"İki ölkənin münasibətləri qarşılıqlı maraq çərçivəsində davam edəcək" ÖZƏL-ŞƏRH

"İki ölkənin münasibətləri qarşılıqlı maraq çərçivəsində davam edəcək" ÖZƏL-ŞƏRH

“Gürcüstanda prezident seçkiləri hüquqi cəhətdən sona çatmaq üzrədir. İlkin nəticələrə görə Salome Zurabişvilinin qalib gəldiyi deyilsə də Vaşadze seçkilərin nəticələrini tanımayacağını bildirib”. Bunu SİA-ya açıqlamasında politoloq Vasif Əfəndiyev deyib.

Politoloqun sözlərinə görə, bir çox müşahidəçilərin və ekspertlərin bəyanatlarına əsasən seçkilərdə nəticəyə təsir edəcək dərəcədə saxtakarlıq olub: “Bir maraqlı faktı qeyd etmək istəyirəm. Seçkilərin birinci turunda soydaşlarımız yaşayan ərazilərdə Vaşadze böyük üstünlüklə qalib gəlmişdisə, ikinci turda bu səslər Zurabişvilinin qutusundan çıxdı. Səsvermənin nəticələrinə məntiqlə yanaşdıqda Vaşadze bütün müxalif qüvvələri təmsil etdiyi halda ikinci turda səslərini 200 min, Zurabişvili isə 400 mindən artıq artması real görünmür. Hökumətin seçkiqabağı banklara borcu olan vətəndaşların borclarının silinməsi barədə bəyanatı da müəyyən dərəcədə Zurabişvilinin xeyrinə işlədi. Lakin bu bəyanat dövlət resuslarından istifadə edərək seçiciləri ələ almaq kimi qiymətləndirilə bilər.

Beynəlxalq təşkilatlar hələ ki, seçki ilə bağlı ehtiyatlı davranırlar. Saakaşvili tərəfdarlarını meydanlara çağırıb və vətəndaş itaətsizliyi sərgiləməyə dəvət edib. Ermənistanda bu ssenarinin uğurla həyata keçirldiyinin şahidi olduq. Qərbin ehtiyatlı davranmağı da səbəsiz deyil. Bu gün demokrat obrazında təqdim olunan Vaşadze əslində sovet Xarici İşlər Nazirliyinin yetirməsidir. Ruspərəst Zurabişvili isə Fransada doğulmuş və qərb təhsili görmüş siyasətçidir. Bu səbəbdən də qərb Salome Zurabişvili ilə münasibətlər üçün əl yeri qoya bilər ki, bu da gələcəkdə Gürcüstanın Rusiyanın tam təsir dairəsinə düşməyərək Avropaya inteqrasiya etməsini təmin etsinlər.

Hər halda Gürcüstanda seçiləcək prezidentin kimliyindən asılı olmayaraq Azərbaycanla münasibətlərin daha da inkişaf etdirilməsi marağındayıq. İndiyə qədər müstəqil Gürcüstanın seçilmiş dörd prezidenti Azərbaycana qarşı eyni siyasi kursu davam etdiriblər. Bundan sonra da iki ölkə arasındakı münasibətlər kifayət qədər açıq və qarşılıqlı maraq çərçivəsində davam edəcək. Bu gün öz ölkələrində baş verən hadisələrə Gürcüstan xalqı məsuliyyət daşıyır. Bizim üzərimizə düşən vəzifə isə Gürcüstan xalqlarının seçki iradəsinə hörmət etməkdir”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə