Gəncədə milli mədəniyyətimizin, tarixi keçmişimizin bir parçası olan əşyalar muzeylərdə qorunmaq əvəzinə bazarlarda satılır- ARAŞDIRMA
Azərbaycanın ikinci böyük şəhərində qədim əşyalar bazarlarda satışa çıxarılır. SİA-nın bölgə müxbiri xəbər verir ki, şəhərin mərkəzi bazarı olan "Gəncə Bazarı" Açıq Tipli Səhmdar Cəmiyyətində 17, 18 və 20-ci əsrlərə aid müxtəlif əşyaların satışına addımbaşı rast gəlmək mümkündür. Çünki bu tarixi nümunələrin satışı dəb halını alıb. Üstəlik, bu cür qədim tarixi əşyalara alıcı marağı da yetrincədir. Bu işlə məşğul olan şəxslərlə söhbə zamanı aydın oldu ki, bu cür əşyalar əsasən turistlərə, həm də baha qiymətə satılır. Bu əşyaların digər müştəriləri isə elə həmvətənlərimizidir. Ancaq vətəndaşlarımız milli mədəniyyətimizin, tarixi keçmişimizin bir parçası olan əşyaları qorumaq üçün yox, misdən hazırlandığı üçün maraq göstərir. Necə deyərlər qədim əşyalardan qazanc mənbəyi kimi istifadə olunur.
Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyi muzeylərə əntiq, qədim tarixi dəyəri olan bu cür əşyaların alınması üçün hər il müəyyən miqdarda vəsait ayırır. Elə biz də Gəncə şəhər Mədəniyyət və Turizim İdarəsinin rəisindən sözügedən məsələ ilə bağlı ayrılan vəsaitin miqdarını öyrənmək və məbləğin müqabilində nə qədər əşya alındığını öyrənmək istədik.
İdarə rəisi məbləğ açıqlamasada ayrılan vəsaitin azlığından danışdı. Belə aydın oldu ki, verilən pula bir-iki əşya ancaq almaq olar. Müsahibimiz, həmçinin bu cür qədimi əşyaların satışına və ya başqa məqsədlər üçün istifadəsi zamanı məhv edilməsinə kifayət qədər ciddi nəzarət olunmadığını etiraf etdi: "Sapı özümüzdən olan baltalar bizim üçün tarixi, mənəvi dəyəri yüksək olan bu əşyaları-misdən, gümüşdən hazırlanmış məhsulları alıb, sonradan əridərək satırlar".
Hər halda reallıq ondan ibarətdir ki, bunlar təkcə maddi-mədəniyyət deyil, həm də mənəviyyat tariximizin "arxivi", müxtəlif dövrləri əks etdirən nadir nümunələrdir. Bütün bu olanlara biganə yanaşmaq isə tariximizə biganə qalmaqdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB