Mehriban Abasquliyeva: “YAP-ın bütün seçkilərdə uğur qazanması bir reallıqdır” - MÜNASİBƏT

Mehriban Abasquliyeva: “YAP-ın bütün seçkilərdə uğur qazanması bir reallıqdır” - MÜNASİBƏT

“Yeni Azərbaycan Partiyası Azərbaycanın ictimai-siyasi həyatında əhəmiyyətli yer tutan partiyadır. Faktiki olaraq, YAP ümumxalq partiyasıdır. Çünki cəmiyyətimizin də avanqard hissəsi məhz YAP-da birləşib. Lakin o da həqiqətdir ki, partiya Azərbaycanın çətin və böhranlı bir dövründə yaranıb”. Bu fikirləri SİA-ya Yeni Azərbaycan Partiyasının Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva hakim partiyanın yaradılmasının 26-cı ildönümü ilə bağlı münasibətini açıqlayarkən deyib.

Onun sözlərinə görə, partiyanın tarixi Azərbaycan ictimaiyyətinə bəllidir: “Azərbaycan özünün dövlət müstəqilliyini bərpa etdikdən sonra ölkəmizin qarşısında çox mühüm vəzifələr dayanırdı. Məhz Ulu Öndər Heydər Əliyev və xalq birliyi bu çətinliklərin öhdəsindən gələ bildi. Ümumiyyətlə, həmin dövrdə Azərbaycan xalqının, hətta deyərdim ki, bəxti onda gətirdi ki, Ümummilli Lider Heydər Əliyev Azərbaycanda müstəqilliyimizin qorunması və gələcək inkişaf missiyasını yerinə yetirdi. Belə bir Liderimizin həmin böhranlı dövrdə siyasi arenada olması və bu missiyanı öz üzərinə götürməsi, 26 il öncə Yeni Azərbaycan Partiyasının yaradılması tarixi hadisə idi”.

“YAP tarixi bir vəzifəni, missiyanı yerinə yetirmək zərurətindən meydana gəlmişdir. Partiyanın, xalqımızın Lideri və o dövrdə ölkəni böhrandan çıxarmağa qadir olan şəxsiyyət Ulu Öndər Heydər Əliyevin belə bir siyasi təşkilatı yaratması həmin dövrün, zamanın tələbi idi”, deyə bildirən Mehriban Abasquliyevanın qeyd etdiyinə görə, həyat göstərdi ki, məhz Ümummilli Lider Heydər Əliyevin yaratdığı YAP millətin qarşısında duran bu tarixi vəzifəni yerinə yetirməyə qadir olan bir partiya kimi özünü göstərdi: “Beləcə, hakim partiya tarixi sınaqdan çıxdı. YAP yarandıqdan sonra ümummilli vəzifələrin həyata keçirilməsi üçün ciddi səylər ortaya qoyuldu.
Az zaman içərisində xalqın böyük dəstəyi ilə YAP iqtidara gəldi. Ümummilli lider xalqı Öz ətrafında birləşdirərək YAP-ın kadrları, o cümlədən xalqın bütün təbəqələrinin dəstəyi ilə milli müstəqilliyimizin dönməzliyini təmin etdi, Azərbaycanın sosial-iqtisadi inkişaf modelini müəyyənləşdirdi, ilk dəfə olaraq xalqımız müstəqil dövlətin Konstitusiyasını qəbul etdi, dövlət idarəçilik forması müəyyənləşdirildi, ictimai mülkiyyətdən liberal iqtisadiyyata keçid reallaşdı. Əlbəttə ki, bütün bunlar qarşıda duran vəzifələr idi. Tarixi zərurət, şərait, ölkənin qarşısında duran ciddi vəzifələr YAP-ın yaranmasını zəruri etdi. YAP Ümummilli liderin ideyasının məhsulu idi. Bu partiya inkişaf edərək bugünkü səviyyəsinə çatıb”.

“Bu gün YAP cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə müəyyən olunmuş nəhəng, fundamental prinsiplərə söykənərək yeni, ümummilli vəzifələri həyata keçirməkdədir”, deyə qeyd edən partiyanın Sabunçu rayon təşkilatının sədri onu da vurğulayıb ki, Yeni Azərbaycan Partiyası 1993-cü ildən etibarən ölkəmizdə keçirilən prezident, parlament və bələdiyyə seçkilərində iştirak edir. Partiya 1993-cü ildə prezident seçkilərinə qatılmaqla, Ümummilli Lider Heydər Əliyevin seçki kampaniyasının həyata keçirilməsində fəal iştirak etməklə böyük təcrübə qazandı: “Sonrakı mərhələlərdə isə YAP prezident, parlament və bələdiyyə seçkilərində çox ciddi uğurlar əldə edərək, eyni zamanda, dünya seçki təcrübəsinin ən yaxşı nümunələrini əxz edərək onları Azərbaycan şəraitində daha səmərəli şəkildə tətbiq edə bildi. Ona görə də hakim partiyanın qələbəsini şərtləndirən amillərdən danışanda, əlbəttə, burada birinci yerdə bu partiyanın Ümummilli Lider Heydər Əliyev ideyalarına söykənməsi dayanır. İkincisi, bu partiyanın hazırkı şəraitdə Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə daha yüksək səviyyəyə çatdırılması və Onun həyata keçirdiyi siyasətin uğurlarıdır. Digər səbəb Azərbaycan cəmiyyətinin ən intellektual, aparıcı hissəsinin bu partiyanın sıralarında birləşməsidir. Eyni zamanda, YAP-ın coğrafi baxımdan Azərbaycan ərazisində geniş şəkildə təşkilatlanmasıdır. Əbəs deyil ki, ötən 26 ildə YAP Qafqazın ən böyük siyasi partiyasına çevrilib və bu gün hakim partiyanın 700 mindən çox üzvü var. Belə bir gücə malik olan partiyanın bütün seçkilərdə uğur, xalq arasında isə tükənməz nüfuz qazanması bir reallıq, gerçəklik və danılmaz aksiomdur”.

Mehriban Abasquliyeva bildirib ki, bununla belə, partiyanın uğurlarından biri YAP-ın yerli strukturları ilə İcra katibliyi arasında sıx əlaqələrin və müəyyən mənada ideal idarəçilik sisteminin yaradılması, dövlət idarəçiliyində çalışan partiya üzvlərinin fəaliyyətinin yüksək səviyyədə olmasıdır, xalqla hakimiyyətin vəhdətidir, eləcə də Prezident İlham Əliyevin siyasətinə, Onun şəxsiyyətinə Azərbaycan xalqının böyük rəğbətidir.

Habelə, partiyamızın Siyasi Şurası, Qadınlar Şurası strukturlar olaraq, çox böyük işlər aparır, dövlətimizin istiqamətləndirdiyi siyasətin həyata keçirilməsində önəmli rol alırlar. Bütün bunlar YAP-ın ardıcıl uğurunun göstəriciləridir. Hesab edirəm ki, növbəti mərhələlərdə də hakim partiya istənilən seçkiyə qatılaraq böyük uğur qazanmaq iqtidarına malik bir partiyadır”.

YAP Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva partiyanın bütün üzvlərini 26 illiyi münasibəti ilə təbrik edib: “Mən də partiyamızın bütün üzvlərini, rəhbərliyini və sıravilərini, ağsaqqallarını, gənclərini və xanımlarını, ümumiyyətlə, Vətəninə, dövlətinə bağlı olan bütün əqidədaşlarımı növbəti uğurlu ilinə qədəm qoyması münasibəti ilə ürəkdən təbrik edir, hər birinə uğurlar, nailiyyətlər arzu edirəm”.

Rəfiqə KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə