Akademik Zərifə Əliyeva adına orta ümumtəhsil məktəbində İnsan hüquqları mövzusunda maarifləndirici tədbir keçirilib
Bu günlərdə akademik Zərifə Əliyeva adına orta ümumtəhsil məktəbində insan hüquqlarına dair maarifləndirici treninq keçirilib. Tədbirə dövlət orqanları və QHT-lərin nümayəndələri, müəllimlər, valideynlər və şagirdlər qatılıblar.
Ombudsman Aparatından SİA-ya verilən məlumata görə, tədbiri açan məktəbin direktoru Məhəbbət Vəliyeva insanların öz hüquqlarına yiyələnməsinin əhəmiyyəti, məktəb şagirdlərinin uşaq hüquqları üzrə məlumatlandırılması sahəsində aparılan işlər, həyata keçirilən tədbirlər haqqında danışıb.
Trener qismində iştirak edən Ombudsman Aparatının Hüquqi maarifləndirmə sektorunun əməkdaşı Rəşid Rumzadə çıxışında Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın orta ümumtəhsil müəssisələrində insan hüquqlarının, o cümlədən uşaq hüquqlarının təbliğinə böyük önəm verdiyini diqqətə çatdırıb. O, Azərbaycan Respublikası Konstitusiyasında, milli qanunvericilik aktlarında, ölkəmizin qoşulduğu beynəlxalq konvensiyalarda təsbit olunmuş hüquqlar – təhsil, əmək, iştirak, birləşmək, məlumat əldə etmək, istirahət etmək və asudə vaxt keçirmək, sağlam ətraf mühitdə yaşamaq və digər hüquqlar barədə, həmçinin Ombudsmanın səlahiyyətləri haqqında iştirakçılara ətraflı məlumat verib.
Aparatın əməkdaşı iştirakçılarla BMT-nin Ümumdünya İnsan Hüquqları Bəyannaməsi, Uşaq Hüquqları Konvensiyası və Uşaq hüquqları haqqında Azərbaycan Respublikası Qanununun müddəaları üzrə interaktiv müzakirələr aparıb.
Məktəblilərə insan hüquqpozmaları, o cümlədən uşaqlara qarşı zorakılıq halları ilə rastlaşdıqları təqdirdə Ombudsman təsisatında yaradılmış, 24 saat ərzində fəaliyyət göstərən 916 nömrəli qaynar xəttə məlumat vermək tövsiyə olunub.
Canlı diskussiyalarla davam edən treninqdə iştirakçılar insan hüquqları sahəsində bilgilərini nümayiş etdirmiş, fikir və mülahizələrini söyləyiblər.
Aparatın əməkdaşı şagirdlərin suallarını cavablandırmış, təsisatda hazırlanmış hüquqi nəşrlər və plakatlar məktəbə təqdim edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB