Ramil Həsənov: “Cari ildə TÜRKPA-nın fəaliyyəti aktiv olub”

Ramil Həsənov: “Cari ildə TÜRKPA-nın fəaliyyəti aktiv olub”
Türkdilli Ölkələrin Parlament Assambleyası (TÜRKPA) qısa müddət ərzində bir neçə beynəlxalq təşkilatlarla əlaqə qurub. SİA-nın verdiyi xəbərə görə, bu barədə TÜRKPA-nın baş katibi Ramil Həsənov qurumun bir illik fəaliyyəti ilə əlaqədar bu gün keçirilən mətbuat konfransında məlumat verib. O bildirib ki, təşkilat bir il ərzində ATƏT Parlament Assambleyası, MDB Parlament Assambleyası, İslam Konfransı Təşkilatı Parlament Assambleyası, Beynəlxalq Parlamentlər Birliyi , Beynəlxalq Parlamentlərin Baş Katiblərinin Assosiasiyası, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyası kimi nüfuzlu beynəlxalq təşkilatlarla və Rusiya Federasiyası parlamentinin Federasiya Şurası ilə əməkdaşlıq qurub. Onun sözlərinə görə, adıçəkilən təşkilatların bəziləri ilə ikitərəfli bəziləri iləsə çoxtərəfli əməkdaşlıqlar həyata keçirilir.

Onun sözlərinə görə, təşkilatın yaranması ilə əlaqədar saziş 2008-ci ilin noyabrın 21-də İstanbulda imzalansa da TÜRKPA cari ilin yanvarın 15-də fəaliyyətə başlayıb. R. Həsənov söyləyib ki, bir il ərzində qurum 155 dövlətin parlamentini birləşdirən dünyanın ən böyük beynəlxalq parlament quruluşu olan Beynəlxalq Parlamentlər Birliyinə müşahidəçi statusu ilə üzv olub.

"Təşkilat bir il ərzində aktiv fəaliyyət göstərərək bir sıra beynəlxalq konfranslarda iştirak edib. Bundan əlavə bir il müddətində qurum 2 beynəlxalq konfrans keçirib. Onlardan biri Türkiyə Böyük Millət Məclisinin 90-cı ildönümü ilə əlaqədar keçirilən Parlament Diplomatiyası - TÜRKPA, digəri isə, Dövlətlərarası əlaqələrin inkişaf prosesində parlament demokratiyası adlı beynəlxalq konfransdır",- deyə baş katib qeyd edib.

R. Həsənov vurğulayıb ki, 2010-cu ildə TÜRKPA həmçinin bir sıra beynəlxalq təşkilatlar kimi seçkilərdə müşahidəçi missiyasını da yerinə yetirib. O bildirib ki, qurum bu il Qırğızıstanda və Azərbaycanda keçirilən parlament seçkilərində müşahidəçi kimi iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə