"Təhlükəsiz və firavan yaşamanın bir yolu var" ÖZƏL-RƏY

"Təhlükəsiz və firavan yaşamanın bir yolu var" ÖZƏL-RƏY

“Ermənistanın kriminal hakimiyyəti regionda münaqişələrin və qonşu ölkələrə qarşı düşmənçilik siyasəti aparılmasının səbəbkarıdır. Sovet İttifaqının tərkibindən çıxaraq müstəqillik aktını imzalanmasından bu günə qədər Ermənistanda kriminal-xunta rejimi hakimiyyətdədir”. Bunu SİA-ya açıqlamasında politoloq Vasif Əfəndiyev deyib.

Onun sözlərinə görə, bu rejim müstəqil dövlət görünütsü versə də əslində apardığı siyasət güclü dövlətlərin maraqlarını ifadə etməklə, məhşur bir deyimdə olduğu kimi “forpost” missiyasını yerinə yetirməkdir: “Ermənistan hakimiyyətinin xunta rejimi olmasını sübut etmək üçün yaxın tarixə kiçik bir ekskursiya etmək kifayətdir. 1999-cu ildə Ermənistan parlamentinin güllə-baran edilməsində baş nazir, parlamentin spikeri və başqa bir sıra dövlət vəzifəlilərinin öldürülməsi və bundan yararlanaraq hakimiyyət dəyişikliyinin gerçəkləşməsi tarixdə görünməmiş hadisələrdəndir. 2008–ci ildə isə saxta seçkilərə etiraz edən dinc xalqa divan tutlması və eyni ssenari ilə güllə - baran edilməsi baş verdi. Bu cinayətdən sonra Serj Sarkisyan hakimiyyəti Koçaryandan təhvil aldı. Ermənistanda baş vermiş siyasi dəyişikliyə qədər hakimiyyət “Qarabağ klanı” kimi tanınan tayfabaz bir cinayətkar qrupun əlində cəmləşmişdi. Paşinyanın Sarkisyan hökumətinin üzvlərinə və eks-prezident Robert Koçaryana qarşı cinayət işi açması 2008-ci il hadisələri ilə əlaqədardır.

Paşinyan hakimiyyətə gəldikdən sonra bu klana qarşı genişmiqyaslı dava açmağına baxmayaraq köhnə kriminal hakimiyyət nümayəndələri hələ də yeni situasiya ilə barışmaq istəmirlər. Dekabr ayının ilk ongünlüyündə Ermənistanda parlament seçkiləri keçiriləcək və yeni hakimiyyət formalaşacaq. 30 il ərzində kriminal qüvvələrin idarəçiliyində olan bir dövlətin nəhayət reallığı dərk etməyinin zamanıdır. Təhlükəsiz və firavan yaşamanın bir yolu var, o da işğalçılıq siyasətindən əl çəkmək və qonşu dövlətlərlə mehriban yaşamaqdır. Əks təqdirdə gec və ya tez haqq öz yerini tutacaq. Lakin o zaman nə yalvarış, nə də xarici güclər dada yetməyəcək. Biz itirdiklərimizin hamısını son qarışına qədər geri almaqda israr edəcəyik”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə