Böyük Britaniyanın “LİNKS” qeyri-hökumət təşkilatı Dağlıq Qarabağla bağlı keçirdiyi sorğunun nəticələrini təqdim edib
Beynəlxalq Münasibətlər Şurasının (Council For International Relations) təşkilatçılığı ilə Böyük Britaniyanın "LİNKS" qeyri-hökumət təşkilatı Dağlıq Qarabağ münaqişəsinə baxışları müəyyənləşdirmək məqsədilə Azərbaycan və Ermənistanda sorğu keçirib. SİA-nın xəbərinə görə, bu gün həmin aparılan sorğu nəticəsində hazırlanmış hesabatın Azərbaycana aid hissəsinin təqdimatı keçirilib. Təqdimat mərasimində çıxış edən "LİNKS"ın rəhbəri Denis Sammut bildirib ki, hesabat Azərbaycan və Ermənistanda fəaliyyət göstərən 23 siyasi təşkilat və partiyalardan alınan müsahibələr əsasında hazırlanıb. O, qeyd edib ki, Azərbaycanın siyasi təşkilatları arasında Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ümumi fikir mövcuddur. Ümumi rəy ondan ibarətdir ki, münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır.
Azərbaycandakı siyasi partiyalar Dağlıq Qarabağda yaşayan ermənilərin gələcəkdə hansı formada yaşayacaqları barədə düşünsələr də Ermənistanın siyasi partiyalarının Dağlıq Qarabağın azərbaycanlı icmasının gələcəyi ilə bağlı fikirləri yoxdur.
Hesabatın Ermənistan hissəsinin 2 həftə öncə təqdim olunduğunu deyən D. Sammut hesabatın münaqişənin həlli ilə bağlı bölümündə Azərbaycanda ATƏT-in Minsk Qrupuna çox neqativ münasibət olduğu, bu məsələnin həllində ABŞ, Rusiya və Fransaya inamın olmadığı, müsbət rəyin yalnız Türkiyəyə bildirildiyi, İranın isə daha çox Ermənistana bütün sferalarda yardım göstərdiyini və dostluq münasibətində olduğunu qeyd edib: "Lakin Azərbaycan tərəfinin Minsk Qrupuna mənfi münasibəti mövcud olsa da Ermənistanda daha müsbət münasibət var".
D. Sammutun fikrincə, Azərbaycan üçün ən əsas təhlükə Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq aləmin diqqət mərkəzində olmamasıdır. Belə ki, bu məsələ beynəlxalq aləmin hər bir sessiyasında gündəliyin ən birinci səhifəsində yer almalıdır: "Çünki münaqişənin sülh yolu ilə həlli üçün Azərbaycanın güclü potensialı var".
Qeyd edək ki, təqdim olunan hesabat ingilis və rus dillərində elektron variantı artıq hazırdır, gələn ilin ilk ayında isə hesabat kitab şəklində təqdim olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB