“Bizim aktivimizdə isə xanım Akopyanın helikopter uçuşları var” ANALITIK+VIDEO

“Bizim aktivimizdə isə xanım Akopyanın helikopter uçuşları var” ANALITIK+VIDEO

Erməni siyasi analitikləri ölkədə yeni və daha sərt diktatura rejiminin yaranmasından yazırlar

Ermənistanda siyasi gərginlik və böhranın davam etdiyi vaxtda, baş nazir vəzifəsini icra edən Nikol Paşinya qarşı sərt və kəskin tənqidlərin sayı artdıqca, arvadı Anna Akopyan da erməni KİV-lərinin hədəfinə tuş gəlməkdədir. SİA xəbər verir ki, bununla bağlı Ermənistanın armenianreport saytının analitik bölməsində qeyd olunur. Təhlil yazıda Anna Akopyanın cah-cəlallı həyat sürməyə başladığı, eləcə də digər xalqı qıcıqlandıran davranışları barədə məsələlərə toxunulur.

Bildirilir ki, baş nazir vəzifəsini icra edən Paşinyanın arvadı bugünlərdə Artik vilayətinə rəfiqəsinin çiyələk parniklərinə baxmağa gedərkən, avtomobildən deyil, dövlətin hesabında olan helikopterdən istifadə edib.

“Paşinyanın arvadı Anna Akopyanın Artik vilayətinə helikopterlə getməsi səhv və anlaşılmaz bir sərsəmlikdir”

“Hər hansı bir inkişaf etmiş, problemlərini həll etmək gücündə olan, sabit inkişaf yolu tutan bir ölkənin baş nazir arvadının helikopterlə, yaxud, təyyarə ilə ölkədaxili səfərlər etməsi cəmiyyət tərəfindən normal qarşılana bilərdi”, deyə yazılan məqalədə bildirilir ki, bütün bunlara əks olaraq, baş nazir vəzifəsini icra edən Paşinyanın arvadı Anna Akopyanın Artik vilayətinə helikopterlə getməsi səhv və anlaşılmaz bir sərsəmlikdir. SİTAT: “Bəs yeni hakimiyyət nəyi diktə edir? Xalqa yaxınlıq, onun çətinliklərinə və qayğılarına diqqət göstərmək. Lakin nəticədə nə görünür? Diametral şəkildə əks mənzərəni. Özü də, birinci dəfə deyil ki, bu barədə informasiyalar sızır və həmin informasiyalardan bəlli olur ki, kimlərsə hakimiyyətə gəlməyi özünün bütün maliyyə məsələlərini qarşıdakı onilliklər müddətində həll etməyi, bu şansdan bolluca istifadə etməyi düşünür”.

“Artiki bütün prezidentlər və baş nazirlər ziyarət ediblər, lakin onlardan heç biri 105 km məsafəni helikopterlə qət etməyiblər”

Sözügedən yazıda digər bir ilginc fakta da toxunularaq bildirilir ki, Ermənistanın Artik vilayətinin sakinləri ötən 30 ildə ilk dəfə helikopter görüblər: “Artiki bütün prezidentlər və baş nazirlər ziyarət ediblər, lakin onlardan heç biri 105 km məsafəni helikopterlə qət etməyiblər. Belə çıxır ki, yeni hakimiyyət hər kəsə və hər şeyə tüpürərək, cah-cəlallı və komfort həyata olan ehtirasını nümayiş etdirməyə başlayıb. Ən maraqlısı isə detallardadır. Məlum olur ki, Anna Akopyan Artikə öz rəfiqəsinin çiyələk yetişdirilən istixanasına baş çəkmək üçün gedib. Etiraf edim ki, bu cür yekəxanalıqları biz heç Rita Sarisyandan (Serj Sarkusyanın arvadı-R.N.) da görməmişdik”.

“Yeni sürübüşının köhnə sürübaşından fərqi nədədir?”

Erməni müəllif sözügedən təhlilində daha bir nüansa toxunur. Belə ki, o yeni hakimiyyətdə təmsil olunanların bu barədə hər hansı bir tənqidi fikir səsləndirməsinə cürət etmədiyini də bildirib: “Axı yeni hakimiyyətdən kimsə baş verənlərlə bağlı hiddətlənməyə belə, cürət etməz. Hər kəs elə bir görüntü yaradacaq ki, guya heç nə görməyiblər. Yaxşı, bəs onda öz sümürünü (sürübaşını-R.N.) müdafiə edən sürünün daha öncəki hakimiyyətdə olmuş sümürdən və sürüdən nə fərqi oldu ki?! Əlbəttə ki, heç bir fərqi yoxdur. Əksinə, biz indi bütün istiqamətlər üzrə klassik iflasa məruz qalmışıq”.

“Bütün bunlar artan sosial-iqtisadi probelmlər, inamsızlıq fonunda baş verir”

Daha bir ittihama diqqət yetirək. SİTAT: “Diqqət yetirin – bizdə baş nazir yoxdur, amma onun vəzifəsini icra edən və məzuniyyətə çıxan var. Bizdə parlament buraxılıb, üstəlik, Ermənistan KTMT-nin baş katib kreslosundakı adamını da itirdi. Bəli, Yuri Xaçaturov cinayətkardır. Ancaq onun cinayətini məhkəmədə sübuta yetirmək lazımdır. Və bunu belə etmək lazım idi, bizim ölkəmiz “KTMT-dəki diskreditasiyanı” öz ünvanına eşitməzdi. Hara fırladırsan-fırlat, bu edilmədi. Bütün bunlar artan sosial-iqtisadi probelmlər, inamsızlıq fonunda baş verir”.

Beləliklə, erməni saytında dərc olunmuş analitik yazıda əslində, Ermənistan reallığı tam olaraq ortaya çıxarılır və bu ölkənin siyasi, iqtisadi, sosial problemləri, eyni zamanda, hakimiyyətin səriştəsizliyi, habelə cah-cəlala qurşanması barədə fikirlər yer alır. O cümlədən, siyasi diplomatiya sahəsində də uğursuzluqlar qabardılır.

“Con Bolton Yerevanda olarkən, Azərbaycanın lehinə olan mövqedən açıq-aşkar çıxış etdi, Sergey Lavrov Moskvada keçirilən mətbuat konfransında əslində, Nikol Paşinyanın bostanına nəhəng kəsək atdı”

Buna misal olaraq, daha bir fakta diqqət yetirək: “Burada təhtəlşüur analitik olmağa da ehtiyac yoxdur. Sadəcə, son xəbərləri diqqətlə oxumaq kifayət edir. Ya ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton Yerevanda olarkən, Azərbaycanın lehinə olan mövqedən açıq-aşkar çıxış etdi. Ya Rusiya XİN-nin rəhbəri Sergey Lavrov Moskvada keçirilən mətbuat konfransında əslində, Nikol Paşinyanın bostanına nəhəng daş—kəsək atdı”.

Qeyd edək ki, erməni mediası burada Paşinyanın qondarma “DQR”-in Dağlıq Qarabağ üzrə danışıqlara cəlb edilməsi məsələsinə toxunub və bu baxımdan, Lavrovun həmin tələbin yersiz olması ilə bağlı çıxışını antierməni mövqeyi olaraq qiymətləndirib: “...Və Lavrov buna cavab olaraq nə bəyan edir?”, deyə yazan erməni müəllif rusiyalı XİN rəhbərinin bəyanatını yayan “interfax”a istinadən qeyd edir. Daha doğrusu, Lavrov həmin bəyanatında bildirib: “Mövcud ikitərəfli formatın dəyişdirilməsi üçün hər iki tərəfin razılığı tələb olunur. Bizim bildiyimiz qədər belə bir razılaşma yoxdur. Mən də, düzü, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsini yenidən nəzərdən keçirmək üçün ilkin şərtlər irəli sürmək istəməzdim”.

Beləliklə, lavrovun bu bəyanatını da xatırladan erməni saytı daha sonra yazır: “O, (Lavrov-R.N.) bir xatırlatmanı da əhəmiyyətli sayaraq bildirdi ki, 90-cı illərin ortalarında “Artsax” nümayəndələri məhz erməni tərəfinin təklifi ilə prosesdən uzaqlaşdırılmışdı. Bəs kim tərəfindən uzaqlaşdırlmıpşdı? Düzdür, Robert Koçaryan tərəfindən, hansı ki, bizim ölkədə (yəni Ermənistanda-R.N.) onu oğru, cani və hakimiyyət uzurpatoru hesab edirlər. Bu elə bir vaxta baş verir ki, Rusiya Federasiyası bütün gücü ilə Koçaryanı müdafiə edir, Putin isə onu doğum günü münasibəti ilə təbrik məktubu göndərir.

“Bütün məsuliyyət şəxsən Nikol Paşinyanın üzərində qalır”

Erməni saytı uzun illər Ermənistana demək olar ki, bütün istiqamətlərdə əl tutan bir ölkəni və onun rəhbərliyini – Rusiyanı təhqir edir, bununla da əslində, erməni düşüncəsinin nə qədər həyasızlığa məruz qaldığını növbəti ifadələrlə sübuta yetirmiş olur. SİTAT: “Bax, belə bir ənənəvi rus “salamı”. Ermənistanın strateji müttəfiqi adlandırılan bir ölkə reallıqda Azərbaycana hərbi və siyasi dəstək göstərir. Bu isə bütün şkalaları aşan həyasızlıqdır...”

Digər tərəfdən, təhlildə baş verənlərin əsas günahkarı kimi əlbəttə ki, Nikol Paşinyan göstərilir. “Rusiyanın nitqindəki tonallığın dəyişməsində, Bakıya açıq dəstək göstərməsində bütün məsuliyyət şəxsən Nikol Paşinyanın üzərində qalır”, yazan armenianreport həmçinin qeyd edir ki, Ermənistana münasibnətdə ABŞ da Bakının cinahından çıxış edir.

Azərbaycanın mövqeləri nəinki Rusiyada, eləcə də, nə qədər paradoksal olsa da, ABŞ-da və Avropada güclənir. Bəs bizim aktivimizdə nə var? Xanım Akopyanın helikopterlərdə uçuşları”

SİTAT: “Bu arada, ABŞ-da “Cənub qaz dəhlizi” layihəsi müzakirə olunur. Belə ki, Şahdəniz yatağından çıxan qaz Avropaya Türkiyə üzərindən çatdırılacaq. Bu layihə yaxınlarda tətbiqi gözlənilən anti-İran sanksiyalarında istisna hal olaraq qiymətləndirilir. Üstəgəl, daha bir məlumat gəlib ki, Azərbaycan qazının tranzitini nəzərdə tutan Yunanıstan-Bolqarıstan (IGB) hökumətlərarası interkonnektor razılaşması layihəyə əsasən, 2019-cu ilin ilk yarısında qəbul olunacaq. Bütün bunlar nədən xəbər verir? Azərbaycanın mövqeləri nəinki Rusiyada, eləcə də, nə qədər paradoksal olsa da, ABŞ-da və Avropada güclənir. Bəs bizim aktivimizdə nə var? Xanım Akopyanın helikopterlərdə uçuşları”.

Beləliklə, fakt budur ki, Ermənistanda “məxməri inqilab” edərək, guya ölkəyə “demokratik nəfəs” gətirdiyini iddia edən Paşinyan hakimiyyəti ciddi iflas ərəfəsindədir. Daha dəqiq desək, 9 dekabr tarixinə təyin olunmuş növbədənkənar parlament seçkiləri Ermənistanda yeni və daha sərt diktatura rejiminin əsasını qoymuş olacaq. Əslində, bu diktaturanın cücərtiləri çıxmağa başlayıb. Ümumiyyətlə, bütün faktların məhz bu siyasi təhlildə işıqlandırılması göz önündədir. Özü də bu faktlar məhz erməni analitikinin dilindən çıxır...

Bu arada, Anna Akopyanın helikopterlə uçuş marağı sosial şəbəkədə araşdırılıb. “Youtube” şəbəkəsinin təqdim etdiyi videomateriala aşağıdakı linldən baxa bilərsiniz.

https://www.youtube.com/watch?v=H2ZR9vFjxWA

Rövşən NURƏDDİNOĞLU

P.S. Yeri gəlmişkən, bugünlərdə Ermənistanın prezidenti Aram Sarkisyanın şəxsi təyyarəsi əlindən alınıb. Bu qərar belə “əsaslandırılıb” ki, belə bir addımın atılması guya dövlət büdcəsinə dəyən ziyanın aradan qaldırmağa hesablanıb. Lakin maraqlısı da budur ki, rəsmi dövlət adamının təyyarəsi əlindən alınır, lakin baş nazir vəzifəsini icra edən şəxsin arvadı adi 105 km məsafəni belə, helikopterlə qət edir...

Bütün xəbərlər Facebook səhifəmizdə