Elçin Mirzəbəyli: “Uydurma erməni soyqırımı ABŞ Administrasiyasının və Konqresin qarşılıqlı razılaşdıraraq ortaya atdığı məsələdir” - AÇIQLAMA

Elçin Mirzəbəyli: “Uydurma erməni soyqırımı ABŞ Administrasiyasının və Konqresin qarşılıqlı razılaşdıraraq ortaya atdığı məsələdir” - AÇIQLAMA

Xəbər verildiyi ki, uydurma erməni soyqırımının ABŞ Konqresinin Nümayəndələr Palatasında müzakirəyə çıxarılması təxirə salınıb. Məsələ bundadır ki, Nümayəndələr Palatasınının sədri Nensi Pelosi Konqresə keçirilən son seçkilərdən sonra respublikaçıların qələbə qazanması ilə postunu təhvil verməli olacaq. "Erməni soyqırımı"nın qəbulunun tərəfdarı olan N.Pelosi postundan getməyə günlər qalmış erməniləri sevindirmək istəyir. Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlunun ABŞ dövlət katibi Hillari Klintonla telefon söhbətində isə ABŞ-ın bu qətnamənin müzakirəsində maraqlı olmadığı görünür. Maraqlıdır ki, mart ayında "erməni soyqırımı"nın Nümayəndələr Palatasının xarici əlaqələr komitəsində qəbulu zamanı da ABŞ administrasiyası özünü elə göstərmişdi ki, guya "erməni soyqırımı"nın komitədə qəbulunun əleyhinə olub.

 

Politoloq Elçin Mirzəbəyli isə hesab edir ki, mütəmadi olaraq ABŞ administrasiyası Nümayəndələr Palatası ilə razılaşdırılmış oyun həyata keçirir. SİA-ya açıqlamasında ABŞ-ın əsas məqsədinin Türkiyəyə təzyiq və erməni məsələsində ermənilərin mövqelərinin möhkəmləndirilməsi olduğunu deyən E.Mirzəbəylinin fikrincə, burada ABŞ-ın daxili siyasətinə xidmət edən məqamlar da var: "Bu, ABŞ administrasiyasının və Konqresin birgə razılaşdıraraq ortaya atdığı məsələdir. İndiki halda bu başlıca olaraq iki məqsədə xidmət edir. Birincisi təbii ki, Türkiyəyə edilən təzyiqlərdir. İkincisi isə Azərbaycana qarşı təzyiqlərdir. Istəyirlər ki, Ermənistanın mövqelərini beynəlxalq ictimai rəydə möhkəmləndirsinlər. Hesab edirəm ki, qondarma erməni soyqırımının qəbulu istiqamətində hər hansı bir qərar gözlənilmir. Məlum olduğu kimi bu məsələ təxirə salınıb. Ancaq növbəti illərdə də bu məsələnin yenidən ortaya atılması mümkündür. Burada ermənilərə müəyyən qədər ümid vermək faktoru var".

 

Məlum olduğu kimi, "erməni soyqırımı"nın qəbulu ilə bağlı bir sıra ölkələr bu il xüsusi canfəşanlıq nümayiş etdirdilər. Ekspertlər isə bunu, qalmaqallı Davos zirvəsindən sonra pisləşən Türkiyə-İsrail əlaqələri ilə əlaqələndirirlər. Bir müddət əvvəl isə iki ölkə nümayəndə heyətinin İsveçrənin Cenevrə şəhərindəki gizli görüşü keçirilib. Yayılan xəbərdə deyilir ki, tərəflər "Mavi Mərmərə" basqınına görə İsrailin üzrxaqlıq sənədini hazırlayırlar. Sonradan rəsmi Təl-Əviv açıq şəkildə bildirdi ki, İsrailin Türkiyədən üzr istəmək niyyəti yoxdur.

 

"Erməni soyqırımı"nın yenidən gündəmə gəlməsinin nəticəsiz başa çatan İsrail-Türkiyə danışıqları ilə əlaqəsinə gəlincə, E.Mirzəbəyli qeyd edib ki, "erməni soyqırımı"nın tamamilə İsraillə bağlı olmasını güman etmir: "İsrail ABŞ-ın Yaxın Şərqdəki ən yaxın müttəfiqidir və ABŞ-ın bölgədəki siyasətinin aparılmasında mühüm rol oynayır. Amma güman etmirəm ki, qondarma soyqırım tamamilə İsraillə bağlıdır. Burada İsrail faktoru müəyyən qədər rol oynaya bilər. Qeyd edim ki, ABŞ-dakı erməni lobbisinin əksəriyyəti Türkiyə-İsrail münasibətlərinin qorunub saxlanmasında maraqlıdır. Mən də Türkiyə-İsrail münasibətlərinin normallaşmasını gözləyirəm. Bu istiqamətdə müəyyən addımlar da atılır".

Bütün xəbərlər Facebook səhifəmizdə