“Münaqişəsinin həlli istiqamətində hansısa dəyişiklik haqqında danışa bilmərik” AÇIQLAMA
"ATƏT-in Minsk Qrupunun həmsədrlərinin regiona səfəri müəyyən ümidlər doğura bilər". Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.
Onun sözlərinə görə, amma ümumilikdə münaqişəsinin həlli istiqamətində hansısa dəyişiklik haqqında danışa bilmərik: "Birincisi ona görə ki, hazırda Ermənistanda hakimiyyət davası gedir, onların ümumiyyətlə, danışıqlar prosesini davam etdirməsi sual altındadır. Azərbaycana səfərlərini başa vurduqdan sonra bəyanat verəcəklər, tərəfləri dinc yolla münaqişəni həll etməyə çağırmaqda davam edəcəklər və çıxıb gedəcəklər. Yəni buna görə də nəyi isə həll olunacağı haqqında danışmaq olmaz. Digər tərəfdən də ümumiyyətlə, bunlar artıq 20 ildən çoxdur ki, regiona gəlib gedirlər və Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində heç bir nailiyyətləri yoxdur. ATƏT-in Minsk Qrupunun həmsədrləri sadəcə olaraq turist kimi gəlib gedirlər. Xatırlayırsınızsa, Rusiya, Fransa, ABŞ-da dəfələrlə bu həmsədrlərin dəyişiblər və yeni şəxslər gəlib. Onlarda vəzifə başına gələn kimi, regiona tanışlıq səfəri ediblər. Bu tanışlıq səfəri də bir müddət vaxt alıb. Ondan sonra qayıdıblar. Birlikdə görüşüblər, prezidentlər, xarici işlər nazirləri ilə görüşüblər. Yəni yenə də münaqişə həll edilmədən qalıb. Ona görə də, mən çıxış yolunu bunların xidmətindən imtina etməkdə görürəm. Boş yerə onlara pul xərclənməməlidir. Ümumiyyətlə, ATƏT kimi bir təşkilat nəyə görə heç bir nəticə əldə edə bilməyən şəxsləri maliyyələşdirməlidir və yaxud da ki, niyə həmsədr dövlətləri sadəcə olaraq dünyaya görüntü yaratmalıdırlar ki, bəli biz münaqişənin dinc yolla həlli üçün çalışırıq. Çıxış yolu nədədir? Çıxış yolu ondadır ki, Azərbaycanla Ermənistan masa arxasına vasitəçilərsiz otursun və konkret istiqamətdə müzakirələr aparsın. Yəni Azərbaycan Ermənistana konkret olaraq öz istəklərini göstərməlidir, Ermənistanda konkret fikirlərini bildirməlidir. Belə olacağı təqdirdə münaqişə həllini tapacaq. Azərbaycanın gücü var və biz silah gücü ilə o torpaqları azad etmək variantını işə salmaqla dünyaya göstərməliyik ki, Ermənistanla dinc yolla münaqişənin həlli istiqamətində nəticəyə nail ola bilmirik, ona görə də, Azərbaycan xalqının səbri tükənib və biz öz torpaqlarımıza qayıtmaq məcburiyyətindəyik. Bunu da öz gücümüzə edəcəyik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB