Azərbaycanın elmi ictimaiyyətinə ağır itki üz verib. SİA-nın xəbərinə görə, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Dövlət Mükafatı laureatı, əməkdar elm xadimi, tarix elmləri doktoru, professor Cəmil Bahadur oğlu Quliyev 2010-cu il dekabrın 27-də ömrünün 84-cü ilində vəfat edib.
Cəmil Quliyev 1927-ci il dekabr ayının 16-da Ağdam şəhərində anadan olub. O, 1944-cü ildə orta məktəbi qurtardıqdan sonra Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinə daxil olub. 1946-cı ildən Lomonosov adına Moskva Dövlət Universitetində təhsilini davam etdirən Cəmil Quliyev 1949-cu ildə bu universitetin tarix fakültəsini bitirmiş, 1949-1952-ci illərdə isə həmin ali təhsil ocağının aspiranturasında oxuub.
Əmək fəaliyyətinə 1952-ci ildə indiki Bakı Dövlət Universitetində başlayan Cəmil Quliyev burada müəllim və dosent vəzifələrində çalışıb. Bununla yanaşı, eyni zamanda 1953-cü ildən etibarən Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi yanında Partiya Tarixi İnstitutunun baş elmi işçisi olmuş, 1958-ci ildən isə bu İnstitutda elmi hissə üzrə direktor müavini vəzifəsini tutub. O, 1972-ci ildə Azərbaycan Respublikası Elmlər Akademiyasının Tarix İnstitutuna direktor təyin edilmiş və burada 1978-ci ilədək uğurla çalışıb.
1975-ci ildən Azərbaycan Sovet Ensiklopediyasının baş redaktoru olan Cəmil Quliyev ömrünün on üç ilini Azərbaycan Ensiklopediyasının yaradılmasına həsr edib. O, 1976-cı ildə Azərbaycan Respublikası Elmlər Akademiyasının vitse-prezidenti seçilmiş və 1990-cı ilədək bu vəzifədə çalışıb. 1988-1989-cu illərdə o, Azərbaycan Dövlət Universitetinin rektoru işləyib. Cəmil Quliyev 1990-1997-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun baş elmi işçisi, 1997-ci ildən ömrünün sonunadək Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin üzvü, 2007-ci ildən etibarən isə Milli Elmlər Akademiyasının müşaviri olub.
Cəmil Quliyev 1952-ci ildə namizədlik, 1971-ci ildə isə doktorluq dissertasiyalarını müdafiə edib. O, 1972-ci ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, 1980-ci ildə həqiqi üzvü seçilmişdir. 1974-cü ildə onun tarix sahəsində həyata keçirdiyi tədqiqatlar Azərbaycan Respublikasının Dövlət Mükafatına layiq görülüb.
Cəmil Quliyev ölkəmizdə tarix elminin inkişafına töhfələr verən alim kimi tanınırdı. O, Azərbaycanın müasir tarixi baxımından əhəmiyyət kəsb edən dövrlərin bir çox problemlərinin tədqiqi ilə bağlı kitab və monoqrafiyaların, 400-ə yaxın məqalənin müəllifi olub. Onun rəhbərliyi və yaxından iştirakı ilə on cilddən ibarət "Azərbaycan Sovet Ensiklopediyası", iki cildlik "Uşaq Ensiklopediyası", "Naxçıvan Ensiklopediyası" və yeddi cildlik "Azərbaycan tarixi" işıq üzü görüb. Bacarıqlı elm təşkilatçısı kimi Cəmil Quliyevin ölkəmizdə ictimai elmlər sahəsində araşdırmaların daha geniş miqyas alması, onların dövrün tələblərinə uyğun aparılması və Azərbaycan tarixinin yeni mənbələr əsasında öyrənilməsində xidmətləri təqdirə layiqdir.
İyirmi ilə yaxın bir müddətdə doktorluq dissertasiyalarının müdafiəsi üzrə Elmi Şuranın sədri olan Cəmil Quliyev ölkəmiz üçün tarixçi kadrların hazırlanması işinə xüsusi diqqət yetirib. Onun bilavasitə rəhbərliyi altında yetişən tədqiqatçılar bu gün də tarix elminin müxtəlif sahələrində uğurlu araşdırmalar aparırlar. Alim bir sıra beynəlxalq konfrans və simpoziumlarda çıxışları ilə Azərbaycan tarix elmini layiqincə təmsil edib. Cəmil Quliyev respublikanın ictimai həyatında yaxından iştirak edərək X-XI çağırış Azərbaycan Ali Sovetinin deputatı seçilib.
Tarixçi alim Cəmil Quliyevin yarım əsrdən artıq dövrü əhatə edən elmi fəaliyyəti yüksək qiymətləndirilib. O, Azərbaycan elminin inkişafındakı xidmətlərinə görə müstəqil Azərbaycan Respublikasının ali mükafatları – "Şöhrət" və "İstiqlal" ordenləri ilə təltif edilib.
Tanınmış alim, təcrübəli pedaqoq və gözəl elm təşkilatçısı Cəmil Bahadur oğlu Quliyevin xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.
Allah rəhmət eləsin!
İlham Əliyev
Artur Rasizadə
Oqtay Əsədov
Ramiz Mehdiyev
Elçin Əfəndiyev
Hacıbala Abutalıbov
Fatma Abdullazadə
Mahmud Kərimov
Misir Mərdanov
Şəmsəddin Hacıyev
Abel Məhərrəmov
Nailə Vəlixanlı
Tofiq Nağıyev
Ağamusa Axundov
İsmayıl Hacıyev
Yaqub Mahmudov
Oqtay Əfəndiyev
Mərhumun cənazəsi vidalaşmaq üçün 2010-cu il dekabrın 28-də saat 13.00-dan 15.00-dək Azərbaycan Milli Elmlər Akademiyasının "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzinin binasında (İçərişəhər, Böyük Qala küçəsi, 41) qoyulacaqdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB