Dağlıq Qarabağda səfərdə olan Avropa Parlamentinin üzvü Azərbaycana gəlmək niyyətindədir
Dağlıq Qarabağa səfər edən Avropa Parlamentinin deputatı, Ermənistan üzrə məruzəçi Tomaş Poreba Azərbaycana da gəlməyi planlaşdırdığını deyib. SİA-nın verdiyi məlumata görə, Avropa Parlamentinin deputatı Dağlıq Qarabağa iki günlük səfəri çərçivəsində qondarma qurumun rəhbəri Bako Saakyanla görüşüb. Dağlıq Qarabağa səfərində məqsədin oranın insanları ilə görüşmək olduğunu deyən Avropa Parlamentinin üzvü bildirib ki, problem Madrid Prinsiplərinə əsaslanaraq ATƏT-in Minsk qrupunun strukturu çərçivəsində həll edilməlidir.
Parlament üzvü qeyd edib ki, Ermənistan və Dağlıq Qarabağ səfərindən sonra Azərbaycan və Gürcüstana səfər etməyi planlaşdırır: "Baxmayaraq ki, mən Ermənistanda məruzəçiyəm, üç ölkə bir-biri ilə sıx bağlıdır".
Erməni jurnalistlərinin "Qarabağa səfərdən sonra siz də Azərbaycanın "qara siyahı"sına daxil edilmisiniz. Bu ölkəyə necə gedəcəksiniz?" sualına o belə cavab verib: "Mənim vəzifəm Dağlıq Qarabağ problemində bütün tərəflərlə görüşməkdir, onların mövqelərini öyrənməkdir". T.Poreba Ermənistanla bağlı hesabatına Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məlumatları da daxil edəcəyini söyləyib.
Ermənistan prezidenti Serj Sarkisyanla görüşən Avropalı Parlamentinin deputatı Dağlıq Qarabağ səfərinin vacib olduğunu vurğulayıb. S.Sarkisyan isə həmməruzəçinin İrəvana və Xankəndinə hesabat hazırlamaq üçün etdiyi səfəri müsbət qarşıladığını deyib: "Bu səfərlər vəziyyətlə yerində tanış olmaq və informasiya baxımından vacib idi. Hesab edirik ki, hər bir yanaşma regiondakı mövcud problemlərin həllinə və islahatlara keçirilməsinə yardım edəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB