Dövlət Sərhəd Xidməti: "2010-cu ildə dövlət sərhədi və sərhəd rejimi pozuntularında iştirakı olan 11 min 33 nəfər saxlanılıb"

Dövlət Sərhəd Xidməti: "2010-cu ildə dövlət sərhədi və sərhəd rejimi pozuntularında iştirakı olan 11 min 33 nəfər saxlanılıb"

Bu gün Dövlət Sərhəd Xidmətinin (DSX) 2010-cu ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunmuş hesabat müşavirəsi keçirilib. SİA-nın məlumatına görə, müşavirədə Azərbaycan Sərhəd Mühafizəsi üçün 2010-cu il dövlət sərhədinin toxunulmazlığının təminatı sahəsində dinamik inkişafın davamı olması, sərhəd mühafizəsi sisteminin təkmilləşdirilməsi istiqamətində genişmiqyaslı tikinti-quruculuq işlərinin aparılması, dövlət sərhədinin əməliyyat yolu ilə mühafizəsinin gücləndirilməsi, hərbi hissə və bölmələrin döyüşə hazırlığının daha yüksək müstəvidə təmin edilməsi, beynəlxalq sərhəd əməkdaşlığının dərinləşdirilməsi ilə əlamətdar olduğu qeyd olunub.

Bu uğurların əldə olunması dahi öndər Heydər Əliyevin sərhəd mühafizəsi sahəsindəki ideya və düşüncələrinin əzmlə gerçəkləşdirilməsi, dövlət sərhədlərinin toxunulmazlığının təminatı məsələlərinə Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin xüsusi önəm verməsi nəticəsində mümkün olub.

Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin DSX Akademiyası kompleksinin, Göytəpə sərhəd dəstəsi qarnizonunun, Biləsuvar, Samur və Balakən sərhəd buraxılış məntəqələrinin açılış mərasimlərində iştirak etməsi, Xudat sərhəd dəstəsinin "Yuxarı Zeyxur" sərhəd zastavasında xidmətin təşkili ilə tanış olması və görülmüş işlərə yüksək qiymət verməsi, DSX əməkdaşlarını orden və medallarla təltif etməsi bütün şəxsi heyət tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanıb.

Dövlət sərhədinin mühafizəsinin təkmilləşməsi istiqamətində görülən tədbirlər nəticəsində 2010-cu ildə dövlət sərhədi və sərhəd rejimi pozuntularında iştirakı olan 11 min 33 nəfər saxlanılmışdır ki, bunların 369 nəfəri sərhəd pozucusu olub. İl ərzində tutulan sərhəd pozucularının 29,3% (76 halda 108 nəfər) Azərbaycandan müqabil ölkələrə keçərkən, 70,7% (148 halda 261nəfər) müqabil ölkələrdən Azərbaycana gələrkən saxlanılıb.

Sərhəd pozucularının 59,1% Azərbaycan, 10,6% İran, 8,9% Gürcüstan, 4,9% Rusiya, 4,6% Banqladeş, 3,8% Əfqanıstan, 3% Pakistan, 5,1% digər ölkə vətəndaşları olublar. 2010-cu il ərzində tutulan sərhəd pozucularının sayı 2009-cu illə müqayisədə 3,9 faiz artıb.

Hesabat dövründə sərhəd naryadlarına qarşı 9 halda sərhəd pozucuları tərəfindən silahlı müqavimət göstərilib. Dövlət sərhədinin mühafizəsi zamanı sərhəd naryadları tərəfindən təlimatlara uyğun olaraq sərhəd pozucularına qarşı silah tətbiq edilərkən 3 silahlı sərhəd pozucusu zərərsizləşdirilib. İl ərzində 929 nəfər axtarışda olan şəxs tutulub. 2010-cu il ərzində 911 halda təqribi məbləği 5 milyon 684 min manat dəyərində qaçaqmal tutulmuş, 235 kq 670,4 qram narkotik maddənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb. Ümumi çəkisi 11 ton 51 kq olan 32 min 800 ədəd yabanı halda bitmiş narkotik tərkibli bitki aşkarlanaraq məhv edilib.

Xəzər dənizində sərhəd rejiminə nəzarət məqsədi ilə Azərbaycan Respublikasına məxsus 38, RF-yə məxsus 7 gəmiyə, Azərbaycan Respublikasına məxsus 206 kiçik həcmli motorlu qayığa baxış keçirilib. Onlardan RF-ya məxsus 3 gəmi, AR-ə məxsus 7 gəmi sərhəd recimini pozduqlarına görə saxlanılıb. Sərhəd sularında keçirilmiş rejim tədbirləri zamanı dənizdə qanunsuz qurulmuş, üzmə vasitələrinin hərəkəti üçün təhlükəli olan və xidməti vəzifələrin icrasına ciddi maneə yaradan balıq ovlama vasitələri – 554645 (beş yüz əlli dörd min altı yüz qırx beş) metr tor və 71340 (yetmiş bir min üç yüz qırx) ədəd qarmaq yığılıb.

Azərbaycana qarşı kəşfiyyat-pozuculuq fəaliyyətinin aşkarlanması istiqamətində aparılan tədbirlər nəticəsində xarici xüsusi xidmət orqanları ilə əlaqədə şübhəli bilinən 9 nəfər şəxs barəsində müvafiq tədbirlər görülmüş, qanunsuz miqrasiya ilə məşğul olan 3 qrup, qaçaqmalçılıq, o cümlədən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 5 mütəşəkkil cinayətkar dəstə zərərsizləşdirilib.

Dövlət sərhədlərinin mühafizəsi infrastrukturunun təkmilləşdirilməsi tədbirləri uğurla davam etdirilmiş, o cümlədən Bakı şəhəri Xətai rayonu ərazisində DSX Akademiyası kompleksinin, Cəlilabad rayonunun Göytəpə qəsəbəsində sərhəd dəstəsi qarnizonunun, hərbi hissələrdə cəmi 158 binadan ibarət xidməti və yaşayış obyektlərinin əsaslı tikintisi başa çatdırılıb.

Hesabat müşavirəsinin sonunda xidməti-döyüş fəaliyyətində ciddi nailiyyətlər əldə etmiş hərbi qulluqçular təltifləndiriliblər.

Bütün xəbərlər Facebook səhifəmizdə