Vitse-spiker: “Media məsələləri üzrə müvəkkilin səlahiyyətlərinin ombudsmana verilməsi məqsədəuyğundur”

Vitse-spiker: “Media məsələləri üzrə müvəkkilin səlahiyyətlərinin ombudsmana verilməsi məqsədəuyğundur”
Media məsələləri üzrə müvəkkilin səlahiyyətlərinin ombudsmana verilməsi məqsədəuyğundur. SİA-nın verdiyi xəbərə görə, bu sözləri Milli Məclisin vitse-spikeri Bahar Muradova çıxışı zamanı deyib. Onun sözlərinə görə, əhəmiyyətli olan problemlərin həlli üçün tədbirlərin görülməsidir. O bildirib ki, bu səlahiyyətlərin kim tərəfindən yerinə yetirilməsinin o qədər əhəmiyyəti yoxdur.
"Media ombudsmanının səlahiyyətlərinin insan haqları üzrə müvəkkilə verilməsi onun üçün həddən artıq yüklənmə olmayacaq. Hesab edirəm ki, hər iki ombudsmanın səlahiyyətləri arasında kəskin fərq yoxdur. Bu sahələr arasında sərhəd qoymaq mümkün deyil. Bu səlahiyyətlər bir-biri ilə kəsişir, hətta bəzən bir-birinə keçir. Bu mənada, hüquqların qorunmasının təşkilinin bir mərkəzdən idarə olunması daha məqsədəuyğundur. Burada təkrarlamalar da olmayacaq, birinin sərhədi bitəndə digəri başlayacaq və yaxud biri digərinin davamı olacaq. Bunun bir əldə birləşməsinin normal olduğunu düşünürəm", -deyə Muradova vurğulayıb.
Media ombudsmanının səlahiyyətlərinin ona verilməsi insan haqları üzrə müvəkkilin fəaliyyətində heç bir çətinliyin yaratmayacağını dilə gətirən vitse-spiker söyləyib ki, insan hüquqları üzrə müvəkkilin imkanlarını nəzərə alaraq düşünürəm ki, burada heç bir çətinlik yoxdur. "Aparatda ombudsmanın köməkçiləri ola bilər. Ayrıca bu sahədə praktiki işi həyata keçirən adamlar ola bilər. Lakin ümumi rəhbərlik ombudsman tərəfindən həyata keçirilə bilər. Əsas işin təşkilidir. Əsas odur ki, həmin sahədə iş dayanmasın, bu sahədəki problemlərin həlli üçün müvafiq səlahiyyətlər olsun. Biz bu gün həmin səlahiyyətləri veririk",- deyə o əlavə edib.
Qeyd edək ki, Milli Məclisin İnsan hüquqları və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin dekabrın 8-də keçirilən birgə iclasında informasiya məsələləri üzrə müvəkkillin səlahiyyətlərinin insan hüquqları üzrə müvəkkilə (ombudsmana) verilməsi barədə dəyişikliyi nəzərdə tutan qanun layihəsi müzakirə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə