"Paşinyan kriminal aləmi öz qaydaları ilə oymağa məcbur etmək istəyir" ŞƏRH_ÖZƏL
“Ermənistanda daxili siyasətin formalaşmasında kriminal qrupların rolu ona görə böyükdür ki, onların böyük biznesi var və bu biznes külli miqdarda insanı iş yerləri ilə təmin edir”. Bunu SİA-ya açıqlamasında politoloq İlqar Vəlizadə deyib.
Ermənistanda bundan əvvəlki parlamentdə kriminal qrupların deputatların timsalında açıq-aşkar fəaliyyət göstərdiyini deyən politoloq söyləyib ki, vəziyyət o həddə çatmışdı ki, erməni cəmiyyəti onları adları yox, ləqəbləri ilə tanıyırdılar: “Yeni parlamentdə onlar təmsil olunmayacaqlar. Amma kriminal qruplara yaxın insanların orada təmsil olunacağı istisna edilmir”.
İ. Vəlizadə qeyd edib ki, illərdir Ermənistanda kriminal sxemin fəaliyyət göstərdiyindən, orada biznes nümayəndələri bu aləmlə sıx bağlıdır: “Paşinyan deyir ki, guya korrupsiya ilə mübarizə aparır. Lakin inanmıram ki, Paşinyan erməni siyasətində faktor rolunu oynayan kriminal elementlərlə açıq mübarizəyə girə bilsin. Çünki onsuz da hazırda hakimiyyət dəyişikliyindən sonra Ermənistandan pul axını müşahidə olunur. Əgər belə bir mübarizə başlasa, o zaman bu axın birə on artacaq. Onun da əksəriyyəti biznes pullarıdır. Amma yenə də qeyri-müəyyənlik qalır. Paşinyan bir tərəfdən ölkədə guya korrupsiya, qanunsuzluqla mübarizə aparır, digər tərəfdən kriminal qruplarla əlaqələri gücləndirməyə çalışır... Bu necə mümkün ola bilər?!”.
Politoloq vurğulayıb ki, bir neçə ay əvvəl Baş nazir Nikol Paşinyan müavinlərdən birinə kriminal strukturlarla, qruplarla, "oğru aləmi" ilə ünsiyyət yaratmaq və aparılan siyasətə onların dəstəyinin alınmasını təmin etməklə bağlı tapşırıq verib: “Paşinyan kriminal aləmi öz qaydaları ilə oymağa məcbur etmək istəyir. O ölkənin köhnə rəhbərliyindən fərqli olaraq ortaya yeni qaydalar qoyur. Yəni öz qaydaları ilə oynamağa çalışır. Əgər kriminal aləm onun iqtidarı ilə münasibət qurmaq istəsə, işlər Paşinyanın cızdığı planlar, qoyduğu qaydalar üzrə getməlidir. Lakin ola bilər ki, kriminal "avtoritet"lərin bir qismi bunu istəməsin. O zaman onlara qarşı “antikorrupsion mübarizə sxemi" işə düşəcək. Bu sxem Paşinyanın əlində onun siyasəti ilə razılaşmayan insanlara qarşı bir təzyiq alətidir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB