Hərbi ekspert: “Rusiya-Ermənistan-İran silah ticarəti üzrə əsas marşrutlardandır”

Hərbi ekspert: “Rusiya-Ermənistan-İran silah ticarəti üzrə əsas marşrutlardandır”

Xəbər verildiyi kimi, Ermənistan bu gün dünyanın ən səmərəli müdafiə sistemlərindən olan S-300 zenit-raket kompleksinə sahib olduğunu rəsmən bəyan edib. Məlumata görə, Ermənistanın müdafiə naziri Seyran Ohanyan həftə sonu raket obyektini ziyarət edib. 200 kilometr mənzilli S-300 raketlərinin 1990-cı illərin sonlarında Moskva-İrəvan birgə təhlükəsizlik sazişindən sonra Ermənistanda yerləşdirildiyi deyilir. Bu zenit-raket komplekslərinin sayını açıqlamaqdan imtina edən Ermənistan Müdafiə Nazirliyinin sözçüsü David Karapetyan erməni silahlı qüvvələrinin 2005-ci ildən başlayaraq bu sistem üzrə təlim keçməyə başladıqlarını bildirib.

 

Qeyd edək ki, Ermənistan bu günə qədər torpaqlarında eyni anda 100-ə yaxın hədəfi izləyə biləcək S-300 raketlərinin yerləşdirilməsi ilə bağlı qeyri-müəyyənlik siyasəti yürüdürdü. Bir müddət əvvəl isə Rusiyanın aparıcı iqtisadiyyat qəzetlərindən biri olan "Vedmosti" sensasiya doğuracaq bir məlumatla çıxış edib. Həmin məlumata görə, Azərbaycan Rusiyadan S-300 raketləri almaq üçün müqavilə bağlayıb. Qəzet yazıb ki, bununla bağlı rəsmi Bakı ilə S-300 raketləri istehsal edən şirkət arasında müqavilə bağlanıb və Rusiyanın silah şirkəti olan "Rosoboronexport"la artıq anlaşma əldə edilib. Sözügedən informasiyaların ortaya çıxmasından sonra rəsmi İrəvan narahatlığını açıq şəkildə bildirməyə başlayıb. "Rosoboroneksport" tərəfindən yayılan məlumatların təkzib edilməsinə istinad edən Ermənistan rəsmiləri bir qədər arxayın görünsələr də, erməni ekspertləri bunun Ermənistan-Rusiya strateji tərəfdaşlığa zərbə endirəcəyini iddia ediblər.

 

Ortaya belə bir sual çıxır. Bir halda ki, Ermənistanda bu silahlar 1990-cı illərin sonlarında yerləşdirilibsə və erməni silahlı qüvvələri 2005-ci ildən bu sistem üzrə təlim keçməyə başlayıbsa, niyə məhz indi belə bir informasiya açıqlanır? Hərbi ekspert Azad İsazadə hesab edir ki, bu iki amillə bağlı ola bilər. SİA-ya açıqlamasında o, bildirib ki, Ermənistan informasiyanın sızacağından ehtiyatlanaraq belə bir addım ata bilər: "Rəsmi İrəvan bu yaxınlarda "Vikiliks" saytı ilə yayılan gizli məlumatlardan dərs götürə bilər. Ehtimal etmək olar ki, Ermənistan sadəcə olaraq onun bu silahlara sahib olması ilə bağlı məlumatların yayılmasını gözləmədən qabaqlayıcı addım atıb. Belə məlumatları çoz gizlətmək də mümkün olmur".

 

Hərbi ekspertin fikrincə, Ermənistanın S-300 zenit-raket kompleksinə sahib olması ilə bağlı məlumatı xeyli müddət sonra açıqlamasına Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yaranan hazırkı situasiya da təsir göstərə bilər: "Məlumdur ki, Astanada keçirilən sonuncu danışıqlar da nəticəsiz olub. Bundan sonra isə Azərbaycan müharibə variantının getdikcə daha real olduğunu açıqlayıb. Eyni zamanda Ermənistan da münaqişənin sülh yolu ilə həllini istədiyini, amma bununla belə müharibəyə hazır olduğunu bildirib. Ermənistan S-300 sistemlərinə sahib olduğunu açıqlamaqla görünür, hərbi gücünü nümayiş etdirir".

 

A.İsazadə qeyd edib ki, Ermənistanın bu silahları Türkiyə sərhədində yerləşdirməsi daha real görünür: "İstisna olunmur ki, bu sistemlər qeyri-leqal olaraq Dağlıq Qarabağda da yerləşdirilsin".

 

Rusiyanın indiyədək verdiyi silahların bütün Ermənistan əhalisini silahlandırmaq üçün kifayət etdiyini deyən ekspert hesab edir ki, Rusiya əslində Ermənistandan silah satışı üçün tranzit kimi istifadə edir: "Rusiya- Ermənistan-İran silah ticarəti üzrə əsas marşrutlardandır. Rusiyanın Ermənistana satdığı və ya orada yerləşdirdiyi silahların taleyi sonradan qeyri-müəyyən qalır".

Bütün xəbərlər Facebook səhifəmizdə