YAP-ın icra katibinin müavini: “Siyasi partiyalar haqqında” qanunun tələbləri siyasi partiyaların fəaliyyətinə uyğun qurulub”
"Hazırda qüvvədə olan "Siyasi partiyalar haqqında" qanun Milli Məclisdə müxtəlif vaxtlarda düzəlişlərlə xeyli təkmilləşib". SİA-ya açıqlamasında bu sözləri Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı Milli Məclisin son iclasında yeni "Siyasi partiyalar haqqında" qanuna dəyişikliklərin ehtiyac olması ilə bağlı səslənən fikirlərə münasibət bildirərkən deyib.
Azərbaycanın Avropa Şurasına qəbulundan sonra bir sıra yeni əlavələr edilməklə "Siyasi partiyalar haqqında" qanunun müasir bir qanun vəziyyətinə gətirildiyini deyən M.Qurbanlı hesab edir ki, sözügedən qanun lazımı səviyyədə işləyir: "Bu qanunun tələbləri siyasi partiyaların fəaliyyətinə uyğun şəkildə qurulub. Qanunun yenidən işlənməsi ilə bağlı təkliflər var və bu təklifləri müzakirə etmək olar. "Siyasi partiyalar haqqında" qanunu indiki əsasları üzərində işləməklə təkmilləşdirmək olar".
Siyasi partiyaların maliyyələşdirilməsində konkret olaraq hansı formadan istifadə olunmasına gəlincə, YAP-ın icra katibinin müavini bildirib ki, bu məsələnin özü də hələ müzakirə səviyyəsindədir: "Bununla bağlı da müzakirələr aparmaq mümkündür. Maliyyələşmədə konkret olaraq hansı formanın seçilməsi məsələsi isə gələcəyin işidir. Bəzi ölkələrdə siyasi partiyaların dövlət büdcəsindən maliyyələşməsi həyata keçirilir, bəzi ölkələrdə isə belə bir təcrübə yoxdur. Yəni, bu məsələdə vahid bir prinsipial mövqeyin olduğunu görmürük. Konkret olaraq bununla bağlı fikir söyləmək və yalnız belə olmalıdır, iddiasında deyiləm. Müzakirələr zamanı hər kəs fikrini deyə bilər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB