Spiker: “Avropa Parlamentinin prezidentinə etiraz məktubu göndərəcəm” - MÖVQE
Bu gün Milli Məclisin plenar iclası öz işinə başlayıb. SİA-nın verdiyi xəbərə görə, iclası giriş sözü ilə açan spiker Oqtay Əsədov Avropa Parlamentinin Cənubi Qafqaz ölkələri üzrə məruzəçisi Tomaş Parebanın Ermənistana və oradan da Dağlıq Qarabağa səfərinə münasibət bildirib. Spiker söyləyib ki, problem onun səfərində deyil. Əsas problem Avropa Birliyi tərəfindən Azərbaycanın ərazi bütövlüyü dəstəklənsə də, Avropa Parlamentinin nümayəndəsinin heç kimlə razılaşmamış Dağlıq Qarabağa səfər etməsidir.
Onun sözlərinə görə, Avropa Parlamentinin belə bir hərəkəti münaqişənin həllinə mənfi təsir göstərir. Bununla əlaqədar Avropa Parlamentininin prezidentinə etiraz məktubu göndərəcəyini deyən O.Əsədov vurğulayıb ki, heç kimin Azərbaycan qanunlarını pozmağa ixtiyarı yoxdur.
Məlumat üçün nəzərinizə çatdıraq ki, ötən gün Avropa Parlamentinin nümayəndəsi T.Pareba Dağlıq Qarabağa səfər edib və separatçı rejiminin rəhbərliyi ilə görüşlər keçirib.
Qeyd edək ki, bugünki iclasın gündəliyinə 19 məsələ daxil edilib. İclasda Azərbaycan Respublikası Ali Məhkəməsi Hakiminin təyin edilməsi, Türkdilli Ölkələrin Dövlət Başçılarının 10-cu zirvə Toplantısının Bəyannaməsinin təsdiq edilməsi, Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında Strateji Tərəfdaşlıq Haqqında müqavilənin təsdiq edilməsi, Azərbaycan Respublikası Gürcüstan, Rumıniya prezidentlərinin, Macarıstan baş nazirinin Bakı Bəyannaməsinin təsdiq edilməsi, Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında Dövlət Sərhədi Haqqında müqavilənin təsdiq edilməsi məsələsi müzakirə olunacaq.
İclasda həmçinin bir sıra qanunlara əlavə və dəyişiklik ediləcək. Bura Cinayət Prosessual Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə, İnsan Hüquqları üzrə Müvəkkil haqqında Konstitusiya Qanununa və digər qanunlara ediləcək əlavə və dəyişikliklər daxildir.
Bundan əlavə plenar iclasda Normativ Hüquqlar haqqında qanun layihəsi də ikinci səsverməyə çıxarılacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB