Yaqub Mahmudov: “Yaxın 4-5 il ərzində Azərbaycanın yeni tarixini yazacağıq” - MÜSAHİBƏ
AMEA Tarix İnstitutunun direktoru Yaqub Mahmudovun SİA-ya müsahibəsi
- Bu gün Quba məzarlığında muzeyin yaradılması istiqamətində görülən işlərdən razısınızmı və buradakı bəzi mövcud problemlərin həlli istiqamətində hansı işlər görülməlidir?
- Başımıza gətirilən faciələrlə, soyqırımı ilə əlaqədar informasiyanı bütün dünyaya çatdırmaqdan ötrü Quba məzarlığında açıq səma altında, Azərbaycan milli arxitekturasının son nailiyyətlərinə əsaslanan bir muzeyin ucaldılması barədə cənab prezidentin göstərişi olub. Dövlət başçısı muzeyin yaradılmasına vəsait də ayırıb, artıq layihə də hazırdır. İşlər getsə də, surəti əlbəttə, çox aşağıdır və bizi çox narahat edir. Məzarlığın yeri elədir ki, qış aylarında yağış və qarın yağması nəticəsində onun uçmaq təhlükəsi yaranır. Bu təhlükə sovuşmalıdır və onun üstü vaxtında örtülməlidir. Muzey vaxtında inşa edilməlidir ki, eksponatları qoruyub saxlaya bilək. Bundan əlavə, Quba məzarlığında aşkar olunan insan cəsədlərinin qalıqlarını, xüsusən də kəllə sümüklərinin xarab olma təhlükəsi var. Bunun üçün də ciddi tədbirlər görülməlidir. Bu baxımdan orada görüləsi işlər sürətləndirilməlidir. Məsələnin ölkə başçısının nəzarəti altında olması bizim hamımızda arxayınlıq yaradır ki, az vaxt içərisində bu problem həll olunacaq.
- Sizcə, Azərbaycan niyə əlində olan faktları dünya ictimaiyyətinə lazımi şəkildə təqdim edə bilmir?
- Bu məsələdə dövlət başçısının tapşırığı, siyasi iradəsi var. Bəzi hallarda bizim məmurların tariximizə olan sayğısızlığı da az pol oynamır. Bu çox ciddi bir faktdır və onu aradan qaldırmaq üçün zaman lazım gələcək. Uzun müddədir ki, bununla həmişə rastlaşırıq və məmurların arxayınçılığı bizim tariximizə çox böyük zərbə vurur. Quba məzarlığı təsadüf nəticəsində tapılıb. Ancaq Azərbaycanın hər yerində - Şamaxıda, Göyçayda, Şəkidə, Lənkəranda, Neftçalada və digər rayonlarda çoxlu toplum məzarlıqlar var. Biz o məzarlıqların hamısını açmalıyıq. Hamısında arxeoloji qazıntılar aparılmalıdır. Onların hamısı barədə arxiv materiallarımız var və bunları dünyaya çatdırmalıyıq.
- Bir çox müsahibələrinizdə Azərbaycan tarixinin yenidən yazılması ilə bağlı fikirləriniz olmuşdu. Hazırda bu istiqamətində hansısa işlər görülürmü?
- Bu məsələ çox ciddi bir məsələdir. Biz Azərbaycan tarixinin yenidən yazılmasına hazırlıq işi aparırıq. 3 cildlik ingilis, rus, azərbaycan dillərində Azərbaycan tarixi yaradırıq ki, bu da gələcək nəsillər üçün konsepsiya olacaq. Çalışacağıq ki, Azərbaycan tarixinin indiyə qədər nəşr olunan əsərlərdə yol verilmiş təhrifləri, saxtakarlıqları aradan qaldıraq, Bütöv Azərbaycan tarixini verək. İndiyə qədər Azərbaycan deyəndə Arazdan şimaldakı yurdumuzun bir hissəsini veriblər. Biz isə Azərbaycanın bütöv tarixini verəcəyik. Burada hadisələr ən qədim dövrlərdən indi yaşadığımız zamana qədər olan dövrləri əhatə edəcək.
Hazırda hazırlıq işləri gedir, dünyanın hər yerindən arxiv sənədləri toplayıb gətiririk. Sənədlər toplandıqdan sonra biz o işi görməyə başlayacağıq. Güman edirəm ki, 4-5 müddət tələb olunacaq ki, ümumiləşdirmələr aparaq. İndiyə qədər 7 cildlik, 3 cildlik kitablar çıxıb, ancaq onların da təhlil olunmasına böyük ehtiyac var. Yaxın 4-5 ilə Yeni Azərbaycan tarixini yaradacağıq. Ulu tanrı bizə ömür versə onu başa çatdıracağıq.
- Hazırda Tarix İnstitutunda hansı işlər görtülür və gələcək üçün nə kimi planlarınız var?
- İndi Tarix İnstitutunda çox ciddi işlər gedir. Biz "İrəvan xanlığı" kitabını ingilis, rus dillərində tərcümə edib dünya məkanında yaydıq. Çox qiymətli rəylər gəlir və bu çox ciddi reaksiya doğurdu. Gələcək üçün başqa işlərimiz də var. Bir sözlə, biz tariximizə yeni təfəkkürlə və bu günün tələblərinə uyğun olaraq yenidən baxırıq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB