DİP sədri: “Hansı partiyalar dövlət tərəfindən maliyyələşmirsə, deməli bu siyasi partiyalar digər mənbələrdən özlərinə maliyyə dəstəyi almağa can atırlar ”
"Biz Azərbaycanın demokratik dövlət kimi inkişafını görmək istəyiriksə, bu zəmində siyasi partiyaların rolu cəmiyyətdə və dövlətin idarə edilməsində mühüm olmalıdır. Bunu üçün isə Azərbaycanda siyasi partiyalar haqqında yeni qanunun qəbul edilməsinə ehtiyac var". Bunu SİA-ya açıqlamasında Demokratik İslahatlar Partiyasının (DİP) sədri Asim Mollazadə deyib. O, bildirib ki, dünyanın demokratik ölkələrindəki praktika onu göstərir ki, hansı partiyalar dövlət tərəfindən maliyyələşmirsə, deməli bu siyasi partiyalar digər mənbələrdən özlərinə maliyyə dəstəyi almağa can atırlar və bu da dövlətçiliyin maraqlarına zidd ola bilər. Bunun üçün də siyasi partiyaların dövlət tərəfindən maliyyələşməyi partiyaların öz fikirlərini və ideologiyasını cəmiyyətdə və dünyaya yaymaq üçün lazımdır. Həmçinin həmin partiyaların müvafiq fondları da olmalıdır: " Bu təcrübə Avropanın bir sıra ölkələrində var. Almaniyada həm siyasi partiyalar müvafiq dövlət dəstəyi alır, eyni zamanda siyasi partiyaların fondları da müvafiq dəstək alaraq bu ideoloji səpkidə öz fəaliyyətini həyata keçirmək üçün dövlət dəstəyindən bəhrələnir. Bunun üçün bu təcrübəni biz Azərbaycanda istifadə etməliyik. Çünki Azərbaycan öz siyasi sistemi və çox partiyalı sistem əsasında inkişaf etdirilməlidir. Biz əminik ki, siyasi partiyaların rolu cəmiyyətimizin inkişafında və dövlətimizin güclənməyinə xidmət edəcək".
"Demokratik İslahatlar Partiyası qəbulu nəzərdə tutulan qanunla bağlı təkliflərini veribmi?" sualının cavabında millət vəkili bildirib ki, rəhbərlik etdiyi partiya təkliflərini artıq təqdim edib. O, deyib ki, DİP-in təqdim etdiyi təkliflərin də yeni qanunun hazırlanmasında nəzərə alınmasını istəyir: "Biz düşünürük ki, bununla bağlı müzakirələrdə fəal iştirak edək. Həm parlament müstəvisində, həm də ictimai müzakirələri təşkil edəcəyik, eyni zamanda digər partiyalarla bu istiqamətdə əməkdaşlıq edəcəyik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB