Parlamentdə ən azı beş nəfərlik müxalifət qrupu yaradılacaq

Parlamentdə ən azı beş nəfərlik müxalifət qrupu yaradılacaq

"Parlamentdə təmsil olunan müxalifət partiyaların ümumi birliyini yaratmaq mümkün olmasa da qrup şəklində fəaliyyət göstərəcəyik". SİA-ya açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquluyev parlamentdə mandat qazanan müxalifət partiyaların birliyi məsələsinə toxunub. O, millət vəkilləri Fəzail İbrahimli və Sabir Rüstəmxanlının da yaradılması nəzərdə tutulan qrupda olacağını deyib. Q.Həsənquluyev Asim Mollazadənin də bu qrupda təmsil olunmasının istisna edimədiyini, ancaq onun qəti mövqe bildirmədiyini qeyd edib.

Millət vəkili yenidən qəbulu gündəmdə olan "Siyasi partiyalar haqqında" qanuna da münasibət bildirib. O, hesab edir ki, siyasi partiyaların dövlət büdcəsindən maliyyələşməsi partiyaların parlament seçkilərində iştirakına və parlamentdə təmsilçiliyinə görə müəyyənləşməlidir: "Maliyyələşmədə prezident və bələdiyyə seçkiləri nəzərə alınmamalıdır. Prezident seçilmək üçün 50+1% səs toplamaq lazım olduğundan partiyaların əksəriyyəti bu seçkilərdə iştirak etmək iddiasında olmurlar".

Q.Həsənquluyev bildirib ki, parlamentdə mandat qazanan partiyalara ilkin olaraq müəyyən məbləğdə maliyyə ayrılmalıdır: "Daha sonra ayrılan vəsait isə partiyanı təmsil edən millət vəkillərinin sayına uyğun olmalıdır. Digər bir kriteriya olaraq partiyaların topladıqları səs faizi əsas götürülməlidir. Hesab edirəm ki, bu kriteriyaları nəzərə almaqla yanvar ayında partiyaların maliyyələşməsini həyata keçirə bilərik. Ölkədə siyasi sistem gücləndirilməlidir. Bunun üçün isə siyasi partiyaların dövlət büdcəsindən maliyyələşdirilməsi vacib şərtdir. Bunun nəticəsində də partiyaların ayrı-ayrı dövlətlərdən, iş adamlarından asılılığı aradan qaldırılacaq. Partiyalar onları maliyyələşdirən təşkilatlardan, biznesmenlərdən asılı olur".

Q.Həsənquluyev hesab edir ki, bütün partiyalar dövlət büdcəsindən maliyyələşərsə, bu zaman partiyalara gəlir mənbəyi kimi baxanlar artacaq: "Görüntü olaraq min nəfərə bir yerə yığacaqlar, sanki özəl müəssisə açırlar. Ortada hansısa bir kriteriya olmalıdır ki, onun əsasında maliyyələşsin. "Partiya qeydə alınsın və maliyyələşsin" variantı heç də düzgün deyil".

Bütün xəbərlər Facebook səhifəmizdə