Jalə Əliyeva: “Mədəniyyət haqqında qanun yenidən işlənəcək”

Jalə Əliyeva: “Mədəniyyət haqqında qanun yenidən işlənəcək”
"Mədəniyyət haqqında qanun" yenidən işlənəcək. Bu barədə SİA-ya Milli Məclisin Mədəniyyət komitəsinin üzvü millət vəkili Jalə Əliyeva açıqlamasında deyib. O bildirib ki, dövrün tələblərinə uyğun olaraq 1996-cı ildən qəbul edilən qanunun dəyişilməsinə böyük ehtiyac var. Onun sözlərinə görə, layihənin yenidən hazırlanması ilə əlaqədar Milli Məclisin III çağırışında təklif irəli sürülsə də artıq bu çağırışda görülməli işlərin planına salınacaq və vacib olan bir məsələ kimi müzakirə olunacaq.

"Qanun layihəsinə yeni müddəaların əlavə edilməsi zamanın tələbi olduğu istər mənəvi, istərsə də zaman baxımından aşındığı qərarına gəlinib. Bu çağırışda dəqiq vaxtı hələ məlum deyil və bunu yaz sessiyasında və ya ondan sonrakı sessiyalara çatdıra biləcəyikmi, bunun haqqında dəqiq məlumat verə bilməyəcəyəm. Amma hər halda önümüzdəki sessiyaların birində bu qanun layihəsi bir daha gündəliyə çıxarılacaq. Bilirsiniz ki, hər gün cəmiyyət münasibətləri dəyişir, dünya dəyişir və təbii ki, 1996-cı ildə qəbul edilən qanundan 14 zaman keçib bu müddət ərzində dünya, ölkə həyatında bir sıra dəyişikliklər baş verib . Bütün bu dəyişikliklər də təbii ki, mədəniyyətə sirayət edir. İstər sosial, istər iqtisadi dəyişiklik olsun, bunların hər biri mədəniyyətə təsirsiz ötüşmür", - deyə o əlavə edib.

J.Əliyeva vurğulayıb ki, bütün bunların "Mədəniyyət haqqında qanun"da öz əksini tapmasının vaxtı çatıb. Onun sözlərinə görə, son dövrlərdə mədəniyyətimizə bir külək kimi hardansa əsib gələn şou-biznes ifadəsi daxil olub: "Artıq buna çəki-düzən verməyin, tərəziyə qoymağın zamanı gəlib çatıb. Çünki zövqlərin bu məsələdə korlanıb getməsi Azərbaycan qanunverici orqanı göz yuma bilməz. Prezident İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti olan Mehriban Əliyevanın səyi nəticəsində hazırda ölkə mədəniyyətimizin inkişafına dair mühüm işlər görülür. Bir neçə il bundan əvvəl silinməyə doğru gedən muğamımız yenidən dirçəlib. Bütün bunlar alqışlanmalı məsələlərdir".

Bütün xəbərlər Facebook səhifəmizdə