"Ermənistan danışıqlar prosesinin məhv edilməsinə çalışır" ÖZƏL-RƏY

"Ermənistan danışıqlar prosesinin məhv edilməsinə çalışır" ÖZƏL-RƏY

“Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində növbəti hərbi təlimlər keçirməsi, Düşənbədə əldə olunmuş razılaşmaya əməl etmədiyini göstərir. Təbii ki, bu, işğalçı ölkənin Azərbaycana qarşı növbəti təxribatıdır”. Bunu SİA-ya açıqlamasında politoloq Ehtiram Aşırlı deyib.

Onun sözlərinə görə, işğalçı ölkədən fərqli olaraq rəsmi Bakı hər zaman üzərinə götürdüyü öhdəlikləri yerinə yetirərək sadiq qaldığını nümayiş etdirib: “Lakin həmişəki kimi bu dəfə də rəsmi İrəvan əldə olunmuş razılığı pozur və bununla kifayətlənməyib cəbhədəki vəziyyəti gərginləşdirmək istiqamətində addımlar atır. Xüsusilə, Paşinyanın işğal olunmuş Azərbaycan torpaqlarına qanunsuz səfəri və qoşunların təmas xəttindəki vəziyyəti gərginlkəşdirməsi seçkiqabağı xalqın dəstəyini əldə etmək üçün hesablanmış addımdır.

Ermənistanən baş nazir vəzifəsini icra edən Paşinyanın qoşunların təmas xəttində erməni əsgərləri ilə selfie çəkdirərək "erməni ordusu" kimi təqdim etməsi, Ermənistan tərəfinin işğalçılıq siyasətinin bariz nümunəsidir. ATƏT-in Minsk qrupunun həmsdərlərinin regiona növbəti səfərindən sonra rəsmi İrəvanın hərbi təlimlərə başlaması onu göstərir ki, Ermənistan tərəfi danışıqlar yolu ilə münaqişənin həllində maraqlı deyil, əksinə danışıqlar prosesinin məhv edilməsinə çalışır. Düşünürəm ki, Azərbaycan tərəfi yaxın zamanlarda işğalçı ölkənin bu kimi hərəkətlərinə genişmiqyaslı təlimlərə başlayaraq daha sərt cavab verəcək.

Hesab edirəm ki, Ermənistanda keçirilməsi planlaşdırılan növbədənkənar parlament seçkilərindən sonra işğalçı ölkənin Qarabağ münaqişəsinin həllində nə qədər maraqlı olması artıq özünü biruzə verəcək. Çünki işğalçı ölkə Azərbaycan torpağı Qarabağda yol infrasturukturunu bərpa edərək müdafiə xəttini möhkəmlədir. Əgər, seçkilərdən sonra baş nazir olaraq fəaliyyətinə davam edərsə Paşinyan bu zaman danışıqlarda daha aktiv yer almalı və münaqişənin həllində maraqlı olmalıdır. Əks halda Azərbaycan Ordusu işğalçı ölkəyə qarşı daha sərt tədbirlər görə bilər”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə