Millət vəkili: “Əslində Ombudsmanın sahəsi genişlənmədi, sadəcə olaraq ona aid olan səlahiyyətlər verildi” - AÇIQLAMA

Millət vəkili: “Əslində Ombudsmanın sahəsi genişlənmədi, sadəcə olaraq ona aid olan səlahiyyətlər verildi” - AÇIQLAMA
"Əslində Ombudsmanın sahəsi genişlənmədi, sadəcə olaraq ona aid olan səlahiyyətlər verildi". SİA-nın verdiyi xəbərə görə, bu sözləri millət vəkili Aydın Mirzəzadə SİA-ya verdiyi açıqlamasında deyib. O bildirib ki, ombudsmanın adı insan hüquqları üzrə müvəkkildir və insan hüquqları Azərbaycan Respublikasının Konstitusiyasının 3-cü bəndində 24-cu maddədən 71-ci maddəyə qədər, yəni 48 maddədə əks olunub.

Onun sözlərinə görə, əgər insan hüquq və azadlıqları bir fəsildə tam şəkildə toplanıbsa, o zaman ombudsman insan hüquqlarına aid bütün səlahiyyətə malik olur. Konstitusiyada məlumat azadlığı ilə bağlı ayrıca bir bəndin əsk olunduğunu deyən millət vəkili söyləyib ki, bu baxımdan da insan hüquqları müvəkkilinin Konstitusiyada göstərilən 48 hüququndan bir qisminə dair səlahiyyətə malik olub, digər qismindən kənarda qalması düzgün deyil.

"Ombudsmana media ombudsmanı səlahiyyəti deyil, sadəcə olaraq məlumat azadlığını əldə etmək hüququna dair səlahiyyət verilib. Azərbaycanda media ombudsmanı artıq çoxdandır ki, mövcuddur. Medianın problemlərini həll edən, media ilə cəmiyyətin münasibətlərini tənzimləyən, medianın hüquqlarını qoruyan və onun adından çıxış edən Azərbaycanda bir yox iki mətbuat ombudsamanı var. Onlardan biri yazılı mətbuatın hüquqlarını qoruyan, tənzimləyən və yazılı mətbuatın adından çıxış edən Mətbuat Şurası, ikincisi isə elektron kütləvi informasiya vasitələrinə dair səlahiyyətə malik olan, onun hüquqlarını müdafiə edən və tənzimləyən, cəmiyyətlə münasibətləri qaydaya salan Milli Teleradio Şurasıdır. Göründüyü kimi mətbuat ombudsmanı məsələsində yenilik yoxdur. Sadəcə olaraq ombudsman Konstitusiya ilə ona nəzarət etməli olduğu məsələlərin tam hüququna malik oldu. Bununla bağlı edilən dəyişiklik düzgün idi", - deyə A.Mirzazadə qeyd edib.

Məlumat üçün nəzərinizə çatdıraq ki, Milli Məclisin cari ilin dekabrın 21-də keçirilən plenar iclasında "İnsan hüquqları üzrə müvəkkil haqqında" Konstitusiya qanununa əlavə və dəyişikliklər edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə