ABŞ-in Ermənistandakı səfiri: “Dağlıq Qarabağ münaqişəsi ətrafında cari vəziyyət çox təhlükəlidir”

ABŞ-in Ermənistandakı səfiri: “Dağlıq Qarabağ münaqişəsi ətrafında cari vəziyyət çox təhlükəlidir”

"Dağlıq Qarabağ münaqişəsi ətrafında cari vəziyyət çox təhlükəlidir. Xüsusilə də təmas xəttində baş verən atəşkəs rejimin pozulmasını nəzərə alsaq, hazırki durum çox ciddidir". SİA-nın verdiyi xəbərə görə, bunu ABŞ-ın Ermənistandakı səfiri Mari Yovanoviç bildirib. Onun sözlərinə görə, bütün bu hadisələrin fonunda ATƏT-in Astana sammitində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı beştərəfli bəyanatın qəbul edilməsi münaqişənin həllinə müsbət təsir göstərəcək.

 

O, qeyd edib ki, bu bəyanatla Azərbaycan və Ermənistan prezidentləri Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq norma və prinsiplər, BMT Xartiyası, Helsinki yekun aktı, həmçinin prezidentlər Medvedyev, Sarkozi və Obamanın 10 iyul 2009-cu il və 26 iyun 2010-cu il tarixli bəyanatları əsasında yekun həllinin axtarışına tərəfdar olduqlarını bildiriblər: "Hesab edirəm ki, bu, münaqişə ətrafında aparılan danışıqların inkişafının göstəricisidir. Ümidvaram ki, 2011-ci ildə daha çox nailiyyətlər əldə olunacaq".

 

"Münaqişə zonasında müharibənin yenidən başlanılması baş verə bilərmi" sualına cavabında səfir bildirib ki: " Bu həyatda hər şey ola bilər. Lakin biz hesab edirik ki, münaqişənin həllinə yol yalnız sülhdən keçir. Yenə də xatırlatmaq istərdim ki, ATƏT-in Astana sammitində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı beştərəfli bəyanatda Azərbaycan və Ermənistan tərəfi münaqişənin sülh yolu ilə həllinə razılıq veriblər. Eyni zamanda ATƏT-in Minsk Qrupunun həmsədr dövlətləridə bu danışıqları dəstəkləyirlər".

Bütün xəbərlər Facebook səhifəmizdə