2010-cu ildə Qarabağ mövzusu ilə bağlı layihələrin maliyyələşdirilməsinə 302349 manat xərclənib

2010-cu ildə Qarabağ mövzusu ilə bağlı layihələrin maliyyələşdirilməsinə 302349 manat xərclənib

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqaməti üzrə 2010-cu ildə maliyyələşdirdiyi layihələrə həsr olunmuş müzakirə keçirib. SİA-nın məlumatına görə, müzakirədə şura rəhbərliyi, təşkilat və layihə rəhbərləri, ekspert və mütəxəssislər iştirak edib.

 

Şuranın sədri, millət vəkili Azay Quliyev rəhbərlik etdiyi qurumun 2010-cu ildə keçirdiyi maliyyə müsabiqələrində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövzulara xüsusi önəm verdiyini deyib. Prezident İlham Əliyevin bu istiqamətdə şuranın üzərinə öhdəlik qoyduğunu deyən A.Quliyev bildirib ki, bu öhdəlikdən çıxış edən şura elan etdiyi müsabiqələrdə Dağlıq Qarabağ mövzusunu ilk sırada yerləşdirib: "Şura tərəfindən maliyyələşdirilmiş bu layihələrin məqsədi Ermənistanın hərbi təcavüzü nəticəsində torpaqlarının 20 faizi işğal edilmiş, 1 milyondan artıq əhalisi qaçqın və məcburi köçkünə çevrilmiş Azərbaycanın Dağlıq Qarabağ münaqişəsilə bağlı haqlı mövqeyinin beynəlxalq aləmə çatdırılması, ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırım faktlarının sübut olunması, işğal altında olan ərazilərimizdə təbiət və maddi-mədəniyyət abidələrinin ermənilər tərəfindən vəhşicəsinə dağıdılmasının dayandırılması üçün dövlətimizin apardığı genişmiqyaslı işlərə vətəndaş cəmiyyətinin dəstəyini təmin etməkdir. Beynəlxalq təşkilatlar bu məsələ ilə bağlı layihələrin maliyyələşdirilməsinə pul ayırmır. Buna baxmayaraq, ermənilərlə informasiya müharibəsində uğurlar əldə etmişik. İlk vaxtlar yalnız ermənilərə cavab verməklə kifayətlənirdiksə, indi qabaqlayıcı addımlar atırıq".

 

QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri diqqətə çatdırıb ki, Şura 2010-cu ildə Qarabağ mövzusunda maliyyələşdirdiyi layihələr üzrə 13 dekabr tarixədək olan dövrdə 52 layihənin maliyyələşdirilməsi üçün 302349 manat ayırıb. O, 2009-cu ildə isə 185612 manat ayrıldığını və həmin məbləğə 21 layihənin maliyyələşdirildiyini deyib: "2010-cu ildə maliyyələşən layihələrin icrasına 253 nəfər işçi cəlb olunub. Layihələrin əhatə etdiyi əhali qrupunun sayı 77588 nəfər olub. Layihələr 18 rayon və şəhərdə - Ağdam, Ağcabədi, Ağstafa, Bakı, Bərdə, Beyləqan, Qax, Goranboy, Quba, Göygöl, Füzuli, Lənkəran, Sumqayıt, Tərtər, Şirvan, Şəki, Xaçmaz və Zaqatala rayonlarında, habelə 6 xarici ölkədə - Almaniya, ABŞ, Belçika, Bolqarıstan, Rusiya və Türkiyədə həyata keçirilib".

 

A.Quliyev 2010-cu ildə maliyyələşən Iayihələr çərçivəsində aşağıdakı işlərin görüldüyünü vurğulayıb:

1.14 müxtəlif kitab, buklet, broşur və ya jurnal dərc edilib: bunlardan 8 nəşr məhsulu xarici dillərdə buraxılıb;

2.9 internet səhifəsi hazırlanıb, yenilənib və ya xarici dilə tərcümə edilib;

3.7 sənədli film çəkilib və ya xarici dillərə tərcümə edilib; bunlardan "Soyqırım" fılmi ABŞ-da nümayiş etdirilib;

4.Materiallar əsasən 9 dildə - Azərbaycan, ingilis, rus, türk, alman, fransız, yapon, bolqar və gürcü dillərində hazırlanıb;

5.5 QHT tərəfındən 4 beynəlxalq, 1 yerli səviyyəli konfrans keçirilib: bunlardan 2-si xarici ölkədə Belçika və Türkiyədə olub;

6.9 QHT beynəlxalq mətbuatda erməni yalanlarının ifşa edilməsi, Qarabağ həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması sahəsində işlər görüb, bu tədbirlərdən dördü Belçika, Bolqarıstan, Türkiyə və Almaniyada həyata keçirilib.

7.5 QHT erməni təcavüzünün ağır nəticələri, qaçqın və köçkünlərin, minadan zərər çəkənlərin problemlərinin öyrənilməsi və ictimailəşdirilməsi işini həyata keçirib;

8.4 QHT Qarabağ mövzusunda seminar, maarifləndirmə işini təşkil edib;

9.6 QHT qaçqın və köçkünlər üçün müxtəlif peşə təlimi və kursları, 4 QHT isə onlar üçün yeni iş yerlənin yaradılması və hüquqi yardımın göstərilməsi işlərini təşkil edib.

 

Daha sonra Qarabağ mövzusu ilə bağlı layihələr həyata keçirən QHT rəhbərləri keçirdiyi layihələrlə bağlı məlumat verib. Vurğulanıb ki, Qarabağ hadisələri ilə bağlı orta səviyyədə məlumatı olan Azərbaycan vətəndaşı belə ermənini susdurmağa qadirdir. Qeyd edilib ki, bu məsələdə həqiqət Azərbaycanın tərəfindədir, vacib olanı isə qüvvələrin birləşdirilməsidir.

Bütün xəbərlər Facebook səhifəmizdə