Sərdar Cəlaloğlu: “AXCP və Müsavatın birləşməsi ideyası tam iflasa uğrayıb” - MÖVQE

Sərdar Cəlaloğlu: “AXCP və Müsavatın birləşməsi ideyası tam iflasa uğrayıb” - MÖVQE

"ADP 28 dekabr tarixində keçiriləcək müxalifətin forumunda iştirak etməyəcək". SİA-ya açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu vurğulayıb ki, rəhbərlik etdiyi partiya forumda qərarların verilməsində deyil, qərarların icrasında iştirak edəcəyini əvvəlcədən bildirib.

 

ADP sədri bildirib ki, müxalifət həqiqi mənada siyasi inkişafa nail olmaq istəyirsə, parlamentdə təmsil olunmadığına görə Xalq Məclisi təşkil etməlidir. Azərbaycan Konstitusiyası ilə 300 min nəfərin imzasını toplamaqla referendum keçirmək, 40 min imzanı toplamaqla qanun təşəbbüsçüsü olmaq hüquqlarının olduğunu deyən ADP sədri qeyd edib ki, sözügedən ideya vacib bir ideyadır. Təklifin səsləndiyi kimi arxivə verildiyini söyləyən S.Cəlaloğlu hesab edir ki, yenidən təşəbbüslər səslənərsə faydalı ola bilər.

 

ADP sədri müxalifət düşərgəsində daha çox diqqətdə saxlanılan AXCP-Müsavat birliyi məsələsinin ümumilikdə müxalifətin gündəmi olmadığını deyib. S.Cəlaloğlu hesab edir ki, müxalifətin gündəmi ölkədə siyasi situasiyanı dəyişmək və inkişafa nail olmaqdır: "Azərbaycan Demokrat Partiyası olaraq da cəmiyyətin inteqrasiyasına və cəmiyyətin siyasi inkişafına nail olmaq istəyirik".

 

AXC və Müsavat partiyalarının birləşmə ehtimalına gəlincə, S.Cəlaloğlu bildirib ki, bu partiyaların birləşməsi ideyası tam iflasa uğrayıb: "Hesab edirəm ki, bu barədə danışmağın yeri yoxdur".

 

Buraxılan "Qarabağ" blokunun əvəzində yaradılacaq yeni siyasi birliyə gəlincə, S.Cəlaloğlu danışıqların davam etdiyini və bu həftə ərzində yekun nəticəyə gəlinəcəyini bildirib. O, siyasi birliklə bağlı Aydınlar Partiyasının mövqeyinin bu gün açıqlanacağını vurğulayıb. Qeyd edək ki, yaradılması üçün danışıqlar aparılan siyasi birlikdə ADP, Aydınlar və Ümid partiyalarının iştirakı nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə