"Parlamentli respublika sisteminə keçid üçün Ermənistan təhlükəlidir" RƏY-ÖZƏL

"Parlamentli respublika sisteminə keçid üçün Ermənistan təhlükəlidir" RƏY-ÖZƏL

“Hazırda Ermənistanda siyasi mühitdəki böhran davam edir. Belə ki, 23 sentyabr tarixində keçirilən İrəvan Ağsaqqallar Şurası seçkiləri göstərdi ki, bu seçkilər demokratik səsvermə yolu ilə keçirilməyib. Çünki 80 faizdən çox səsi yalnız protodemokratiyalarda, seçici emosiyalarla (sevgi və nifrət) davrananda qazanmaq mümkündür”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Ehtiram Aşırlı deyib.

O bildirib ki, Ağsaqqallar Şurasına seçkilər seçki deyil, sadəcə Paşinyanın siyasi arenada ilk sınağı idi: “Bu baxımdan düşünürəm ki, növbədənkənar parlament seçkilərində erməni ictimaiyyətində Serj Sarkisyan və onun komandasına qarşı bəslənən nifrət hissi Paşinyanın qalib gəlməsinə şərait yaradacaq. Lakin bütün bunlara baxmayaraq Paşinyan qarşıdan gələn ciddi təhlükəni anlamaqda çətinlik çəkir. Belə ki, qısa müddətdə siyasi sistem formalaşdırmaq mümkün deyil. Siyasi partiyalar heçdən yaranmır. Bu, institutlaşdırma, mexanizmlərin və siyasi alətlərin yaradılması, partiyaların seçkilərdə iştirak mədəniyyətinin formalaşdırılması kimi uzun prosesdir. Onsuzda Ermənistanda partiya sistemi dağınıq və fəaliyyətləri demək olar zəif idi, məxməri inqilabına qədər də daha da zəif və iflic vəziyyətinə düşdü, elə bu da hakimiyyət dəyişməsinə səbəb olan amillərdən biridir”.

Politoloq hesab edir ki, Ermənistanda parlament seçkilərinə qədər müxalifətin formalaşması real deyil, buna görə də parlamentdə İrəvan Ağsaqqallar Şurasında yaranan mənzərənin eynisinə bənzər bir vəziyyətin yarana biləcəyini ifadə edə bilərik: “Bu baxımdan düşünürəm ki, parlamentdə çoxluğu Paşinyanın tərəfdarları qazanacaq. Təbii ki, 80 faiz olmasa da, 50-60 faizin üstündə bir faizlə ilə qələbə qazanması ehtimalını yüksək dəyərləndirirəm. Qalanlarının elektoratlı müxalifət formalaşdırmağa vaxtı qalmayacaq. Hətta keçmiş iqtidar partiyası – Ermənistan Respublikaçılar Partiyası da çatdırmayacaq. İmicinin təmizlənməsi ilə bağlı rebrendinqə ( tərkib hissələrinin dəyişdirilməsi ilə bağlı aparılan kompleks tədbirlər planıdır.) əl atsa, kimləsə, o cümlədən də ikinci prezident Robert Köçəryanla koalisiyaya girsə belə istənilənə nail ola bilməyəcəklər. Bu minvalla Ermənistan siyasi partiyaların olmadığı bir şəraitdə parlament sistemli ölkəyə çevriləcək. Belə olan təqdirdə işğalçı ölkədə qərarlar xaotik qəbul ediləcək. Siyasi problemlərlə bağlı təsəvvürlər şablon olacaq. Bu isə iqtisadiyyatda, sosial sahədə və siyasətdə problemlərin daha da dərinləşməsinə gətirib çıxaracaq. Bu baxımdan fikrimcə, parlamentli respublika sisteminə keçid edən Ermənistan üçün final state (“baş tutmamış dövlət”) olmaq təhlükəsi olduqca yüksəkdir”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə