Mübariz Əhmədoğlu: “Prezident İlham Əliyevin apardığı siyasəti ən yüksək qiymətlə dəyərləndirirəm”
Bu ilin əvvəlindən İlham Əliyev "Dağlıq Qarabağ" məsələsini ümummilli ideyaya çevirdi. Bunu SİA-ya açıqlamasında Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin rəhbəri Mübariz Əhmədoğlu deyib. Onun sözlərinə görə, prezident vurğunu hərbi məsələnin üstündə qoyub: "2010-cı ilədək görülən işlər Azərbaycanın Dağlıq Qarabağ məsələsində siyasi, diplomatik, iqtisadi üstünlüyünü təmin edib. Bütün dünya qəbul etdi ki, Azərbaycan siyasi, diplomatik, iqtisadi cəhətdən Ermənistandan üstündür. İl başlayan zamandan prezident əsas diqqəti hərbiyə ayırdı ki, hərb inkişaf etdirilsin. İlham Əliyevin Dağlıq Qarabağla bağlı apardığı siyasətdə hərbi element demək olar ki, bu il ən prioritet elemen olub. İlk dəfə olaraq prezident Müdafiə Nazirliyində müşavirə keçirdi. Dünya praktikasında prezidentlərin Müdafiə Nazirliyində müşavirə keçirməsi çox nadir hallarda rast gəlinən praktikadır. Hərbi doktrina qəbul olundu. Hərbi doktrinada hətta lazım gəlsə belə Azərbaycanın ərazisində yeni digər dövlətlərin hərbi bazasının yerləşdirilməsi məsələsi gündəmə gəldi. prezident Müdafiə Nazirliyinə külli miqdarda pul ayırdı. İlham Əliyev üçün hərbi sahə ən prioritet sahə olub. Prezident eləcə də ölkəmizin müdafiə sənayesinin inkişafına xüsusi diqqət verib. Xaricdən xeyli miqdarda silah alınıb. Bütün bunlar İlham Əliyevin şəxsi göstərişi ilə olan məsələlərdir".
M.Əhmədoğlu vurğulayıb ki, siyasi diplomatik sahədə də səylər davam etdirilib: "Prezidentin 2010-cı ildə siyasi diplomatik sahədə ən mühüm bir yenilik edib. Yəni, tək hərbi üstünlükləri ortaya çıxarmayıb. O cümlədən siyasi diplomatik sahədə də yeni keyfiyyət mərhələsi yaradıb. Bu da ondan ibarətdir ki, İlham Əliyev Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Ermənistanın işğalçılıq siyasətini davamlı işğalçılıq siyasəti adlandırıb. Prezident davamlı işğalçılıq terminini gündəliyə gətirərək bütün dünyaya göstərib ki, erməninin işğalı bu gündə davam edir. Bu da dünyaya onu göstərib ki, erməninin işğalı canlıdır, bu gündə yaşayır və davam edir".
Politoloq bildirib ki, görülən digər iş Türkiyə ilə Azərbaycan arasında imzalanan strateji əməkdaşlıq haqqında olan müqavilədir: "Hərbi və dövlətlər arası əməkdaşlığın bütün sahələrini əhatə edir. Amma ilk növbədə hərbi sahədə əməkdaşlığa şərait yaradan bir müqavilədir. Artıq Azərbaycan elə bir vəziyyətdədir ki, istənilən anda müharibə yolu ilə öz torpaqlarını azad edə bilər. Təbii ki, bunlar birbaşa İlham Əliyevin şəxsi rəhbərliyi altında görülən işlərin nəticəsidir. Bir siyasətçi olaraq İlham Əliyevin apardığı siyasəti ən yüksək qiymətlə dəyərləndirirəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB