“Paşinyan demaqogiya və populizmlə məşğuldur” "Armenianreport"

“Paşinyan demaqogiya və populizmlə məşğuldur” "Armenianreport"

Əgər Paşinyan bundan sonra da demaqogiya və populizmlə məşğul olacaqsa, onda “Sasna Srer”in (siyasi partiya-R.R.) bədbinliklə proqnozlaşdırdığı kimi, yeni parlamentin ömrü il yarım, iki il sürəcək. SİA xəbər verir ki, bu barədə armenianreport saytının təhlil bölməsində “Paşinyanın əriyən reytinqi və xalqın səbrsizliyi” başlıqlı məqalədə yazılıb. Erməni müəllif bununla yanaşı qeyd edib ki, hələ 6 ay qabaq onlar öz yazılarında Nikol Paşinyan hökumətinə xəbərdarlıq ediblər: “Nikol Paşinyan hökumətini xəbərdar etmişdik ki, onun ictimaiyyət arasındakı populyarlıq zenitində qalması baxımından, eləcə də vaxt ehtiyatında çox zamanı qalmayıb ki, uzun illərdir ki, çökmüş erməni iqtisadiyyatında islahatlara başlasın. Biz xəbərdarlıq etmişdik ki, bir siyasətçi üçün reytinq və populyarlıq keçicidir, ona görə də qısa zaman kəsimində iqtisadiyyatı dirçəltmək vacibdir...”

Küçədən gələn erməni siyasətçisinin ətrafı seyrəlir

“Təəssüf ki, Paşinyan və ətrafı yeni hakimiyyət üçün qiymətli vaxtlarında real iş görmək yerinə, daha çox öz opponentləri ilə elementar demaqogiya vasitəsi ilə hesablaşmağı üstün tutdular. Nəticədə şəxsən Paşinyanın reytinqi yavaş-yavaş əriməyə başladı. Buna sübut kimi, noyabrın 24-də Nikol Paşinyanın rəhbərliyi ilə keçirilmiş yürüşü göstərə bilərik. Bu yürüş təxminən 9,5 saat çəkdi. Paşinyan qısa nitqlə çıxış edərək dedi ki, bu, eyni zamanda bütün mümkün səhvlərin və yanlışlıqların günahının yuyulması yürüşü idi”, erməni müəllif xatırladır.

Həmçinin, bildirilir ki, ona əvvəlki kimi dəstək verməyə kifayət qədər az adam toplaşmışdı: “Və bu da gözlərə dəyirdi. Hətta Paşinyanın ən qatı tərəfdarları istəməsələr belə, etiraf etdilər ki, ölkədə hakimiyyət dəyişikliyinə səbəb olmuş inqilab eyforiyası yox olmağa başlayıb. Bunun səbəbləri çox aydındır – ölkədə çoxsaylı problemlər var və yeni hakimiyyət onları həll eləməyə hazırlaşmır...”

Xalqın adından danışır, amma xalq üçün heç nə etmir, və xalqın səbri tükənməz deyil

Sözügedən məqalədə bildirilir ki, əhali öz həyatında yaxşılığa doğru dəyişiklikləri hiss etməyib və hiss edə də bilməz, çünki bunun üçün iqtisadiyyatın həyata qayıtması, maliyyə sektorunun sağlamlaşdırılması lazımdır ki, bu da baş verməyib. “Paşinyanın fəaliyyətinə baxarkən, şəxsən məndə belə bir təəssürat yaranır ki, o hələ də özünü inqilab lideri, küçə etirazçısı kimi hiss edir, bir hökumət başçısı olmağından başqa və ölkə siyasətinə cavabdeh olan şəxs olaraq. O, populizm və demaqogiya ilə məşğul olmaqda davam edir, lakin xalq üçün real, səmərəli nəticələr yoxdur, hansı ki, xalqın adından danışmağı sevir. Biz, heç nə görmürük”, erməni müəllif yazır və əlavə edir ki, Paşinyanın reytinqinin aşağı düşməsi kifayət qədər qanunauyğun prosesdir: “İnsanlar Sarkisyan rejiminə nifrət edərək, uzun illərdir yığılıb-qalmış buxarı çıxartdılar və artıq 7 aydır ki, həyat səviyyələrinin yaxşılaşmasını gözləyirlər. Lakin əvvəllər olmadığı kimi, indi də bu səviyyə yoxdur. Artıq, əhalinin müəyyən hissəsində Paşinyana və onun hakimiyyətinə qarşı narazılıqlar formalaşmağa başlayıb. Ona görə də şənbə günü keçirilmiş yürüşə az adam qatıldı ki, Paşinyan daha çoxuna ümid edirdi. Bütün bu prosesləri cəmiyyətdə hakimiyyət fiksiyalaşdırır. Bu baxımdan, növbədənkənar seçkilərə tələsirlər. Hələ may ayında Paşinyan dəfələrlə bəyan edirdi ki, seçkilər 2019-cu ilin yazında keçirilməlidir, lakin sonradan o öz düşüncəsini dəyişdi. Niyə? Bunun cavabı bəllidir – parlament seçkiləri nə qədər mümkündürsə tez keçirilməlidir, çünki 2019-cu ilə qalarsa, bu Paşinyanın əleyhdarlarına toparlanmağa, qruplaşmağa və inqilabın buraxdığı boşluqlarından istifadə etməyə imkan verəcək. Bax, ona görə də seçkilərə tələsir”.

Beləliklə, Paşinyanın reytinqinin aşağı düşməsini tam təfsilatı ilə anlatmağa çalışan müəllif son olaraq qeyd edir ki, onun parlament seçkilərinə qatılaraq qələbə qazanması hələ ki, mümkündür, lakin xalqın səbri tükənməz deyil. “Əgər Paşinyan həlledici addımlar atmayıb, bundan sonra da demaqogiya və populizmlə məşğul olacaqsa, iqtisadiyyat və daxili siyasətdə, eləcə də xarici siyasətdə nəticələr əldə etməyəcəksə, onun vəziyyəti heç də yaxşılığa doğru dəyişməyəcək”, deyə erməni müəllifi qeyd edib və bildirib ki, bütün bunlar inqilab ideyalarının da puç olması ilə başa çatacaq və Paşinyan getməli olacaq.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə