Əbədiyaşar Lider, ölməz Şəxsiyyət!

Ulu Öndər Heydər Əliyevin dövlət, millət qarşısındakı xidmətləri zaman keçdikcə daha aydın görünür

Ötən əsrin əvvəlləri kimi, sonları da Azərbaycan üçün mürəkkəb və ziddiyyətli, dinamik və taleyüklü proseslərlə səciyyələnən zəngin dövlət quruculuğu dövrü kimi tarixə qovuşmuşdur. Təbiidir ki, tarixə qovuşma prosesi müəyyən zaman daxilində baş verir və bu zamandan maksimum səmərəli yararlanma, onu xalqın, millətin inkişafına, gələcəyinə, dövlətin möhkəmləndirilməsinə yönəltmək missiyası şəxsiyyətlərin fəaliyyəti, adı ilə bağlı olur. Heydər Əliyev şəxsiyyət kimi tarixi hadisədir. Tarix şəxsiyyəti, bu cür şəxsiyyətlər isə tarixi yaradır. Müdriklər demişlər ki, şəxsiyyəti mühit və hadisələr yetirir, ancaq hadisələri də şəxsiyyətlər idarə edir və hadisələr özü də onların izini daşıyır.

Heydər Əliyev öz parlaq siyasi zəkası və istedadı sayəsində yeni Azərbaycanı, onun bugünkü gerçəkliklərini yaradan və gələcəyə aparan yolları müəyyən edən Şəxsiyyətdir. Məhz buna görə də Azərbaycan tarixinin 1969-cu ildən bəri yaşanan dövrü Heydər Əliyevin adı ilə sıx bağlıdır və tariximizə Heydər Əliyev dövrü kimi həkk olunub. Bu dövrün Azərbaycanın gələcək tarixi taleyi baxımından başlıca məzmunu isə Azərbaycançılıqdır. Heydər Əliyevin dövlətçilik strateji proqramında azərbaycançılıq məfkurəsi xüsusi yer tutub. Heydər Əliyevin 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun və şəxsən Baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq tutduğu vəzifələrdən istefa verməsi, 1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar ertəsi gün Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb etməsi, Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını qətiyyətlə tərk etməsi vətənpərvərliklə, azərbaycançılıq məfkurəsi ilə bağlı idi. Bu, əsl vətənpərvərlik mövqeyinin nümayişi idi.

Azərbaycanda dövlətçilik ənənələrinin XX əsrin sonlarında bərpa edilib zənginləşdirilməsi, Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, onun əbədi, dönməz xarakter alması, ölkəmizin dinamik iqtisadi inkişaf yolu ilə inamla irəliləməsi, onun beynəlxalq nüfuzunun sürətlə artması Heydər Əliyevin səmərəli fəaliyyəti sayəsində mümkün olub. O, öz müdrik rəhbərliyi, siyasi uzaqgörənliyi, qətiyyəti və əzmkarlığı ilə zəmanəmizin görkəmli siyasi xadimi kimi tanınmış, Azərbaycan xalqının Ümummilli Liderinə çevrilmişdir. Bu baxımdan, onu da qeyd edə bilərik kiu, Azərbaycanın müasir dövlətçiliyi tarixində müstəqillik dövrünün arxada qalan hər ilinin öz yeri vardır. Müstəqil Azərbaycanın keçdiyi sınaqlar, dövlətçiliyimizin ən ağır günlərində Heydər Əliyev qətiyyəti və müdrikliyi xalqımızı və Azərbaycanımızı həmişə xilas edib. Ümummilli Liderimiz keçilməsi mümkün olmayan maneələri dahiyanə yanaşması ilə böyük əzm və səylə qət edib. Ulu Öndər Heydər Əliyevin bir tarixi kəlamı daim dillər əzbəri olmaqdadır: "Ağıl olan yerdə zora ehtiyac yoxdur. Tarix həmişə hər şeyi öz yerinə qoyur".

Məhz Ulu Öndərimizin uzaqgörən müdrik siyasəti nəticəsində müstəqil Azərbaycan dünya xalqları içərisində inkişaf etmiş dövlətlər birliyində öz layiqli yerini tutmaq, tərəqqi etmiş ölkələr sırasına qoşulmaq yolunda böyük inam və qətiyyətlə irəliləyib. Qısa müddətdə Azərbaycanın beynəlxalq imici dəyişdi, ölkəmiz dünyanın siyasi və iqtisadi arenasının fəal subyektlərindən birinə çevrilmişdi. Bütün ölkədaxili, regional və coğrafi-siyasi maneələrə baxmayaraq, Azərbaycan dövlət quruculuğu və iqtisadi inkişaf sahəsində böyük nailiyyətlər əldə etməyə başladı. Belə ki, Heydər Əliyevin hakimiyyəti dövründə ölkədə siyasi plüralizm yaranmağa başladı, cəmiyyət əsl demokratiya yolu ilə inkişaf yoluna çıxdı.

Heydər Əliyevin dövlət və xalq qarşısındakı tarixi xidmətlərini heç kim inkar edə bilməz. Onun ölkədə vətəndaş həmrəyliyinə nail olunması, sabitlik yaradılması, müstəqil dövlət qurulması, iqtisadi-sosial sahədə, neft strategiyasında tarixi addımlar atılması, bütün sahələrdə mühüm islahatlar həyata keçirilməsi, beynəlxalq aləmdə respublikanın mövqeyinin möhkəmləndirilməsi sahəsində gördüyü işlər unudulmazdır. Ulu Öndər ölkədə bazar iqtisadiyyatının təşəkkül tapmasında, Azərbaycana xarici investisiyaların cəlb olunmasında, beynəlxalq iqtisadi əlaqələrin genişləndirilməsində, xalqın rifah halının yüksəldilməsində çox böyük işlər gördü. Məhz Heydər Əliyevin sayəsində Azərbaycan inkişaf etmiş və sivil dövlətlər sırasına çatmışdır. Ümumiyyətlə, siyasi, iqtisadi, sosial, mədəni həyatda, beynəlxalq sahədə kifayət qədər nailiyyətlər qazanılmışdırsa, dövlətçiliyin gücləndirilməsində, ölkənin tərəqqisində nə qədər yeniliklər, uğurlar əldə edilmişdirsə - bunlar Heydər Əliyevin sayəsində mümkün olmuşdur. Belə ki, müdrik şəxsiyyət Heydər Əliyevin rəhbərliyi ilə aparılmış məqsədyönlü siyasət nəticəsində ölkənin iqtisadi həyatında qazanılmış ən mühüm uğurlardan biri də dünyanın inkişaf etmiş nüfuzlu şirkətləri ilə bağlanmış neft müqavilələri oldu. Bu müqavilələr Azərbaycan iqtisadiyyatının gələcək inkişafı üçün geniş perspektivlər açdı. Heydər Əliyevin neft strategiyası dövlətimizin müstəqilliyinin qarantına çevrilməklə yanaşı, azad iqtisadi münasibətlər mexanizmlərini də hərəkətə gətirdi, ölkəmizin dünya iqtisadi məkanına dinamik inteqrasiyasını, xalqımızın rifahının artması üçün çox önəmli olan xarici sərmayələrin cəlb edilməsini təmin edi. Bütün bunlar dövlətimizin daxili qüdrəti ilə yanaşı, beynəlxalq nüfuzunun artırılmasına xidmət etfi ki, bu gün bizlər bunun şahidlərinə çevrilmişik. "Əsrin müqaviləsi"nin imzalanması sonrakı pproseslərin sürətlənməsinə nəhəng layihələrin reallaşmasına kifayət qədər zəmin yaratmış oldu. Əbəs deyil ki, "Əsrin müqaviləsi"nin Azərbaycanın parlaq inkişafı üçün nə demək olduğunu hamı anlamalıdır" kəlamları da bilavasitə Ümummilli Lider Heydər Əliyevə məxsusdur.

Təbii ki, 2003-cü ilə qədərki tarixi nailiyyət bu dövrə qədər keçən son on ildə hüquqi dövlət quruculuğu, iqtisadi, sosial, humanitar və xarici siyasət sahəsində aparılan müdrik siyasi xəttin məntiqi nəticəsində qzanıldı. Azərbaycanın müharibə şəraitində yaşamasına və keçid dövrünün mahiyyətindən doğan çətinliklərə baxmayaraq, bu müddət ərzində Heydər Əliyevin gərgin və yorulmaz fəaliyyəti demokratik təsisatların, vətəndaş cəmiyyətinin formalaşması prosesinə, ictimai-siyasi sabitliyin və güclü iqtisadi potensialın yaranmasına gətirib çıxardı. Bərqərar olmuş ictimai-siyasi sabitlik, əlverişli iqtisadi mühit xarici sərmayələrin həcminin artmasına səbəb oldu.

Eyni zamanda, siyasi sistemin demokratik prinsiplər əsasında inkişafı, cəmiyyətimizdə ümumbəşəri dəyərlərin dərin kök salması Azərbycanın beynəlxalq aləmə sıx inteqrasiyasına və formalaşmaqda olan demokratik dövlət kimi tanınmasına yol açdı. Azərbaycanın dövlət müstəqilliyinin qorunması və təhlükəsizliyinin möhkəmləndirilməsi, dövlətlərarası əlaqələrin inkişaf etdirilməsi, beynəlxalq və regional təşkilatlarla səmərəli əməkdaşlıq ölkəmizin beynəlxalq münasibətlər sistemində layiqli yer tutmasını təmin etdi. Beləliklə, Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi 1993-2003-cü illərdə müstəqil dövlətimizin tərəqqisi üçün möhkəm təməl yaradıldı. Ulu Öndər öz həyatının uğurlarını xalqına arxalanmaqda görərək deyib: "Mənim həyat amalım bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi-siyasi, mənəvi inkişafına xidmət edir. Bu yolda bütün gücümü və iradəmi yalnız müdrik və qədirbilən xalqımdan almışam. Ən çətin anlarda, ən mürəkkəb vəziyyətlərdə yalnız və yalnız xalqıma arxalanmışam. Bu da, mənə dözüm, iradə verib və bütün uğurlarımı təmin edib".

Söz yox ki, xilaskarlıq missiyasının banisi kimi tanınan Heydər Əliyev XX əsrin son dərəcə mürəkkəb və ziddiyyətli tarixi şəraitində fəaliyyət göstərmişdir. Artıq qeyd etdiyimiz kimi, Azərbaycanın ən yeni tarixinin bütöv bir qərinəsi Heydər Əliyev şəxsiyyəti ilə, onun mübarizə yolu, böyük quruculuq fəaliyyəti ilə sıx bağlıdır. Məhz dahi şəxsiyyət Heydər Əliyevin xalqın təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə gəlməsi Azərbaycanın müstəqillik tarixində yeni bir mərhələnin başlanğıcını qoydu. O dövrü bir anlığa xatırlayanda göz önünə, ilk növbədə, ölkədə hökm sürən anarxiya və xaos, hərc-mərclik və dərəbəylik gəlir. Bütün bunlara son qoymaq, ictimai-siyasi prosesləri normal məcraya yönəltmək hər kəsin işi deyildi və bu missiyanı öz Liderlik və Xilaskarlıq səyi və bacarığı sayəsində əbədiyaşar Prezident Heydər Əliyev üzərinə götürdü, bu dövləti əbədi, sarsılmaz və qüdrətli dövlətə, Azərbaycanın müstəqilliyini dünya müstəvisində reallığa çevirdi. Bəli, əsl həqiqətdir ki, bu böyük şəxsiyyət öz dərin zəkası, iti ağlı və mətin iradəsi ilə Azərbaycanımızı yüksəltdi, qorudu, müstəqilliyini yaşatdı və əbədiləşdirdi. İndi Azərbaycan adı Heydər Əliyevin adı ilə qoşa çəkilir. Beləliklə. "Bu və ya digər xalqın böyüklüyü onun sayca çoxluğu ilə deyil, bəşəriyyətə bəxş etdiyi dühalarla ölçülür" - müdrik kəlamı təsdiqini tapır.

Xüsusilə, bu ərəfələrdə Naxçıvanda Yeni Azərbaycan Partiyasının yaradılması həmin xilasın başlanğıc nöqtəsi idi. Bu partiya xalqın partiyasıına çevrilərək, xilaskarlıq missiyasının bayraqdarı rolunu oynadı. Məhz Ulu Öndərin tarixi şəxsiyyət kimi meydana çıxması Azərbaycanda yeni günəşin doğmasına, ölkəmizin parlaq gələcəyinin bərqərar olmasına təkan verdi.

Yeri gəlmişkən, Fransanın "Kuryer İnternasional" jurnalının 2003-cü ilin may nömrəsində nəşrin baş redaktoru Aleksandr Adler Ulu Öndər Heydər Əliyevə həsr etdiyi məqaləsində yazırdı: "Nə sülh, nə də firavanlıq gətirən tufanların tüğyan etdiyi müasir dünyada Heydər Əliyev kimi dövlət xadimləri həmişəkindən daha çox gərəkdir. Tanrı bu şəxsiyyəti təkcə öz xalqına deyil, həm də başqa xalqlara son dərəcə mürəkkəb tarixi bir məqamda göndərmişdir. O, bir sıra ciddi böhranlar keçirmiş və onları dəf etmişdir. O, bunların hamısına mətanətlə sinə gərmiş və onu mənən və cismən məhv etmək üçün göstərilmiş bütün cəhdlərə baxmayaraq, daha yüksəklərə qalxmışdır".

Bu gün də Heydər Əliyevin müəyyən etdiyi yol davam etdirilir. Azərbaycan inkişaf edir, ən uca zirvələrə qalxır, beynəlxalq almədə öz nüfuzunu daha da gücləndirir. İndi Heydər Əliyev ideyaları Azərbaycan dövlətinin strateji inkişaf xəttinin ideoloji əsaslarını təşkil edir. Onun xalqımız, Vətənizmiz qarşısında ən böyük və müqəddəs borcu onun məmləkətimizin nailiyyətlərini gələcəkdə yaşatmaq və daha da təkmilləşdirmək iqtidarında olan layiqli, ləyaqətli bir varisi - İlham Əliyevi yetişdirməsidir. Belə ki, cənab İlham Əliyev türk dünyasının ən qüdrətli sərkərdəsinin, Heydər Əliyev kimi azman siyasi liderin, qüdrətli zəka sahibinin yanında, siyasi kürəsində bərkimiş, yetkin dövlət başçısı olduğunu məsuliyyətli fəaliyyətində təsdiqləmişdir. Əgər bu fün Ulu Öndərin siyasi varisi, layiqli davamçisı İlham Əliyev bütün varlığı ilə müstəqil Azərbaycanımızın siyasi, iqtisadi və mədəni inkişafı istiqamətində həlledici əhəmiyyətə malik işlər görürsə, deməli, Heydər Əliyev ideyalarının həyata keçirilməsi başlıca vəzifə kimi öz aktuallığını saxlayır və xalq da öz Prezidentinin həyata keçirdiyi məqsədyönlü siyasəti dəstəkləyir. Artıq bu bir reallıqdır ki, Azərbaycan Ümummilli Liderimizin müəyyən etdiyi strateji və alternativi olmayan siyasi xətt ilə inamla irəliləyir, dövlətimiz gənc və dərin zəkaya malik liderlə daha sürətlə inkişaf edir. Azərbaycan getdikcə qüdrətli və dayanıqlı ölkəyə çevrilməklə dünya miqyasında öz mövqeyini və yerini möhkəmləndirir. Ölkə Prezidenti İlham Əliyev vurğulayıb: "Mənim məqsədim budur ki, Azərbaycan xalqı daha da yaxşı yaşasın, əmin-amanlıq olsun, inkişaf olsun. Ölkəmiz daha da inkişaf etsin, güclənsin və Azərbaycan dünyada daha da möhkəm bir dövlətə çevrilsin".

Artıq fəxrlə deyə bilərik ki, Azərbaycan möhkəm və qüdrətli dövlətə çevrilib və bu böyük şəxsiyyətlərin reallaşdırdıqları inkişaf konsepsiyası sayəsində əldə olunan uğurlar ölkəmizin nurlu sabahının təminatçısıdır. Bəli, bu gün Azərbaycan sözün əsl mənasızda yüksək sürətlə böyük zirvələrə doğru irəliləyir, Azərbaycan öz qüdrətini daha da artırır. Heydər Əliyevin siyasi xəttinin davamçısı olan Prezident İlham Əliyev hazırda Azərbaycanı müvəffəqiyyətlə siyasi və iqtisadi modernləşməyə doğru aparır. İqtisadiyyatın liberallaşdırılması, ölkənin geosiyasi və geoiqtisadi çəkisinin artması, vətəndaş ilə dövlət arasında vahid birliyin, ahəngdarlığın bərqərar olması Azərbaycanı yüksələn xətlə inkişafa aparır. Prezident İlham Əliyevin apardığı siyasət nəticəsində Azərbaycan iqtisadi inkişaf sürətinə görə dünyanın aparıcı dövlətləri sırasında yer alıb. Cənab İlham Əliyev böyük əzmkarlıq və mətanət göstərməklə Azərbaycanımızı qət olunması çətin sayılan zirvələrə ucaldır, dövlətçiliyimizi və tarixi müstəqilliyimizi daha da möhkəmləndirir.

"Əmin ola bilərsiniz ki, mən Heydər Əliyevin başladığı bütün işləri axıra çatdıracağam" - söyləyən Prezident İlham Əliyev ulu öndərimiz tərəfindən müəyyən edilmiş dövlətçilik kursunu davam etdirməklə, Azərbaycanımızı indiki firavan günlərə çatdırmış və gələcəyə, sabaha möhkəm təminat yaradıb.

Fikirlərimi hörmətli akademikimiz Ramiz Mehdiyevin fikirləri ilə başa çatdırmaq istərdim: "Heydər Əliyevə siyasət səhnəsində heç kim qalib gələ bilməmişdir. O, dövlətçilik tarixində "qalib lider" obrazını yaratdı. Azərbaycan tarixində böyük uğurları ilə yanaşı, həm də ən müxtəlif səbəblərdən məğlubiyyət anı yaşayan liderlər çox olmuşdur. Heydər Əliyev isə Azərbaycan xalqına qalibiyyətin canlı obrazını, lider örnəyini bəxş etdi. Bu, tariximizdə həmişəlik qürur ünvanı kimi qalacaq və onun siyasətinə də alternativ yoxdur".

Mehriban Abasquliyeva,

YAP Sabunçu rayon təşkilatının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə