"Arif Əliyev kimilərin mövqeyi kimsənin diqqətini cəlb etmir" AÇIQLAMA-ÖZƏL

"Arif Əliyev kimilərin mövqeyi kimsənin diqqətini cəlb etmir" AÇIQLAMA-ÖZƏL

"Bir vaxtlar Azərbaycanda media siyasətinin tənqidçiləri sırasında xarici QHT təmsilçiləri üstünlük təşkil etdiyi halda, son illər bir qədər əks istiqamətdə dəyişən vəziyyətin şahidi olmaqdayıq. Belə ki, xaricdən media siyasətimizi tənqid edənlərin sayı azalır, bəzi hallarda hətta tənqidə rast gəlinmir, əvəzində isə ölkəmizin içində media tənqidçiliyi ilə məşqul olan şəxslər meydana çıxır”. Bu fikirləri SİA-ya açıqlamasında “Bakı-Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev deyib.

O bildirib ki, sanki tənqidi mövqedən yavaş-yavaş geri çəkilən beynəlxalq QHT nümayəndələrini yenidən əvvəlki mövqelərə qayıtmağa və Azərbaycan mediası barədə qərəzli çıxışları davam etdirməyə çağırırlar: “Arif Əliyevin ölkə mediasının tənqid etməsinin arxasında bu motivin əlamətlərini görürük. Azərbaycan mediasına dövlətin dəstəyini qərəzli şəkildə şərh etmək, guya mətbuat siyasətinin özünü doğrultmadığı barədə yanlış nəticə çıxarmaq nə vətənpərvərlik, nə də dövlət təəssubkeşliyi mövqeyidir. Bu gün medianın mütləq dövlətçilik mövqeyində durması Azərbaycan barədə bəlli beynəlxalq dairələrin qara-qura planlarının pozulmasında böyük rol oynayır. Dövlətimizin media siyasətini qərəzli təhlil edənlər son nəticədə nə dövlətimizin, nə də medianın yanında yer tuta bilmir, bunların hər ikisinə qarşı mövqe göstərmiş olurlar”.

A. Quliyev söyləyib ki, medianın Arif Əliyev kimi daxili tənqidçilərinin mövqeyi dünya media qurumlarının diqqətini daha cəlb edə bilmir, hesabatlar üçün mənbə ola bilmirlər: “Çünki indi hər kəs görür ki, Azərbaycanda cəmiyyət və media ekspertlərinin əksəriyyəti fərqli düşünür, mediaya dövlət dəstəyini özünü tam doğruldan model sayır, jurnalistlər dövlətin sosial dəstəyindən tam məmnun qalır, Azərbaycanda media siyasətinin mütərəqqi təzahürlərinə gərəkli qiymət verilir. Azərbaycan mediasında reallıq budur. Bu reallığı görməyən tək-tək tənqidçilərin səsi çox uzağa getməz”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə