Bu gün AMEA Rəyasət Heyətinin bu ilki son iclası keçirilib. AMEA-dan SİA-ya verilən məlumata görə, akademiyanın elmi müəssisə rəhbərlərinin, alim və mütəxəssislərin iştirak etdiyi iclası giriş sözü ilə açan AMEA prezidenti akademik Mahmud Kərimov gündəlikdəki məsələlər haqqında məlumat verib.
O, AMEA Milli Azərbaycan Tarixi Muzeyinin 90 və AMEA Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin 70 illik yubileyi ilə əlaqədar ölkə Prezidentinin Sərəncamı ilə təltif olunan muzey əməkdaşlarını təbrik edib və təltifləri onlara təqdim edib.
AMEA-nın vitve-prezidenti A.Həşimov "Ekoloji aspektlər əsasında suvarma suyunun keyfiyyətinin normalaşması və tənzimlənməsi" elmi məruzəsi ilə çıxış edib.
Sonra alim elmi məruzə ilə bağlı akademiklər Vaqif Fərzəliyev və Arif Həşimovun, AMEA-nın müxbir üzvləri Telman Ağayev, Rafayel Hüseynov və Ramiz Məmmədovun verdiyi sualları cavablandırıb.
AMEA-nın www.science.az veb-portalının vəziyyəti və inkişaf perspektivləri haqqında çıxış edən AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Rasim Əliquliyev İnternetin yaranması, inkişafı və Azərbaycana gəlməsi tarixi haqqında qısa məlumat verib. Son zamanlar bütün dünyada olduğu kimi, Azərbaycanda da informasiya cəmiyyətinin formalaşması üçün əlverişli zəminin yarandığını söyləyən alim bildirib ki, prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilən "Azərbaycan Respublikasında 2009–2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı" və "Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramı (Elektron Azərbaycan)"-dan irəli gələn tapşırıqları icra etmək məqsədilə AMEA Korporativ şəbəkəsinin əsasında AzScienceNet EKŞ-in (elm kompyuter şəbəkəsi) yaradılaraq inkişaf etdirilməsi zərurəti yaranıb.
Akademiklər Akif Əlizadə, Arif Həşimov, AMEA-nın müxbir üzvü Ramiz Məmmədov çıxış edərək Azərbaycanın ilk veb-saytı olan www.science.az portalının fəaliyyətini yüksək qiymətləndiriblər.
Sonra AMEA-nın www.science.az veb-portalının vəziyyəti və inkişaf perspektivləri haqqında AMEA RH qərar qəbul edib.
İclasda 2011-2012-ci illərdə keçiriləcək beynəlxalq və respublika səviyyəli elmi və elmi-texniki tədbirlərin planı haqqında, "Elm və həyat" jurnalının 50 illik yubileyi, akademik H.Sultanovun "Astronomiya Jurnalı"nın redaksiya heyətinin tərkibindən çıxarılması, AMEA Kibernetika, Riyaziyyat və Mexanika, Fizika və Neft-Kimya Prosesləri İnstitutlarının nəzdində fəaliyyət göstərən namizədlik və doktorluq dissertasiyalarının Müdafiə Şuralarının yeni tərkibinin təsdiq edilməsi, İ.Ələkbərovun AMEA Şamaxı Astrofizika Rəsədxanasının Elmi Şurasının tərkibinə daxil edilməsi, AMEA Kimya Problemləri, Dilçilik və Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutlarının Elmi Şuralarının tərkibində və AMEA Neft-Kimya Prosesləri İnstitutunun strukturunda qismən dəyişiklik edilməsi məsələləri müzakirə edilib və RH-ın qərarı ilə təsdiq edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB