Milli Məclisdə İnformasiya müvəkkilinin səlahiyyətlərinin ombudsmana verilməsi barədə qanuna dəyişikliyi birinci oxunuşda qəbul edilib

Milli Məclisdə İnformasiya müvəkkilinin səlahiyyətlərinin ombudsmana verilməsi barədə qanuna dəyişikliyi birinci oxunuşda qəbul edilib
Milli Məclisdə İnformasiya müvəkkilinin səlahiyyətlərinin ombudsmana verilməsi barədə qanuna dəyişikliyi birinci oxunuşda qəbul edilib. SİA-nın verdiyi xəbərə görə, qanun layihəsi barədə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov məlumat verib. O, bildirib ki, Ombudsmanın informasiya əldə etmək hüququnun pozulmasına dair şikayətlərə baxma qaydaları "Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (ombudsman) haqqında" Konstitusiya qanununa dəyişikliklər və əlavələr edilməsi barədə qanun layihəsində əks olunub.
Müvəkkil informasiya sahibi olan dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya vəzifəli şəxslərin "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikası Qanununun tələblərindən irəli gələn vəzifələri yerinə yetirməsinə nəzarəti həyata keçirir. Ombudsmanın informasiya əldə etmək hüququnun pozulmasına dair şikayətlərə baxmasının xüsusiyyətlərində bildirir ki, müvəkkil informasiya əldə etmək hüququnun pozulmasına dair şikayətdə əks olunmuş halları 10 iş günü ərzində araşdırır. Həmçinin qanuna edilən əlavələrə əsasən, müvəkkilin fəaliyyətinə maneə törədilməsində təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyəti daşıyırlar, -deyə, Ə.Hüseynov vurğulayıb.
Layihə ilə əlaqədar çıxış edən millət vəkili Rəbiyyət Aslanova qanuna edilən dəyişikliklərin müasir dövrün tələblərinə cavab verəcəyini vurğulayıb. Onun sözlərinə görə, zaman keçdikcə müasir dünyada qəbul olunan konvensiyaların Azərbaycanda tətbiqi bu təsisatın işində dəyişikliklərə səbəb olacaq və fəaliyyətinin genişlənməsinə gətirib çıxaracaq. Sonda iclasda bu qanuna dəyişikliklər və əlavələr qəbul olunub. Qanuna əlavə və dəyişikliklərdə informasiya məsələləri üzrə müvəkkillin səlahiyyətlərinin insan hüquqları üzrə müvəkkilə (ombudsmana) verilməsi nəzərdə tutulur.
Qeyd edək ki, Mətbuat Şurası media məsələləri üzrə müvəkkilin səlahiyyətlərinin ombudsmana verilməsinə etiraz edir.

Bütün xəbərlər Facebook səhifəmizdə