Müxalifət İctimai Palata yaratdı

Müxalifət İctimai Palata yaratdı

Bu gün deputatlığa namizəd olmuş şəxslərin, ayrı-ayrı siyasi partiyaların, QHT-lərin, ziyalıların, hüquq müdafiəçilərinin iştirakı ilə müxalifətin növbəti genişləndirilmiş forumu keçirilib. SİA-nın məlumatına görə, forumda ilk çıxış edən Müsavat başqanı İsa Qəmbər toplantının forum çərçivəsində 3-cü olduğunu bildirib.

 

Foruma qatılan müxalifət partiyalarının ciddi müzakirələrin apardıqlarını deyən Müasavat başqanı uzun müddətdir ki, haqqında müzakirələr aparılan İctimai Palatanın təsis bəyannaməsi ilə bağlı məlumat verib. O, qeyd edib ki, İctimai Palata öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiya və qanunlarında, hamılıqla qəbul edilmiş və ya Azərbaycanın qoşulduğu beynəlxalq müqavilələrdə təsbit olunan prinsip, norma, qayda və müddəaları rəhbər tutur və hesab edir ki, yalnız qeyri-zorakı, dinc, sivil mübarizə metod və vasitələri məqbuldur. İ.Qəmbər bildirib ki, İctimai Palata hakimiyyətin səlahiyyətinin həyata keçirilməsi, mənimsənilməsi kimi başa düşülə və şərh edilə bilməz: "İctimai Palatanın yaradılması barədə bəyanatı imzalayacaq şəxslər qurumun təsisçi üzvləri qismində çıxış edir. Təsisçi üzvlər qurumun üzvləri adlanır və sonradan qəbul edilən üzvlərdən hər hansı üstün hüquqları yoxdur. İctimai Palata ayda bir dəfə toplantı keçirəcək. Qalan vaxt ərzində isə Palata Koordinasiya Şurası tərəfindən idarə olunacaq. Yığıncaqlara Koordinasiya Şurasının üzvləri növbə ilə sədrlik edəcək. Şuranın tərkibi konsensus əsasında formalaşacaq".

 

Müsavat başqanı söyləyib ki, Koordinasiya Şurası İctimai Palata adından qərar qəbul edə, bəyanatlar, müraciətlər verə bilər. O, İctimai Palata üzvlərinin müəyyən olunmuş sayının 2/3-nin səsi ilə bəyannamənin dəyişdirilə və ona əlavələr oluna biləcəyini vurğulayıb.

 

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli bildirib ki, İctimai Palatada təmsil olunmaqla daha çox auditoriya qazana biləcəklər. Sabiq millət vəkili Pənah Hüseyn isə birbaşa olaraq İctimai Palatanın təsis bəyannaməsi ilə bağlı müzakirələrə keçməyi təklif edib. Daha sonra bəyannamə ilə bağlı müzakirələrə başlanılıb. Müzakirələrdən sonra Azərbaycanda Demokratiya Uğrunda Vətəndaş Hərəkatı-İctimai Palata yaradılıb. İctimai Palatanın 9 nəfərdən ibarət Koordinasiya Şurası seçilib.

Bütün xəbərlər Facebook səhifəmizdə