Mübariz Əhmədoğlu: “ATƏT-in Minsk qrupu fəaliyyəti ilə alternativ vasitəçiliyə yol açıb”
Bu gün "Mubariz Əhmədoğlu ilə Qarabağ saatı" layihəsi çərçivəsində növbəti tədbir keçirilib. SİA-nın məlumatına görə, Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin (SİTM) sədri Mübariz Əhmədoğlu Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 2010-cu ildə yaranmış vəziyyəti təhlil edib.
2010-cu ildə problem ətrafında kifayət qədər ağır diplomatik müharibənin baş verdiyini deyən ekspert bildirib ki, kifayət qədər ciddi addımlar atılıb. Dağlıq Qarabağ münaqişəsinin saat mexanizmi olan bir bombanı xatırlatdığını qeyd edən SİTM rəhbəri bu saatın Ermənistanda olduğunu söyləyib. M.Əhmədoğlu hesab edir ki, müharibə indiki halda ən real variantdır: "Müharibə üçün üç mənbə var. Birincisi, Ermənistan işğalçılıq siyasətini davam etdirir və yeni himayədarlar axtarmaqdadır. İkinci mənbə region ətrafında baş verən hadisələrdir. Misal olaraq, İranın nüvə məsələsini və Şimali Qafqazdakı prosesləri göstərmək olar. Üçüncü mənbə isə Azərbaycanın münaqişənin tənzimlənməsi ilə bağlı imitasiyayalara daha dözmək istəməməsidir. Müharibə ilə bağlı Ermənistanın iki ümidi var. Ermənistan istəyir ki, müharibə olacaqsa, indi olsun. Çünki zaman keçdikcə, Ermənistanın qüvvəsi tükənir. Ermənistanın ikinci ümidi Azərbaycan-Türkiyə və Azərbaycan-İran münasibətləri ilə bağlı "Wikileaks" saytında yayılan məlumatlardır. Ermənistanın buna ümid etməsi tamamilə əsassızdır".
M.Əhmədoğlu hesab edir ki, ATƏT-in Minsk qrupu münaqişənin həlli istiqamətində həm kifayət qədər ciddi, həm də qətiyyətsiz addımlar atıb. Qurum tərəfindən "Xankəndi", "işğal olunmuş torpaqlar" ifadələrinin işlədilməsini müsbət qiymətləndirən SİTM rəhbəri bildirib ki, həmsədrlərin hazırladığı yenilənmiş Madrid Prinsiplərinin Ermənistan tərəfindən qəbul edilməməsi Minsk qrupunun qətiyyətsizliyini göstərir. M.Əhmədoğlu qeyd edib ki, Minsk qrupu fəaliyyəti ilə alternativ vasitəçiliyə yol açıb: "BMT və Avropa Birliyi münaqişənin həll edilməsi üçün kifayət qədər aktivlik nümayiş etdirir. Bunda Azərbaycanın da xüsusi rolu var".
SİTM rəhbəri münaqişənin həllində Minsk qrupunun həmsədr ölkələri və İranın mövqeyinə də toxunub: "Rusiyanın mövqeyi prioritet olaraq qalır və bu digər həmsədr ölkələr tərəfindən də qəbul edilir. Rusiyanın aktivliyi, Rusiya prezidenti və onun ətrafında olanların münaqişə ilə bağlı səsləndirdiyi bəyanatlar Azərbaycanın marağındadır. Bu bəyanatlarda bildirilir ki, Dağlıq Qarabağ danışıqlarda tərəf kimi çıxış edə bilməz, Dağlıq Qarabağ Azərbaycanın de-yure tərkib hissəsidir, Rusiya Dağlıq Qarabağda hərbi əməliyyatlar başlayacağı halda Azərbaycana qarşı vuruşmayacaq. Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın əleyhinə həlli Rusiyaya imkan verəcək ki, həm Azərbaycanı, həm də Ermənistanı əlində saxlasın. Əks halda Rusiya hər iki ölkəni itirəcək. ABŞ 2010-cu ildə passiv və gözləmə mövqeyində olub. Fransa kifayət qədər ermənipərəst mövqeyindən uzaqlaşıb. İran isə qeyri-müəyyən, ziddiyyətli qatı ermənipərəst mövqe sərgiləyir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB