"Unudulmaz Lider, nəhəng partiya"

Sabunçu rayonunda Ulu Öndər Heydər Əliyevin anım günü və Onun yaradıcısı olduğu Yeni Azərbaycan Partiyasının 26 illiyi qeyd olunub

Bu gün Sabunçu rayonunun 295 saylı məktəbində Ulu Öndər Heydər Əliyevin anım günü və Onun yaradıcısı olduğu Yeni Azərbaycan Partiyasının yaranmasının 26 illiyi ilə bağlı "Unudulmaz Lider, nəhəng partiya" mövzusunda tədbir keçirilib. Əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin məktəbin foyesində qoyulan büstü önünə gül dəstələri düzüblər.

Tədbirdə çıxış edən məktəbin direktoru, millət vəkili Dilarə Cəbrayılova dekabrın 12-də müstəqil Azərbaycan Respublikasının banisi, Ümummilli Liderimiz Heydər Əliyevin əbədiyyata qovuşmasından 15 il ötdüyünü qeyd edərək demişdir: "Ulu Öndər Heydər Əliyevin ölməz, əbədi xatirəsini xalqımız hər an yad edir və xatırlayır. Ulu Öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlər ərzində, həmişə xalqımızın milli maraqlarını dəqiq müəyyən etmiş, ictimai, siyasi, iqtisadi, mədəni və digər sahələrlə yanaşı, gənclərlə aparılan işi daim önə çəkmişdir". D.Cəbrayılova Ulu Öndərin Azərbaycan gəncliyinə göstərdiyi qayğıdan və bu gün ölkə rəhbəri, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd edib.

Tədbirdə YAP Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva çıxış edərək tarixi şəxsiyyət olan Ulu Öndər Heydər Əliyevin bütün həyatını dövlətçiliyimiz, xalqımızın bu günü və gələcəyi naminə həsr edərək güclü, sarsılmaz, qüdrətli bir dövləti - Azərbaycanı bizə bəxş etdiyini bildirib. M.Abasquliyeva onu da vurğulayıb ki, zəngin və şərəfli inkişaf yolu keçən Yeni Azərbaycan Partiyasının Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən və uğurla tətbiq edilən əsas proqram məramı Azərbaycanın dövlət müstəqilliyinin qorunub möhkəmləndirilməsindən, ərazi bütövlüyünün təmin edilməsindən, demokratik, hüquqi, dünyəvi cəmiyyət qurulmasından, əmin-amanlıq, ictimai-siyasi sabitlik, milli həmrəylik, güclü və sosialyönümlü iqtisadiyyat yaratmaqdan ibarətdir.

Tədbirdə Sabunçu rayon icra hakimiyyətinin başçısının müavini Rəna Fərəcova, tarixi şəxsiyyət olan Ulu Öndərin bütün həyatını dövlətçiliyimiz, xalqımızın bu günü və gələcəyi naminə həsr edərək güclü, sarsılmaz, qüdrətli bir dövləti - Azərbaycanı bizə bəxş etdiyini bildirib. R.Fərəcova, həmçinin, Yeni Azərbaycan Partiyasının keçdiyi inkişaf yolundan, Ulu Öndər Heydər Əliyevin siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində qazanılan uğurlardan danışıb.

Sonra məktəblilər Ulu Öndər Heydər Əliyevə həsr olunun şeirlər ifa ediblər.

Sonda Yeni Azərbaycan Partiyasına qəbul olunanlara partiya vəsiqələri təqdim olunub.

R.HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə