Yeni Azərbaycan Partiyası qaliblər və qələbələr partiyasıdır - RƏYLƏR

Yeni Azərbaycan Partiyası qaliblər və qələbələr partiyasıdır - RƏYLƏR

Tanınmış ictimai-siyasi xadimlər YAP-ın 26-cı ildönümü ilə bağlı fikirlərini çatdırıblar

Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov

- 26 illik zəngin və şərəfli inkişaf yolu keçmiş Yeni Azərbaycan Partiyasının ötən müddət ərzində ümumxalq partiyasına çevrilərək möhtəşəm nailiyyətlər əldə etməsi təsadüfi xarakter daşımır. Hər şeydən əvvəl, Yeni Azərbaycan Partiyası milli maraqlara xidmət edən çoxşaxəli və səmərəli fəaliyyəti ilə Azərbaycan cəmiyyətinin bütün təbəqələrindən olan insanları öz sıralarında birləşdirib. Monolit və avanqard siyasi qüvvə kimi Azərbaycanın dinamik inkişafına öz layiqli - dəyərli töhfələrini verən Yeni Azərbaycan Partiyasının ümumxalq partiyası olmasını göstərən ən mühüm amillərdən biri onun öz sıralarında dilindən, dinindən, etnik mənşəyindən asılı olmayaraq bütün insanları birləşdirməsidir. Bu, partiyamızın yüksək nüfuzunu əks etdirən başlıca göstəricilərdəndir.

Hər bir siyasi partiyanın keçdiyi yolun əsaslarına diqqət yetirmək, onun fəaliyyətinin xronikası və dinamikasını tədqiq etmək üçün bir sıra müxtəlif məqamlara toxunmaq lazımdır. Bunlardan biri partiyanın yarandığı şərait, daha dəqiq desək, hansı ictimai-siyasi şəraitdə yaranması və fəaliyyət göstərməsidir. Bəllidir ki, Yeni Azərbaycan Partiyası olduqca mürəkkəb - Azərbaycanın xaos, qarşıdurma və tənəzzül ilə qarşı-qarşıya olduğu şəraitdə yaranıb. Üstəlik, həmin dövrdə müstəqilliyi yeni əldə etmiş respublikamız erməni təcavüzü ilə üzləşmişdi. Həmin vaxt hakimiyyətdə olan səriştəsiz qüvvələr öz antimilli, yəni milli maraqlardan uzaq siyasətləri ilə Azərbaycanı parçalanma, hətta məhv olma təhlükəsi ilə qarşı-qarşıya qoymuşdular. Ayrı-ayrı partiyalar isə silahlı dəstələrə malik qüvvələr kimi sırf öz korporativ maraqları uğrunda mübarizə aparırdılar. Yəni onlar üçün milli mənafe anlayışı və ölkənin xilası məsələsi heç bir əhəmiyyətə malik deyildi.

Belə bir mürəkkəb şəraitdə Azərbaycan xalqı xilası böyük dövlət xadimi və dahi şəxsiyyət Heydər Əliyevdə görürdü. Həmin dövrdə Ümummilli lider Heydər Əliyev Naxçıvan Ali Məclisinin Sədri idi. 1992-ci ilin oktyabrın 16-da 91 nəfər ziyalı Ümummilli liderimizə müraciət etdi. Müraciətdə qeyd edilirdi ki, “öz adımızdan və on minlərlə respublika vətəndaşı adından Sizdən xahiş edirik ki, təşəkkül tapan Yeni Azərbaycan Partiyasına rəhbərlik etməyə razılıq verəsiniz. Azərbaycan Sizin sözünüzü və qəti qərarınızı gözləyir”. Ümummilli lider Heydər Əliyev ziyalılara göndərdiyi 24 oktyabr 1992-ci il tarixli cavab məktubunda Yeni Azərbaycan Partiyasının yaradılmasına və ona rəhbərlik etməyə razılıq verdi. Beləliklə, noyabrın 21-də 550 nəfərin iştirakı ilə Yeni Azərbaycan Partiyası təsis olundu və Ulu öndər Heydər Əliyev partiyanın Sədri seçildi. Ümummilli lider Heydər Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası qısa müddət ərzində təşkilatlandı, xalqın dəstəyi ilə 1993-cü ildə hakimiyyətə gəldi. Bu, xalqın Ümummilli lider Heydər Əliyevə böyük inamının, Onun rəhbərlik etdiyi partiyaya dəstəyinin bariz ifadəsi idi. Yeni Azərbaycan Partiyası yaranması Azərbaycanın ən yeni tarixinin möhtəşəm siyasi hadisəsi idi. Çünki bu partiya yarandıqdan sonra avanqard və mütərəqqi siyasi qüvvə kimi milli maraqlara xidmət edən siyasi fəaliyyəti ilə Azərbaycanın inkişafına fundamental töhfələr verdi, ölkədə sabitliyin və təhlükəsizliyin təmin olunmasında misilsiz xidmətlər göstərdi.

Məlumdur ki, YAP müxalifət partiyası kimi yaranmışdı, həmin dövrdə özünün nümunəvi fəaliyyəti ilə müxalifətçiliyin sivil qaydaları və formalarını müəyyənləşdirdi, müxalifətçiliyin nə demək olduğunu cəmiyyətə nümayiş etdirdi. YAP göstərdi ki, müxalifətçilik xalqa, dövlətə qarşı fəaliyyət göstərmək deyil, sabitlik və tərəqqiyə xidmət edən mütərəqqi ideyalarla çıxış etmək, cəmiyyətin və ölkənin inkişafı üçün milli maraqlara əsaslanan fəaliyyət göstərməkdir. Ən əsası, Yeni Azərbaycan Partiyası müasir müstəqil Azərbaycanın siyasi sistemini formalaşdırdı, siyasi mədəniyyətin təşəkkülünü təmin etdi.

Əlbəttə, bütün bunlar Yeni Azərbaycan Partiyasının yüksək nüfuzunu şərtləndirən fundamental amillərdir. Təsadüfi deyil ki, bu gün partiyamızın sıralarında 700 mindən çox insan birləşib və onların mühüm bir hissəsi gənclərdən ibarətdir.

Hər hansı bir siyasi partiyanın gücünü və nüfuzunu müəyyən edən mühüm amillərdən biri onun seçkilərdə əldə etdiyi nəticələrdir. Şübhəsiz ki, seçkilərin nəticələri partiyanın cəmiyyətdaxili siyasi proseslərdə yeri və rolunu müəyyən edir, insanların ona rəğbət və etimadını göstərir. Bu baxımdan, YAP bu günə qədər qatıldığı bütün seçkilərdə - bələdiyyə, parlament və prezident seçkilərində möhtəşəm zəfərlərin altına imza ataraq qələbələr partiyası olduğunu sübuta yetirib. Bu, hər şeydən əvvəl, YAP-ın öz gücünü xalqın dəstəyindən aldığını göstərir və partiyanın fəaliyyətinin Azərbaycan xalqı tərəfindən çox yüksək qiymətləndirilir.

Nəticə etibarilə, Yeni Azərbaycan Partiyası ötən 26 il ərzində Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsində, milli dövlətçiliyimizin əsaslarının gücləndirilməsində, inkişafa, sabitliyə, tərəqqiyə xidmət edən milli məqsədlərin reallaşdırılmasında və yeni hədəflərin müəyyənləşdirilməsində misilsiz xidmətlər göstərib.

Təsadüfi deyil ki, ölkəmiz Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin rəhbərliyi ilə böyük inkişaf yolu keçib, bütün sahələrdə möhtəşəm nailiyyətlər əldə edilib. Yeni zirvələr fəth edən Azərbaycanın hərtərəfli inkişafı, verilən hər bir vədin konkret əməli işdə öz təsdiqini tapması xalq-iqtidar birliyini daha da möhkəmləndirib, vətəndaşların Prezident İlham Əliyevin ətrafında sıx birləşməsini təmin edib. Xalqımız Azərbaycanın son 15 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasətin fonunda böyük inkişaf yolu keçməsini, bu hərtərəfli və dinamik inkişafın bütün sahələri əhatə etməsini çox yüksək qiymətləndirir. Azərbaycan vətəndaşları ölkəmizin inkişafının, sabitliyin davam etməsini istəyir, iqtidarın həyata keçirdiyi siyasətə mütləq inam və etimadlarını ifadə edirlər. Yəni xalq Azərbaycanda inkişaf və sabitliyin davamlı olması üçün Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasəti dəstəkləyir.

YAP Qadınlar Şurasının sədri, partiyanın İdarə Heyətinin üzvü Nurlana Əliyeva

-Müasir müstəqil Azərbaycanın şanlı siyasi tarixinin mühüm səhifələrindən birini ümumxalq partiyası olan Yeni Azərbaycan Partiyasının yaradılması təşkil edir. Bu mərhələni ona görə qürur və iftixar hissi ilə şanlı tarix adlandırırıq ki, Yeni Azərbaycan Partiyasının yaradılması ilə xaos və hərc-mərclik içində olan, vətəndaş müharibəsi və dünyanın siyasi xəritəsindən silinmək təhlükəsi ilə qarşı-qarşıya qalan Azərbaycanın xilasının, tənəzzüldən azad olaraq tərəqqi yoluna nail olmasının əsası qoyuldu. Milli maraqların keşiyində duran və vətənpərvərlik hissinin daşıyıcısı olan hər bir azərbaycanlının etibarlı partiyasına çevrilən YAP-ın müstəqil Azərbaycanın siyasi tarixindəki misilsiz roluna nəzər salmaq üçün bir sıra məqamlara toxunmaq lazımdır.

Məlum olduğu kimi, həmin dövrdə hakimiyyətdə olan qüvvələrin səriştəsizliyi, ölkəni idarə edə bilməməsi səbəbindən Azərbaycan hətta parçalanmaq təhlükəsi ilə üz-üzə qalmışdı. Ölkəmizin sərvətlərinə göz tikən bədxah qüvvələr Azərbaycanı xaos meydanına çevirməyə və öz maraqları əsasında idarə etməyə çalışırdılar. İnsanlar həmin dövrdəki rəhbərliyin ölkəni xilas edəcəyinə inanmırdılar. Məhz belə bir dövrdə güclü siyasi liderə və təşkilatlanmış qüvvəyə ehtiyac olduğu üçün insanların mənəvi gücünü səfərbər etmək, ölkəmizi düşdüyü mürəkkəb vəziyyətdən xilas etmək naminə Ulu Öndər Heydər Əliyev vətənpərvər ziyalıların təkidli çağırışlarını və müraciətlərini nəzərə alaraq Yeni Azərbaycan Partiyasını yaratdı. YAP-ın yaranması həm də tarixi zərurətin nəticəsi, sosial sifariş – çağırış idi. İlk günlərdən partiyanın sıralarına ən nüfuzlu şəxslər, ziyalı və vətənpərvər insanlar toplaşdı. “SƏS” qəzeti vasitəsilə ziyalılarımızın Ulu öndər Heydər Əliyevə müraciəti və bu qəzet vasitəsi ilə Onun tarixi cavabı xilas yolunun, müstəqilliyimizin qorunmasında atılan addımların ilki idi. Əslində, YAP xalqın partiyası kimi yarandı, onun çətinliklərini dəf etmək üçün fəaliyyətə başladı. İnsanlar YAP-ın simasında sivil mübarizənin yollarını müəyyən etdilər. Demokratik prinsiplərə və qaydalara alışdılar. YAP-ın siyasi səhnəyə gəlişi ilə cəmiyyətdə dövlətçilik, müstəqillik ideyaları, vətənpərvərlik duyğuları, sanki, yenidən daha mütəşəkkil şəkildə formalaşmağa və yaşamağa başladı.

Tarix özü YAP-ın ümumxalq partiyası olduğunu sübuta yetirdi. Ötən müddət ərzində partiyamız dövlətimiz və cəmiyyətimizin inkişafına misilsiz, layiqli töhfələr verdi, vətənpərvər, ziyalı insanları öz ətrafında sıx birləşdirdi. Bu gün xalqın partiyası olan YAP Ümummilli liderimiz Heydər Əliyevin ideyaları əsasında gündən günə inkişaf edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sədrlik etdiyi YAP ötən zaman kəsiyində xalqın inam və etimadı əsasında bütün seçkilərdə möhtəşəm qələbələr qazandı, öz fəaliyyətini uğurla davam etdirdi.

O cümlədən, partiyamızın qadınlar siyasətində qurduğu siyasət bilavasitə xanımların Azərbaycanın inkişaf və tərəqqisində daha fəal olmasına geniş şərait yaradır. Xüsusilə, Azərbaycanın birinci xanımı, ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Yeni Azərbaycan Partiyasının Sədr müavini, eləcə də partiyanın Qadınlar Şurasının İdarə Heyətinin üzvü olmasından qürur hissi keçiririk. Bu fakt bir daha göstərir ki, dövlətimizlə partiyamızın məramı qoşa qanad kimi cəmiyyətimizin inkişafına istiqamətlənib. Mehriban xanım Əliyevanın fəaliyyəti Azərbaycan qadınına örnək olan, ona yol göstərən fəaliyyətdir. Bu mənada, YAP Qadınlar Şurasının üzvləri də öz fəəaliyyətlərində Mehriban xanımın fəaliyyətini bir örnək kimi qəbul edir.

Son olaraq, özəlliklə qeyd etmək istərdim ki, partiyamızın 26 illik yubileyi respublikamızın hər bir bölgəsində bayram əhvalında, təntənəli şəkildə qeyd edilir. Bu, xalqımızın Yeni Azərbaycan Partiyasına dərin rəğbət və hörmətinin bariz nümunəsidir. Mən də bütün təbriklərə qoşularaq hər bir yeni azərbaycançını ürəkdən təbrik edir, fəaliyyətlərinə uğurlar diləyirəm.

YAP Qadınlar Şurasının İdarə Heyətinin üzvü, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvü Aqiyə Naxçıvanlı

-Müstəqil və müasir Azərbaycanın inkişafı və tərəqqisində Yeni Azərbaycan Partiyasının özünəməxsus yerinin və nəhəng rolunun olması özünü kifayət qədər sübuta yetirən mühüm faktor kimi qiymətləndirilməlidir. Məhz fəaliyyətinin geridə qoyduğu 26 ili ərzində YAP, ölkəmizin inkişaf strategiyası istiqamətində və bütün sahələrdə öz mütərəqqi sözünü demiş, bu gün də həmin siyasət uğurla davam etdirilməkdədir.

Söz yox ki, bütün bunların təməlində Ulu Öndər Heydər Əliyevin tarixi yeni azərbaycançılıq ideologiyası dayanır və bu ideologiyanın həyata keçirilməsi sayəsində xalqımızın rifah halı daha da yaxşılaşmaqda, sosial-ictimai, eləcə də siyasi mühit daha geniş spektrlərləri əhatə etməkdədir. Yeni Azərbaycan Partiyasının 26 illik fəaliyyəti bu kimi əsaslara söykənərək, istər regionun, istərsə də Qafqazın ən böyük partiyasına çevrilib.

Ölkəmizin ən çətin dövrlərində yaranan Yeni Azərbaycan Partiyasının blokada şəraitində yaşayan ulu diyarımız Naxçıvanda təsis edilməsinin də məxsusi tarixi reallıqları mövcuddur ki, bu gün həmin reallıqlar keçilən yolun nə qədər çətin olduğunu bir daha sübut edir. Azərbaycanın dünyadakı nüfuzunun yüksəklərə qalxması, beynəlxalq tribunalardan ölkəmizin haqq və ədalət səsinin yüksəlməsi, hazırkı məqamda o illərin tarixi həqiqətlərini gözlər önündə canlandırmaqdadır. Bu, bir xilas, yenidən itirilmək təhlükəsi yaşayan müstəqilliyimizin qorunması üçün atılmış və həyat riski olan tarixi həqiqətlərdir. Partiyamızın qurucusu, müasir Azərbaycan dövlətinin banisi Heydər Əliyev dühası bu riskləri gözünə alaraq, xalqımızın çağırışına səs verdi.

Bu gün Heydər Əliyev ideologiyası bilavasitə əbədi, sarsılmaz dayaqlara söykənərək, xalqçılıq, dövlətçilik prizmalarından çıxış edərək istər daxili, istərsə də xarici siyasət vektorunda özünü uğurla sübuta yetirməkdədir. Xalqımızın Ümummilli Lideri, Heydər Əliyevin layiqli davamçısı olaraq, Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyev cənablarının yorulmaz fəaliyyəti və qətiyyəti əldə edilən hər bir nailiyyətin məntiqi nəticələrini ehtiva etməkdədir. Qeyd etmək istərdim ki, bu gerçəklik özünü uğurlu qadınlar siyasətində də sübut edir. Belə ki, ölkəmizdə qadınlar cəmiyyət həyatının müxtəlif sahələrində - ictimai, siyasi, mədəni, hüquqi, sosial, təhsil, iqtisadi və digər sahələrdə uğurla təmsil olunur və yüksək fəallıq nümayiş etdirirlər. Onların əksər çoxluğunun məhz YAP-ın sıralarında yer almaları hər birimizdə qürur hissi oyadır. Təqdirəlayiq haldır ki, bu gün də bütün fəaliyyətini xalqımızın, dövlətimizin inkişafına həsr edən belə işgüzar, vətənpərvər və milli-mənəvi dəyərlərə bağlı qadınlarımız var və onlar dövlətçilik yolunda dönməz əqidələri ilə fəaliyyətlərini göstərməkdədirlər.

Bu mənada, Yeni Azərbaycan Partiyasının Sədr müavini, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti hər bir azərbaycanlı qadın üçün nümunə və iftixar mənbəyidir. Bu gün adı cəmiyyətimizdə xeyirxahlıq, insanlara kömək, nəciblik, alicənablıq məzmunu ilə uzlaşdırılan Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətinin – istər siyasi, istər humanitar sahələrdə gördüyü işlərinin Azərbaycan qadınlarının ölkənin ictimai-siyasi həyatında aktiv iştiraka marağının artması, cəmiyyətimizdə qadın fəallığı ənənələrinin güclənməsində rolu böyükdür. Ümumiyyətlə, Mehriban xanım Əliyevanın geniş ictimai-siyasi fəaliyyəti dünya səviyyəsində Azərbaycan qadınının müsbət obrazının formalaşmasında əvəzsiz rol oynayır. Çünki onun humanitar, elm, təhsil sahələrində həyata keçirdiyi tədbirlər həm Azərbaycanda, həm də başqa ölkələrdə yaşayan qadınlar üçün əsl örnəkdir, eyni zamanda, qadınların cəmiyyətdəki rolunun artırılmasına dəstəkdir. Məhz bu reallıqlar Yeni Azərbaycan Partiyasının fəaliyyətində, qadınlar siyasətinin təməlində özünəməxsus çalarları ilə seçilməkdədir. Mən, Yeni Azərbaycan Partiyasının bütün üzvlərini qədəm qoyduğu 26-cı ili münasibəti ilə ürəkdən təbrik edirəm, onların hər birinə ölkəmizin ictimai-siyasi həyatında yeni-yeni uğurlar arzulayıram.

Milli Məclisin deputatı Nəriman Əliyev

- Hər bir xalqın, toplumun öz müstəqilliyi uğrunda mübarizələr tarixi vardır. Azərbaycanın da özünəməxsus tarixi keçmişi həmin dövr hadisələrinə qiymət vermək üçün də mənbə rolunu oynayır. 1990-cı illərin əvvəlləri Azərbaycanda tarixin başqa bir şəkildə təkrarını xatırladırdı. XX əsrin əvvəlində birinci dəfə müstəqilliyin əldə edilməsindən sonra baş verən hadisələr, qısa müddətdə müstəqilliyə yaranan təhlükə, daxildən və xaricdən olan təhdidlər, təzyiqlər əsrin sonunda yenidən təkrarlanırdı. Bu dövrlər arasında paralellər apardıqda əlbəttə, hadisələrin təsviri üst-üstə düşsə də, nəticələr fərqli idi. Çünki birinci müstəqillik dövründə əldə etdiyimiz nailiyyətləri qorumaq üçün Azərbaycanın yetərli gücü, müttəfiqləri yox idi, ölkə daxilində birlik əldə etmək mümkün deyildi, xarici faktorlar isə vəziyyəti daha da gərginləşdirirdi. Bu vəziyyətdən çıxmaq üçün Azərbaycanın özünün birləşdirici, bütün qüvvələri səfərbər edəcək, onları əsas məqsədə, hədəfə yönəldə biləcək bir faktoru yox idisə, əsrin sonunda baş verən hadisələrdə biz artıq bu amilin mövcudluğunu xüsusi şəkildə vurğulamalıyıq.

Həmin dövrdə Azərbaycan xalqının düşünən beyinləri, öndə gedən ziyalıları bu çətin durumdan çıxmağın yeganə yolunu Ümummilli Lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışında görürdülər. Çünki çoxsaylı siyasi hərəkatların, ən müxtəlif məqsədlərə və hədəflərə yönəlmiş axınların dağıdıcı fəaliyyətinin qarşısını yalnız müdrik siyasət, möhkəm iradə, güclü şəxsiyyət ətrafında xalqın birliyi ala bilərdi. İlk növbədə, Heydər Əliyevin siyasi proseslərə təsir göstərməsi, ictimai-siyasi hərəkatı düzgün istiqamətə yönəltməsi üçün bir siyasi təşkilata ehtiyac duyulurdu. 1992-ci ilin ağır günlərində, xüsusən də həmin ilin payızına doğru hadisələrin gərginləşdiyi bir məqamda Heydər Əliyevə edilən çoxsaylı müraciətlərdən sonra Azərbaycanda yeni bir siyasi təşkilatın yaradılması işinə başlandı. Qısa müddətdə görülən işlər öz nəticəsini verdi və 1992-ci il noyabrın 21-də YAP-ın təsis konfransı keçirildi. Ölkənin o zamankı rəhbərliyi tərəfindən Azərbaycanın demokratik inkişaf yoluna qədəm qoyduğu iddia edilsə də, bu konfrans Bakıda yox, məhz Naxçıvanda keçirildi, çünki onun Bakıda keçirilməsinin mümkün olmaması üçün o zamankı AXC-Müsavat cütlüyü bütün “addımları” atmışdı. Bütün bunlara baxmayaraq, ölkənin hər yerindən nümayəndələrin iştirakı ilə baş tutan konfransda çox ciddi qərarlar qəbul olundu, partiyanın Nizamnaməsi, Proqramı, rəhbər strukturu, seçkili orqanları formalaşdı, qarşıda dayanan vəzifələri müəyyənləşdirildi və Heydər Əliyev partiyanın sədri seçildi. YAP Azərbaycandakı ictimai-siyasi təşkilatlar içərisində aparıcı bir gücə çevrildi. Biz, eyni zamanda vaxtilə Ulu Öndərə müraciət edənlərə təşəkkür edirik. Çünki bu addımı atmaqla azad Azərbaycanı yarada, xalqı arxanızca apara bildiniz.

Bu tarixi qərar Azərbaycanın təməlli inkişafının əsasını qoymuş oldu. Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İham Əliyevin son 15 ildə möhkəm təmələ əsaslanaraq həyata keçirilən təkmil islahatlar Azərbaycanın daha möhtəşəm uğurlara imza atmasını şərtləndirir. Modernləşmə, yeniləşmə dövlət siyasətinin ana xəttini təşkil edir. Əlbəttə ki, bütün bunlar məhz YAP-ın siyasi baxışlarının məntiqi nəticəsidir. Çünki qazanılan hər bir uğurda 26 illik keşməkeşli yol keçmiş YAP-ın siyasəti dövlət siyasəti olaraq, Prezident İlham Əliyev cənablarının müdrik və mütərəqqi siyasəti olaraq qiymətləndirilməkdədir.

İqtisadi və siyasi islahatların vəhdətliyi fonunda Azərbaycana beynəlxalq münasibət daha da yüksəlir. Azərbaycan demokratik ölkə kimi nüfuz qazanıb. İnsan hüquqlarının müdafiəsi, azad mətbuatın inkişafı, seçkilərin demokratik, beynəlxalq standartlara uyğun keçirilməsi istiqamətində göstərilən səylərin miqyası genişdir. Əsas olan mövcud reallıqlarımızın ölkə və dünya ictimaiyyətinə yüksək səviyyədə, heç bir qərəzə yol vermədən çatdırmaqdır. Bu halda mətbuatın üzərinə düşən məsuliyyətin böyüklüyü daha aydın görünür.

Əlbəttə ki, Ulu Öndər Heydər Əliyev yolunun Azərbaycana qazandırdığı uğurları bir yazı çərçivəsində əhatə etmək mümkünsüzdür. Lakin son olaraq onu qeyd etmək istərdim ki, 26 ildir qət edilən bu şərəf və qürurlu yol müasir, müstəqil Azərbaycanın bugünkü reallıqlarıdır. O reallıqlar ki, Azərbaycan bu gün regionun aparıcı qüvvəsi, dünya birliyinin fəal üzvüdür. Azərbaycan bu gerçəkliklərə əsaslanaraq yeni-yeni hədəflərə doğru uğurlara doğru inamla addımlayır.

Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin Səhiyyə komitəsinin üzvü Sədaqət Vəliyeva

-Hər bir Azərbaycan vətəndaşı ölkəmizin taleyində Yeni Azərbaycan Partiyasının oynadığı mühüm rolu, keçdiyi tarixi və çətin yollarını görür və yüksək qiymətləndirir. Belə ki, Yeni Azərbaycan Partiyasının yaranması bilavasitə Ulu Öndər Heydər Əliyevin adı və şəxsiyyəti ilə bağlıdır. Təbii ki, Heydər Əliyevin hakimiyyətə gəlişi, Azərbaycana rəhbərlik etməsi, 1990-cı illərin əvvəllərində ölkəmizi üzləşdiyi fəlakətlərdən xilas etməsi, yaşadığımız bu tarix Yeni Azərbaycan Partiyasının fəaliyyəti ilə bilavasitə əlaqədardır. Yeni Azərbaycan Partiyası Ulu Öndərimiz Heydər Əliyev siyasətinin Azərbaycanda həyata keçirilməsində iştirak edib. Bu tarixin 1992-ci ilin 21 noyabrında Naxçıvanda həkk edilməsi xalqımızın qurtuluşu reallığı oldu.

Ən çətin və məşəqqətli yollar keçmiş YAP xalqın partiyasına çevrilməklə sözün əsl mənasında bu günkü qüdrətini sübuta yetirmişdir. Bu qüdrətin əsasında dayanan daha bir amil Ümummilli Lider Heydər Əliyev siyasətinin məntiqi nəticəsi dayanır. Bu siyasət olmsa idi, əlbəttə ki, müstəqilliyimiz də itiriləcəkdi. Onun qətiyyəti və dönməzliyi sayəsində bizlərin hər birimiz müasir, müstəqil Azərbaycanın inkişaf və tərəqqisində iştirak etməkdəyik.

Bu gün də Yeni Azərbaycan Partiyası öz şərəfli tarixi missiyasını yerinə yetirməkdədir. YAP Heydər Əliyev siyasətinin, Prezident İlham Əliyevin bu gün həyata keçirdiyi islahatların gerçəkliyə çevrilməsində, ölkəmizin qüdrətinin artırılmasında yaxından iştirak edən təşkilatdır. Bu partiya ölkəmizin siyasi palitrasına yeni baxışlar gətirib. YAP yeni siyasi fəlsəfəyə, yeni baxışlara əsasən yaranaraq siyasi meydana qədəm qoyub, tez bir zamanda böyük və nüfuzlu siyasi təşkilata çevrilib. Partiyaya Heydər Əliyev kimi görkəmli şəxsiyyətin rəhbərlik etməsi cəmiyyətin bütün təbəqələrinin bu siyasi təşkilatın ətrafında birləşməsinə səbəb oldu. Ona görə də bizlər vurğulayırıq: Yeni Azərbaycan Partiyasının yaranması Azərbaycanın müasir tarixinin ən möhtəşəm hadisələrindən biridir.

O da bir həqiqətdir ki, Yeni Azərbaycan Partiyası Azərbaycanın tarixində bu günə qədər heç bir siyasi təşkilata müyəssər olmamış yüksəkliyə, ictimai nüfuza sahibdir. Azərbaycan tarixində heç zaman bu qədər üzvü özündə birləşdirən siyasi təşkilat olmayıb. Yeni Azərbaycan Partiyasının keçdiyi yol şərəfli bir tarix olduğu kimi, onun bundan sonrakı taleyi də kifayət qədər uğurlu olacaq. Yeni Azərbaycan Partiyası 26 ildir iqtidardadır. Həyata keçirilən strateji islahatlar, Azərbaycanın uğurlu inkişafı bundan sonra uzun illər də Yeni Azərbaycan Partiyasının iqtidar statusunun saxlanması üçün çox ciddi bir etibar, əsas olacaq. YAP yeganə partiya idi ki, yaranandan altı ay sonra onun rəhbəri hakimiyyətə gəldi. Bu, xalqın istəyi idi. Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev hazırda Ulu Öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirir. Bu uğurlarda, bu nailiyyətlərdə bilavasitə Yeni Azərbaycan Partiyasının rolunun olması danılmaz həqiqətdir. Hər bir Yeni Azərbaycan Partiyasının üzvünü partiyamızın 26-cı ildönümü münasibəti ilə təbrik edir, fəaliyyətlərində davamlı uğurlar arzulayıram.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə