"Prezidentin Qarabağla bağlı son çıxışı məsələnin mahiyyətini tam ortaya qoyur" MÖVQE-ÖZƏL
“Azərbaycan Prezidenti İlham Əliyev 2019-cu ildə məhz Ermənistanda son hakimiyyət dəyişikliyi, uzun müddət hakimiyyətdə təmsil olunan “Qarabağ klanı”nın hakimiyyətdən uzaqlaşdırılması və digər istiqamətdə gedən bütün prosesləri izləyir və analiz edir. Ona görə də ölkə başçısı Lavrovla görüşündə bu məsələdə ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri kimi Rusiyanın səylərinə ümid bəslədiyini dilə gətirib. Bununla da Lavrova bu istiqamətdə öz fikirlərini çatdırıb”. Bu fikirləri SİA-ya açıqlamasında siyasi şərhçi Arzu Nağıyev deyib.
Politoloq bildirib ki, Azərbaycan Prezidentinin Qarabağ münaqişəsi ilə bağlı son çıxışı məsələnin mahiyyətini tam ortaya qoyur: “Lavrovun Rusiyanın bu münaqişə ilə bundan sonra da ciddi məşğul olacağı ilə bağlı söz verməsi çox normal anonsdur. Lakin tam şəkildə inandırıcı görünmür ki, Rusiya birmənalı şəkildə bu problemin həllini başa çatdıracaq. Bu gün Azərbaycan dövləti istər siyasi, istər iqtisadi, istərsə də hərbi cəhətdən gücləndiyi üçün məhz bu problemin həllində özü irəli gedir. Rusiya da bunu hiss edir və düşünürəm ki, problemin həlli istiqamətində müsbət addımların zamanıdır”.
ATƏT-in Minsk Qrupunda təmsil olunan dövlətlərdən məhz Rusiyanın Dağlıq Qarabağ problemin həllində açar fiqur olduğunu dilə gətirən A. Nağıyev qeyd edib ki, Rusiya regional təhlükəsizliyə təhdidin qarşısını almaq üçün Dağlıq Qarabağ münaqişəsi həll olunmasında maraqlı olmalıdır: “Əks halda onun mövqeyi başa düşülən deyil. Digər tərəfdən Rusiyanın forpostu olan Ermənistanda proseslərin hansı istiqamətə getdiyini də söyləmək çətindir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB