Deputat: "Biz özümüz üçün danışırıq?"

Deputat: "Biz özümüz üçün danışırıq?"

Milli Məclisin bu gün keçirilən plenar iclasında 2019-cu ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı deputat Elman Məmmədov hökumət üzvlərini tənqid edib. SİA-nın xəbərinə görə, E.Məmmədov qeyd edib ki, Milli Məclisdə dövlət büdcəsi müzakirə edilir, təkliflər irəli sürülür, problemlər qaldırılır.

“Biz qaldırdığımız məsələləri hökumət üzvlərinin diqqətinə çatdırmağa çalışırıq, amma onların bir çoxu iclası tərk edib. Biz özümüz üçün danışırıq?”- deyə deputat bildirib.

Çıxışı zamanı əmək pensiyalara ayrılan vəsaitin artırılması təklifini dəstəklədiyini deyən deputat söyləyib ki, pensiyanın məbləğini hazırki qiymətlərlə uyğunlaşmır: “Bu günkü qiymətləri nəzərə alsaq, yaşlı adamlar aldıqları pensiya ilə öz dərmanları və kommunal xərclərini ödəyə bilmirlər. Pensiyaçılar toya, yasa gedə bilmir. Bu baxımdan düşünürəm ki, pensiyalar artırılmalı, az təminatlı problemlərlə bağlı islahatlar aparılmaldır”.

Daha sonra Milli Məclisin sədri Oqtay Əsədov deputata cavab olaraq deyib ki, hökumət üzvləri iki gündür, iclasda iştirak edirlər: “Bəzi sahələrin aidiyyatı şəxsləri gediblər. Amma müzakirəyə aidiyyatı olan şəxslərin hamısı iclasda iştirak edirlər”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə