Vüqar Bəyturan: “17 il irəlidə olub, heç bir pozitiv dəyişiklik edə bilməyənlər, başda İsa Qəmbər olmaq şərtilə, istefa versin”
Milli Qurtuluş Partiyasının başqanı Vüqar Bəyturanın SİA-ya müsahibəsi
- Vüqar bəy, dediyinizə görə, bəzi partiyaların apardığı siyasət müxalifətin birliyinə deyil, daha çox parçalanmasına xidmət edir. Bunu nə ilə əsaslandırırsınız?
- Diqqət yetirsəniz, görərsiniz ki, hər seçkidən öncə müxalifətin birləşməsi barədə təkliflər gündəmə gəlir. Ənənəvi qaydada hər dəfə bu təkliflər gerçəkləşəndə müxalifətin yalnız bir hissəsi birləşir və son nəticədə növbəti parçalanma baş verir. Elə bil ki, hansısa gözəgörünməz əl birləşməyə mane olur. Son parlament seçkiləri öncəsi birlik çağırışını daha çox biz - DUİ-yə daxil olan partiyalar etdik, Müsavat təklifimizə müsbət reaksiya verdi, AXCP şərt qoydu ki, Müsavatsız bir araya gələk. Azadlıq Blokunda təmsil olunan VİP və ALP Müsavat tərəfindən arzuolunmaz elan edildi. Nəticə isə bizim üçün gözlənilməz oldu - DUİ birlikdən kənarda saxlanıldı və AXCP-Müsavat birliyi yarandı. Faktiki bizim səmimiliyimizdən istifadə edən Müsavat Partiyası AXCP-ni "Azadlıq" blokundan ayırmaq və birliyə cəlb etmək üçün xidmətimizdən yararlandı. 2010-cu ildə də müxalifət birləşə bilmədi. Belə demək olar ki, partiya və şəxsi mənafelər imkan vermir ki, müxalifət birləşsin. Son seçkilərdə birləşə bilməməyimizin məsuliyyəti birləşənlərin, AXCP ilə Müsavatın üzərindədir. Prosesdə Müsavat qeyri-səmimilik nümayiş etdirib, AXCP isə DUİ-siz birlik şərti qoyub. Yeganə bu prosesdə səmimiliyini qoruyan və gerçəkdən müxalifətin birliyini arzulayan qurum DUİ, o cümlədən bizim partiya olub.
- Hələ də bu məsələdə vahid bir mövqe yoxdur. Fikir ayrılığı var. MQP başqanı olaraq partiyaların belə bir durumda olmaqlarını necə qiymətləndirirsiz? Ümumiyyətlə, partiyalar bundan sonra güc toplayıb birləşə biləcək?
- Müxalifətin birləşə biləcəyini düşünmürəm. Hazırda baş verən müzakirə ancaq siyasi texnologiya məqsədlərinə xidmət edir. Fikrimcə, birləşmə söhbətlərinə son qoyub, birləşə bilməyənlərdən qurtulma prosesinə start vermək lazımdır. Müxalifətin bugünkü durumu birdən-birə yaranmayıb. Bu vəziyyət iqtidarın 17 il ərzində yürütdüyü şüurlu təcrid siyasətinin və bu siyasətə rəvac verən qarımış müxalifətin səhv addımlarının nəticəsidir. Hazırda xalq iqtidarı dəstəkləmədiyi kimi, müxalifətə də, ifadəmə görə üzr istəyirəm, tüpürüb.
- Ümumiyyətlə, partiyaların birləşməsi prosesi gündəmə gəldikcə qarşı çıxanların partiyalardan çıxmaq istəkləri daha çox sürətlənir...
- Partiyalardan gedənlərin olması təbiidir. Bu adamlar öz addımlarını müxtəlif formada izah etsələr də, səbəb birdir: gedənlər artıq başa düşürlər ki, belə davam edə bilməz. İsa Qəmbər, Əli Kərimli və digər bu tip siyasətçilər getmirsə, onlar getməyi optimal variant sayırlar. Dəyişiklik və yeniləşmə qaçılmazdır.
- 28 dekabr tarixli forumu baykot edəcəyinizi bildirirsiz, sizcə bu daha çox parçalanmaya gətirib çıxarmazmı?
- 28 dekabr Forumunda növbəti parçalanmanı təsdiqləməmək üçün baykot etmək fikrindəyik. Planlaşdırılır ki, həmin iclasda yeni qurum və üst qurum yaradılsın. Üst quruma bu günə qədər məğlubiyyətimizin memarlarını daxil etmək, bizləri isə ikinci sort kimi prosesə qatmaq planlaşdırılır. Dünyada analoqu olmayan hadisədir ki, 17 il ərzində hər addımda uduzan adamlar yenə öndə olmaq istəyindədirlər. Biz əminik ki, bu toplantıda millətimiz və müxalif elektorat xeyrinə qərarlar qəbul edilə bilməz. Əksinə, həmin plana görə yeganə müxalif birlik - DUİ də dağıdılmalıdır. İndi bizə hamının bir araya gəlməsi lazım olduğu halda, özlərini aparıcı adlandıran partiyaların siyasəti bizi daha da parçalayır. Forumda iştirak etməməyimizin səbəbi də budur.
- Birləşmə baş tutarsa, yeni siyasi struktur hansı istiqamətdə fəaliyyət göstərəcək?
- Bəzən elə birləşmələr olur ki, xeyirdən çox ziyan verir. Bizim kimi yenilikçi ruha malik olan siyasi qüvvələrlə pas atmış, artıq arxivlik olan, amma bununla barışmayanların bir arada olması hansı xeyiri verə bilər? Mən təklif edirəm ki, 17 il irəlidə olub, heç bir pozitiv dəyişiklik edə bilməyənlər, başda İsa Qəmbər olmaq şərtilə, istefa versin. Qoy müxalif elektorat yenidən və yeni rəhbərliklə təşkilatlansın. Əks təqdirdə, bu köhnələr iqtidarla müxalif elektoratın arasında divar rolunu oynamaqda davam edəcəklər...
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB