“Harada qaldı haqq, ədalət, insan haqları, demokratiya? Ermənistanda keçirilən növbədənkənar parlament seçkiləri əslində seçki deyildi, seçki məzhəkəsi, seçki şousu idi”. Bunu SİA-ya açıqlamasında millət vəkili Eldəniz Səlimov deyib.
Onun sözlərinə görə, burada əsl seçkidən əsər-əlamət belə yox idi: “Bu “seçkilər” Ermənistan tarixinə biabırçılıq, saxtakarlıq nümunəsi və qara ləkə kimi düşəcək. Seçicilərin heç 50 faizi belə səsverməyə gəlmədi, seçkiləri belə demək mümkünsə, boykot etdi. Bunu onların Mərkəzi Seçki Komissiyasının sədri də açıqlamasında vurğulayaraq, demişdi ki, seçici fəallığı cəmi 48,63 faiz təşkil edib. Seçicilərin daha çox yaşadığı, məskunlaşdığı Yeravanda belə seçici passivliyi müşahidə edilib. Bunlar hələ rəsmi statistikadır, şişirdilmiş rəqəmlərdir. Əslində isə bu faiz daha aşağıdır. Seçici fəallığının həddindən artıq aşağı olmasının səbəbləri də məlumdur. Bu, insanların köhnə və yeni hakimiyyətə inamsızlığından irəli gəlir. İllərdir ki, xalqı boş vədlərlə aldadan terrorçu, əliqanlı cinayətkar Sarkisyan rejimindən sonra hakimiyyətə gələn Paşinyan şirin vədlərlə öz şəxsində “lider” obrazı formalaşdırmağa çalışdı. Ancaq onun 7 aylıq hakimiyyət dövrü göstərdi ki, Paşinyan xalqının deyil, “başqaları”nın qulluğundadır. Paşinyan Ermənistandan, ermənilərdən daha çox başqalarına, onun inqilab, çevriliş yolu hakimiyyətə gətirənlərə xidmət edir. Bu insanın özünün şəxsi-müstəqil mövqeyi belə yoxdur. Bu gün bir söz deyir, sabah başqasını. Bu gün atdığı addımın sabah ziddinə gedən başqa bir addım atır. Belə olan halda, cinayətkar xuntadan- Sarkisyanlardan, Koçaryanlardan bezənlər, nicatı Paşinyanlarda görüb, qısa zamanda da xəyal qırıqlığına uğrayanlar daha nə etməli idilər ki? Təbii ki, seçkilərə inamsızlıq nümayiş etdirməliydilər və etdirdilər də. Seçkilərdə çox ciddi saxtakarlıqlar, qanun pozuntuları baş verdi. Yenə də deyirəm ki, əslində buna seçki də demək olmazdı, seçkinin işartıları belə yox idi. Amma oynanılan “seçki oyunu” da çox biabırçılıqla səhnələşdirildi, məzhəkəyə çevrildi. Belə olan halda, haradadır Azərbaycanda keçirilən şəffaf, ədalətli seçkilərə hər fürsətdə qara yaxmağa çalışan bəzi beynəlxalq qurumlar, təşkilatlar? Nə üçün Ermənistanda baş verən biabırçılığa reaksiya vermirlər, hesabatlar yaymırlar? Niyə Azərbaycana başqa cür-ikili, üçlü standartlarla, Ermənistana isə ayrı cür yanaşırlar, onun etdiklərini görməzdən gəlirlər? Harada qaldı onları bar-bar bağırdıqları haqq, ədalət, insan haqları, demokratiya? Yenə niyə gözləri yumulub onların? Bu baxımdan hesab edirəm ki, beynəlxalq təşkilatlar, o cümlədən, ATƏT və digər qurumlar Ermənistandakı seçki saxtakarlığına lazım olan qiyməti verməlidirlər. Bütün dünyanın gözü qarşısında baş verən qanun pozuntuları, seçici passivliyi, şişirdilmiş rəqəmlər və müxalifətin, xalqın etirazı beynəlxalq təşkilatların hesabatlarında öz əksini tapmalıdır. Artıq oyun oynamağa, ədalətsizliyə, haqsızlığa, saxtakarlığa göz yumulmasına son qoyulmalıdır. Ermənistana, onun cinayətkar rəhbərliyinə-indiki və keçmiş, hamısına layiq olduqları, haqq etdikləri yer tanıdılmalı, cəzalandırılmalıdırlar”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB