Avropa İttifaqı ikili standartlar siyasəti yürütməkdə davam edir TƏHLİL

Avropa İttifaqı ikili standartlar siyasəti yürütməkdə davam edir TƏHLİL

Avropa İttifaqının (Aİ) Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun 10-12 dekabr tarixində Tiflisdə keçirilməsi nəzərdə tutulan onuncu İllik Məclisinə Azərbaycan hökumətinin nümayəndələrinin dəvət edilməməsi qurumun fəaliyyəti barədə bir çox məqamlara aydınlıq gətirir. Azərbaycan, Ermənistan, Belarus, Ukrayna, Moldova və Gürcüstan olmaqla altı postsovet ölkəsi ilə Avropa İttifaqının inteqrasiya əlaqələrinin inkişafı üçün yaradılmış Şərq Tərəfdaşlığı Aİ-nin xüsusi layihəsi olduğu halda, Tiflisdə keçiriləcək tədbirə Azərbaycan hökuməti nümayəndələrinin dəvət edilməməsi bir paradoksdur.

Azərbaycanın Gürcüstandakı səfirliyinin nümayəndəsi formatında planlaşdırıllan dəvət rəsmi Bakının iştirakının məhdudlaşdırıılması deməkdir. Yaxud, bu şəkildə dəvət Azərbaycan diplomatının iclasda müşahidəçi statusunda iştirak etməsi anlamına gəlir. Altı postsovet ölkəsindən biri olan Azərbaycanın nümayəndəsinin müşahidəçi statusunda iclasa qatılması yolverilməzdir və bu yenə də ikili standartların tətbiqindən xəbər verir. Qurumun Azərbaycana qarşı növbəti dəfə ikili standartlar siyasəti tətbiq etməsinin fonunda heç bir tərəfdaşlıqdan söhbət gedə bilməz.

Avropa İttifaqının istefada olan erməni baş nazirini 11 dekabr müzakirələrində iştirak etməyə dəvət etməsi özü də paradoksdur

Maraqlı burasıdır ki, Ermənistan hökumətinin başçısı kimi Nikol Paşinyanın fəxri qonaq qismində iştirakı nəzərdə tutulur. Avropa İttifaqı istefada olan erməni baş nazirini 11 dekabr müzakirələrində iştirak etməyə dəvət edib və bu özü də paradoks sayılır. Çünki, hazırda N.Paşinyan istefadadır və ona belə bir dəvət heç də normal təsir bağışlaya bilməz. Baş nazir postundan istefa vermiş keçmiş nümayişçinin, qeyri-rəsmi nümayəndənin iştirakı məhz müşahidəçi statusunda olmalı olduğu halda onu fəxri qonaq kimi dəvət edən Avropa İttifaqının mövqeyi bəllidir və buna ikili standartların tətbiqindən başqa ad qoymaq olmaz.

Digər tərəfdən, istefada olan erməni baş nazirinin Məclisin işinə cəlb edilməsi Ermənistanda parlament seçkilərinin başa çatmasından sonrakı növbəti günə düşür və bu fakt özü-özıüyündə suallar doğurur. Maraqlıdır, hələ parlament seçkiləri keçirilmədən öncə, daha dəqiq desək, Nikol Paşinyan baş nazir postuna seçilmədən öncə onun baş nazir statusunda, özü də fəxri qonaq kimi dəvət olunması nə dərəcədə doğrudur? Avropa İttifaqı beynəlxalq hüquq normaları dedikdə bunu nəzərdə tutur, yoxsa qanunun aliliyi qurumun işinə yaramadıqda hesaba belə alınmır?

Küçə nümayişçisinin yenidən seçilməsi planı ola bilsin elə Avropa İttifaqının öz niyyəti, öz oyunudur

Görəsən, Avropa İttifaq çoxmu əmindir ki, Nikol Paşinyan yenə də baş nazir seçiləcək? Axı hələ seçkilərə bir aya yaxın vaxt qalır və hadisələrin hanşı şəkildə cərəyan edəcəyini heç kəs proqnozlaşdıra bilməz. Ola bilsin küçə nümayişçisi bu dəfə oyundankənar vəziyyətdə də qala bilər. Belə olan halda, onun indidən belə bir dəvət alması heç də başa düşülən deyil.

Avropa İttifaqının istefada olan erməni baş nazirinə indidən belə bir dəvəti istənilən halda maraqlıdır və görəsən qurumun belə bir əminliyi hardandır? Bəlkə, Paşinyanın növbəti dəfə seçilməsi elə Avropa İttifaqının maraqlarına uyğundur və qurum bu məsələdə heç də biganə deyil? Yaxud, bir neçə ay baş nazir kürsüsünə oturdulan küçə nümayişçisinin yenidən seçilməsi planı ola bilsin elə Avropa İttifaqının öz niyyəti, öz oyunudur? Onsuz da, Ermənistanın yeni hakimiyyəti dediyimiz, Paşinyan komandasının bu vaxta qədər yalnız Qərb siyasətini dəstəkləməsi onların nəinki qərbyönümlü olduğunu təsdiq edirdi, həm də bu hakimiyyəti onlara Qərbin, Avropanın bağışladığını da təsdiqləyirdi. İndi də Avropa İttifaqının belə əminliklə Paşinyanı bir ay sonra hakimiyyət kürsüsündə görməsi deyilənləri təsdiq edir və zərrə qədər şübhə yeri qoymur.

Şərq Tərəfdaşlığı adlandırılan platformada işğalçı dövlətin ərazi bütövlüyü, sərhədlərin tanınması məsələsini müzakirə edəcəyi qəbulolunmazdır

Avropa İttifaqının Şərq Tərəfdaşlığı adlandırdığı bu platformadan N.Paşinyan öz ölkəsində demokratik dəyərlərin qələbəsinin elanı üçün istifadə etməyəcəyinə kim zəmanət verə bilər? Ümumiyyətlə, Avropa İttifaqı kimi ikili standartlar siyasəti yürüdən təşkilatın belə bir zəmanət vermək niyyəti belə ola bilərmi? Təsəvvür etmək belə çox acınacaqlıdır və qəbulolunmazdır ki, Şərq Tərəfdaşlığı adlandırılan bir platformada Azərbaycanın ərazisinə təcavüz edən Ermənistan, yəni separatçı rejimin hökm sürdüyü işğalçı dövlət demokratik dəyərlərdən dəm vurur, insan hüquqları barədə pafosla çıxış edir, ərazi bütövlüyünün, sərhədlərin tanınması məsələsini müzakirə edir. Bir sözlə Avropa ittifaqının bu işğalçı dövlətə verdiyi şans sayəsində dövlət çevrilişini demokratiyanın qələbəsi kimi sırımağa çalışan Nikol Paşinyan erməni xislətinə sadiq şəkildə dünyaya demokratiya, sərhədlərin toxunulmazlığı dərsi keçməyə çalışır.

İclasın Bəyannamə layihəsində Ukraynanın və Gürcüstanın ərazi bütövlüyünün, sərhədlərinin toxunulmazlığının tanınması məsələsi durursa və bütün bunlar Rusiyanın "işğalçılıq siyasəti" kimi təqdim edilirsə, niyə Azərbaycanın bütövlüyünə və Qarabağ münaqişəsinin nəticələrinə münasibətini ifadə edən eyni fikir yoxdur? Azərbaycana məxsus Dağlıq Qarabağ torpaqlarının işğalçılıq siyasətinə məruz qadığı inkar edilə bilər, yoxsa, torpaqları talan edərək, zəbt edərək soyqırımlara, faciələrə imza atanlara terrorçudan, separatçıdan, işğalçıdan başqa hansısa ad vermək olar?

Belə olan halda, yəni, Ukraynanın və Gürcüstanın ərazi bütövlüyünün sərhədlərinin toxunulmazlığının tanınması, Rusiyanın "işğalçılıq siyasəti" kimi təqdim edilməsi məsələsi təqdim edilən iclasda Azərbaycanın ərazi bütövlüyü, Ermənistanın "işğalçılıq siyasəti" təqdim edilmirsə bu ikili standartların tətbiqi, ədalət prinsiplərinin pozulması, beynəlxalq hüquq normalarına hörmətsizlik, qanun pozuntusundan başqa bir şey deyil. Məclisin əvvəlki illərdəki yekun sənədlərində "Şərq Tərəfdaşlığı" layihəsində iştirak edən bütün dövlətlərin ərazi bütövlüyünə mütləq dəstək ifadə edildiyi halda bu dəfə belə bir mənafe güdmək yalnız ikili standartlar siyasətinin yürüdülməsi deməkdir.

Avropa hələ də ermənipərəst mövqeyi ilə seçilir və bütün bunların fonunda digər dövlətlərdən demokratik dəyərlərə, beynəlxalq hüquq prinsplərinə hörmətlə yanaşmaq tələb edir. Əslində, Azərbaycan beynəlxalq hüquq normalarına, qanunlara hörmətlə yanaşan demokratik bir dövlət olaraq Avropanın özünə belə nümunədir. Avropa isə məhz Avropa İttifaqının timsalında ikili standartlar siyasəti yürütməkdə davam edir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə