri və jurnalist təşkilatları arasında sorğu keçirib. Sorğuda 30 gündəlik, 19 həftəlik qəzet, 2 jurnal, 11 informasiya agentliyi, 13 jurnalist təşkilatı, 8 informasiya portalı, 7 televiziya və 3 radio kanalı, ümumilikdə 93 KİV iştirak edib. Mükafatın əsasnaməsinə uyğun olaraq gündəlik qəzetlərə, televiziya kanallarına və informasiya agentliklərinə 2, digər KİV-lərə və jurnalist təşkilatlarına 1 anket vərəqi təqdim olunub.
Sorğuda iştirak edən KİV-lərin 81 faizi Azərbaycan Respublikasının prezidenti İlham Əliyevi "Jurnalistlərin dostu" mükafatına ən layiqli namizəd hesab ediblər. Müsavat başqanı İ.Qəmbər isə "RUH" Azərbaycan Jurnalistləri Müdafiə Komitəsindən 2001-ci ildə aldığı "Jurnalistlərin dostu" mükafatından imtina edib. Partiya lideri bu bəyanatı Müsavat Məclisinin dekabrın 26-da keçirilən iclasında verib. O, mükafatdan imtina qərarını bu il "Jurnalistlərin dostu" mükafatının prezident İlham Əliyevə verilməsi ilə əsaslandırıb.
1997-ci ildə təsis edilən mükafat sonuncu dəfə 2002-ci ildə ümummilli lider Heydər Əliyevə təqdim olunub. Mükafata əvvəlcə Nazim İmanov, sonrakı illərdə Siruz Təbrizli, İsa Qəmbər və Əli Kərimi layiq görülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB