Azərbaycanın Argentinadakı səfiri “El Ciudadano” qəzetinə müsahibə verib

Azərbaycanın Argentinadakı səfiri “El Ciudadano” qəzetinə müsahibə verib

Azərbaycan Respublikasının Argentinadakı Səfirliyindən daxil olmuş məlumata əsasən 20 dekabr tarixində səfir Məmməd Əhmədzadənin Argentinanın ən iri media holdinqlərindən olan "Grupo Ambito"ya daxil olan "El Ciudadano" qəzetinə müsahibəsi çap olunub. Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, müsahibəsində diplomat Azərbaycanın müstəqillik əldə etməsindən sonra keçdiyi yol, hazırda Zati-Aliləri Prezident cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə bütün sahələrdə müşahidə olunan inkişaf və tərəqqi, Azərbaycanın regionun lider dövlətinə çevrilməsi və bunu əks etdirən göstəricilər, Azərbaycanın neft və qaz sənayesində əldə etdiyi uğurlar, ölkəmizin böyük neft və qaz təchizatçısına çevrilməsi, enerji sektorundan əldə edilən gəlirlərin qeyri-neft sektorlarının və regionların inkişafına yönəldilməsi, Azərbaycanın iqtisadi perspektivləri barədə məlumat vermiş, habelə ölkəmizin regional əməkdaşlıq, inteqrasiya və inkişafın əsas hərəkətverici qüvvəsi olduğunu söyləyib.

 

Bütün bu müsbət məqamların fonunda, Azərbaycanın Ermənistanın təcavüzünə və etnik təmizləmə siyasətinə məruz qaldığını, bunun nəticəsində 20 faiz torpaqlarımızın Ermənistan tərəfindən işğal edildiyini, 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünün öz yurd-yuvalarından didərgin salındığını deyib. Azərbaycanın bu problemin sülh yolu ilə həllinə tərəfdar olduğunu, problemin həllinin bölgəyə sülh və inkişaf gətirəcəyini vurğulayan diplomat, bu münaqişənin həll edilməməsinə qədər bölgədə sülhün ciddi təhlükə altında qalacağını bildirib.

 

Ölkəmizin beynəlxalq əlaqələrinin sürətlə inkişaf etdiyini, Cənubi Amerikada ilk səfirliyimizin Argentinada təsis edildiyini söyləyən M.Əhmədzadə məqsədimizin Argentina ilə əməkdaşlığın inkişafı və Azərbaycan reallıqlarının dünyanın bu bölgəsində təşviqi olduğunu deyib, Argentina ilə münasibətlərin hazırkı vəziyyəti və inkişaf perspektivlərindən bəhs edib.

Bütün xəbərlər Facebook səhifəmizdə