Dekabrın 21-də Kəngərli rayonunda Qıvraq-Şahtaxtı yolu yenidənqurmadan sonra istifadəyə verilib.
SİA-nın xəbərinə görə, rəmzi açılışı bildirən lent kəsildikdən sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov yeni yolun istifadəyə verilməsi münasibətilə kənd sakinlərini təbrik edərək deyib: "Naxçıvan-Sədərək magistral yolundan Şahtaxtı Gömrük İdarəsinədək 7 kilometr asfalt örtüklü yol çəkilmiş, işıqlandırma sistemi quraşdırılmış, Qıvraq qəsəbəsindəki hərbi hissədən Naxçıvan-Sədərək magistralına qədər 2 kilometrə yaxın yol yenidən qurulmuş, 1,2 kilometr Şahtaxtı kənddaxili yollarına asfalt salınmışdır. Azərbaycanda yol-nəqliyyat sisteminin təkmilləşdirilməsi istiqamətində görülən işlərin nəticəsi olaraq muxtar respublikamızda da yol infrastrukturunun yenidən qurulması sahəsində tədbirlər həyata keçirilir. Yeni yolların çəkilməsi, körpülərin tikilməsi, yolların yenidən qurulması əhalinin rahatlığının təmin olunmasına xidmət edir. Bu yolun yenidən qurulması infrastruktur sahəsində həyata keçirilən tədbirlərin tərkib hissəsi olmaqla bərabər, insanlara göstərilən dövlət qayğısının bariz nümunəsidir".
Məlumat verilib ki, yolun eni 9 metr, asfalt örtüyünün qalınlığı isə 7 santimetrdir. Avtomobillərin rahat hərəkət edə bilməsi məqsədi ilə müasir tələblərə uyğun yenidən qurulan yolda yağış sularının kənarlaşdırılması üçün bütün texniki tədbirlər görülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB