Dünyanın həsəd aparacağı əməkdaşlıq müstəvisi: - Azərbaycan-Türkmənistan -RƏY-ÖZƏL

Dünyanın həsəd aparacağı əməkdaşlıq müstəvisi: - Azərbaycan-Türkmənistan -RƏY-ÖZƏL

“Azərbaycan Prezidentinin Türkmənistana səfəri zamanı ölkələr arasında müxtəlif sahələrdə əməkdaşlığa dair 21 sənəd imzalanması çox önəmlidir. İmzalanan sənədlər arasında diqqət çəkən məqam nəqliyyat, tranzit, logistika, o cümlədən beynəlxalq daşımalar, dəniz ticarət gəmiçiliyi, beynəlxalq avtomobil daşımaları ilə bağlı sazişlərin üstünlük təşkil etməsidir”. Bu fikirləri SİA-ya açıqlamasında siyasi şərhçi Elçin Mirzəbəyli bildirib.

O bildirib ki, Azərbaycan Hökuməti ilə Türkmənistan Hökuməti arasında nəqliyyat, tranzit və logistika məsələləri üzrə Azərbaycan-Türkmənistan Birgə Komissiyasının yaradılması isə hər iki ölkənin qeyd olunan istiqamətlər üzrə uzunmüddətli və sabit əməkdaşlıq perspektivlərindən xəbər verir: “Türkmənistanın Azərbaycanla nəqliyyat, tranzit, logistika sahələrində əməkdaşlığa can atması isə, şübhəsiz ki, Prezident İlham Əliyevin ölkəmizin regionun əsas nəqliyyat qovşağına çevrilməsi istiqamətində həyata keçirdiyi siyasətin nəticəsidir”

Əvvəllər Xəzərin hüquqi statusu ilə bağlı fikir ayrılıqları, üçüncü tərəflərin təfriqəçi müdaxilələri və digər amillərin Azərbaycan-Türkmənistan münasibətlərinin inkişafına maneə yaratdığını deyən E.Mirzəbəyli söyləyib ki, Azərbaycan Prezidentinin Xəzərin hüquqi statusunun həlli, həmçinin Bakı-Aşqabad münasibətlərinin inkişafı istiqamətində atdığı addımlar, kənar müdaxilələrə imkan yaradan boşluqların aradan qaldırılması, nəinki Azərbaycan-Türkmənistan münasibətlərinin normal məcraya yönləndirilməsinə imkan yaratdı, hətta başqalarının həsəd aparacağı əməkdaşlıq müstəvisinə çəkdi.

Siyasi şərhçi qeyd edib ki, Azərbaycan-Türkmənistan münasibətlərinin inkişafı təkcə iki dövlət arasındakı əlaqələrin inkişafı baxımından önəmli deyil, bu, həmçinin türkdilli ölkələrin münasibətlərinin yeni bir mərhələyə daşınması baxımından da müstəsna əhəmiyyət kəsb edir: “Prezident İlham Əliyev yenə də birləşdiricilik missiyasını yerinə yetirir, mənəvi körpü missiyasını həyata keçirir. Bu, şərəfli olduğu qədər də tarixi bir missiyadır”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə